İslam və xrisianlıq

Xristianlarin üçləmə səhvləri

image

Allah bəşər tarixi boyunca insanlara düzgün yol göstərmək və yanlış həyat tərzlərini onlara bildirmək üçün peyğəmbərlər göndərmişdir. Hər peyğəmbər göndərildiyi cəmiyyəti hidayət yoluna dəvət etmiş, Rəbbimizdən aldığı vəhyi öz camaatına, xalqına çatdırmışdır. Hər dinin hökmlərində, ibadətlərində və onların tətbiq olunma formalarında bəzi fərqlər olsa da bütün peyğəmbərlərin həyata keçirdiyi təbliğin əsası eyni tövhid inancıdır. Tövhid "Allaha bir və tək tanrı olaraq iman gətirmək" deməkdir. Tövhid etiqadına inanan bir adam yeganə güc və qüdrət sahibinin aləmlərin Rəbbi olan Allah olduğunu bilir, bütün insanların Allaha möhtac olan aciz bəndələr olduğunu və bütün varlıqların Allaha boyun əydiklərini dərk edir. Başqa sözlə, İslam dinindən başqa iki böyük haqq din olan yəhudilik və xristianlıq özlərinin təhrif olunmamış halları ilə heç bir varlığı Allaha şərik qoşmamaq əsası üzərində qurulmuşdur.

Allahın varlığına və birliyinə inanan hər üç səmavi dinin mənsubları da əslində Rəbbimizin Hz.İbrahimə göndərdiyi haqq dinə tabe olurlar. Qur’anda Hz.İbrahimin dininin "hənif" din olduğu bildirilmiş və Peyğəmbərimizə (s.ə.v.) bu dinə tabe olması əmr edilmişdir:
"Sonra sənə: "Hənif (muvahhid) olaraq müşriklərdən olmayan İbrahimin dininə tabe ol!" - deyə vəhy etdik" ("Nəhl" surəsi, 123).
"Hənif" kəlməsi "yalnız Allaha inanıb yalnız Ona qulluq edən adam" mənasına gəlir. Hz.İbrahimin hənif kimi qeyd edilən xüsusiyyəti onun yalnız Allaha bir və tək tanrı olaraq iman gətirməsi və Ona təslim olmasıdır. O, bütpərəst olan tayfasının batil etiqadlarından uzaqlaşmış, yalnız Allaha üz tutmuş hənif bir bəndə idi. Qövmünə də bütpərəst inanclarından əl çəkmələri, bütlərə ibadət etməkdən uzaqlaşmaları ilə bağlı xəbərdarlıq etmişdi (ətraflı məlumat üçün Harun Yəhyanın "Hz.İbrahim və Hz.Lut" adlı kitabına müraciət edə bilərsiniz).

Allahın Hz.İbrahimə vəhy etdiyi haqq din onun nəslindən gələn saleh möminlər tərəfindən qüvvədə saxlanılmışdır:

"Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır. Rəbbi İbrahimə: "Təslim ol!" - dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum!" - deyə cavab vermişdi. İbrahim və Yəqub bunu öz oğlanlarına vəsiyyət edib dedi: "Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün din seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!" Yoxsa Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: "Məndən sonra nəyə ibadət edəcəksiniz?" - deyə oğlanlarından soruşduğu zaman, onlar: "Sənin Allahına və ataların - İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olacağıq (Ona ibadət edəcəyik)" -dedilər" ("Bəqərə" surəsi, 130-133)

Buradan da aydın olduğu kimi, Hz.İbrahimin hənif dini yəhudilər, xristianlar və müsəlmanlar arasında müştərək bir dindir. Yəhudilər Hz.İbrahimi bütün yəhudilərin peyğəmbəri kimi qəbul edir və Hz.İbrahimin yolunu davam etdirdiklərini söyləyirlər. Xristianlar da Hz.İbrahimin yəhudilərin olduğu kimi özlərinin də peyğəmbəri olduğunu qəbul edirlər. Hz.İbrahimə iman gətirmək, ona sevgi bəsləmək və hörmət etmək yəhudilər və xristianlar kimi müsəlmanlar üçün də əhəmiyyətlidir. Rəbbimiz "Nisa" surəsində belə buyurur:

"Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən, hənif olan İbrahimin dininə tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi dost tutmuşdur!" ("Nisa" surəsi, 125)

Rəbbimizin Qur’anda əmr etdiyi kimi, müsəlmanlar bütün peyğəmbərlərə "göndərilənlərə heç birini digərindən ayırmadan" iman gətirərlər:

"Belə deyin: "Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən peyğəmbərlərə verilən şeylərə inanmışıq. Onların heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha olanlarıq!"" ("Bəqərə" surəsi, 136)

Ancaq unutmaq olmaz ki, Allaha olan coşğulu imanı, dərin sevgisi, Rəbbimizin bütün əmrlərinə könüldən boyun əyməsi, itaəti və üstün əxlaqı ilə bütün möminlərə nümunə olan Hz.İbrahimə ən yaxın olanlar əlbəttə ki, onun əxlaqını yaşayanlar və tövhid yolunu davam etdirənlərdir. Rəbbimiz Qur’anda belə buyurur:

"Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!" ("Ali-İmran" surəsi, 68)

Dolayısı ilə Allaha könüldən iman gətirən xristian və yəhudilərin də Hz.İbrahim və ona tabe olan möminlər kimi yalnız Allaha üz tutmaları, Hz.İbrahimin göstərdiyi gözəl əxlaqı, səmimiyyəti və dərin imanı nümunə götürmələri lazım gəlir. Onlar da Hz.İbrahimin hənif dininə tabe olan muvahhidlər kimi Allahın birliyinə iman gətirən və Ona heç bir şeyi şərik qoşmayan səmimi bəndələr olmalıdırlar. Amma xristianlıq hal-hazırda üçləmə inancı ucbatından bu tərifdən uzaqlaşmışdır. Xristianlıq Hz.İsanın Allahın dərgahına yüksəldilməsindən sonra ortaya atılan üçləmə inancı səbəbi ilə səhv yola girib və tövhid inancı dəyişdirilərək fərqli bir inam meydana gətirilib.

Üçləmə yanlışlığı xristianlar üçün nə deməkdir?

Xristianlıq Fələstində yaşayan yəhudilərin arasında ortaya çıxdı. Hz.İsanın ətrafındakı adamların və ona inanan insanların böyük əksəriyyəti yəhudi idi. Onlar Hz.Musanın şəriətinə görə yaşayırdılar. Yəhudiliyin əsas xüsusiyyəti isə bir və tək olan Allaha iman gətirmək idi.

Amma sonrakı fəsillərdən daha müfəssəl görəcəyimiz kimi, xristianlıq Hz.İsanın Allah dərgahına yüksəldilməsindən və yəhudilərin dünyasından çıxıb bütpərəst dünyaya tərəf yayılmasından sonra dəyişməyə başladı. Hz.Musanın şəriətinin əsası olan tövhid etiqadı böyük bir dəyişikliyə məruz qaldı. Hz.İsa üçləmə etiqadı ucbatından bir tanrı kimi qəbul edilməyə başlandı.

Qeyd: Bu fəsildə üçləmə inancını tərif etmək məqsədilə istifadə edəcəyimiz bütün batil ifadələrdən Allaha sığınırıq.
Üçləmə inancı bundan sonra ortaya çıxdı. Bu anlayışdan "Ata, Oğul və Müqəddəs Ruh"dan törəmiş üçlü tanrı inancı mənasında istifadə edilir. Üçləmə ənənəvi xristianlığın əsas imani şərtlərindən biridir. Sonsuz güc və qüdrət sahibi olan Rəbbimizə bir və tək olaraq iman gətirməyi əsas götürən tövhid inancı ilə kəskin ziddiyyət təşkil edən bu yanlış etiqadı aşağıdakı şəkillərdə tərif etmək mümkündür:

    • Təslis etiqadına görə, Allah "üçlü birlik" anlayışı ilə Özünü üç formada göstərmişdir və "Ata, Oğul və Müqəddəs Ruh" eyni şeydir. Bu inanc bu cümlələrlə xülasə edilir: "Ata, Oğul, Müqəddəs Ruh elə tək olan tanrının Özüdür", "Tanrı "Ata, Oğul, və Müqəddəs Ruh" şəklindədir"... Ağıla və məntiqə zidd olan bu səhv etiqada görə, üçləmədəki üç şəxsin hər biri Allahdır, dolayısı ilə onların hər biri eyni gücə və səlahiyyətə malikdir (bu fikirdən Allaha sığınırıq).
    • Hz.İsanın sözdə "Allahın oğlu" olduğuna inanırlar. Bu yanlış inanca görə, Hz.İsa Allahla eyni xüsusiyyətə malikdir. Bu etiqadı "homoousnius" adlandırır və onu "Ata ilə Oğul eyni əsasdan, cövhərdən ibarətdir" şəklində xülasə edirlər.
    • Hz.İsanın yaradılmadığına, "Allahın oğlu" kimi sonsuzluqdan gəldiyinə inanırlar. Bu yanlış inama görə, Hz.İsa insanların xilası üçün göydən yerə enmiş, ətə-qana dolub, yəni bədən (cism) şəklinə düşüb insan olmuşdur. Bu inanca da inkarnasiya deyilir.

Üçləmə inancı sonsuz güc və qüdrət sahibi olan Rəbbimizə batil bir anlayışla baxan, Allahın insanlara peyğəmbər kimi göndərdiyi Hz.İsaya tanrılıq statusu verən yanlış bir inancdır. Amma üçləmə özündə bir çox ziddiyyətləri daşımasına və tövhidə tamamilə zidd olmasına baxmayaraq xristianlıqda çox böyük və əhəmiyyətli bir yer tutur. Üçləməyə, yəni Hz.İsanın Allahın oğlu olduğuna inanmayan bir adam üçləmə tərəfdarları tərəfindən həqiqi xristian kimi qəbul edilmir.

Burada qəribə və diqqətçəkici bir məsələ də tarix boyunca üçləməyə qarşı çıxıb Hz.İsanın Allahın yalnız bir peyğəmbəri olan bir bəşər olması fikrini müdafiə edən müxtəlif şəxs və icmaların şiddətli təzyiq və basqılara məruz qalmalarıdır. Bu adamların İncildən və Hz.İsanın həyatından gətirdikləri dəlillər həmişə qulaqardına vurulmuş və bu məsələ haqqında danışmaq qadağan edilmişdi. Sonrakı fəsillərdə daha ətraflı şəkildə araşdıracağımız həmin tövhid etiqadında olanlar Hz.İsanın "Allahın oğlu" olduğunu söyləyənlərə şiddətlə qarşı çıxmış, bunun açıq-aşkar "Allaha şirk qoşmaq" olduğunu söyləmişlər. Buna görə də həmin adamlar əsrlər boyunca "kafir", "azğın", hətta "din düşməni" kimi tanıdılmış, onlara dəstək verənlər də eyni aqibət və təzyiqlərlə üzləşmişlər. Onların bəziləri yaşadıqları yerlərdən sürgün edilmiş, bəziləri də inkvizisiya məhkəmələri tərəfindən yandırılaraq öldürülmüş və ya edam edilmişlər. Bu cür şiddətli təzyiqlər üçləmə əleyhdarlarının sayının artmasının və onların öz fikirlərini yaymasının qarşısını ala bilməmişdir. Ancaq üçləmə tərəfdarları həmişə əksəriyyət təşkil etmişlər.

Məsələni bitərəf mövqedən araşdıranlar da həqiqi xristianlığın tarix boyunca təzyiqlərə məruz qalan muvahhid (tövhidə inanan) xristianlıq olduğunu müəyyən və təsbit edirlər. Xüsusilə də XVIII əsrdə başlayan bitərəf Müqəddəs Kitab araşdırmalarının əksəriyyətində üçləmə, kəffarə və buna oxşar etiqadların xristianlığın müqəddəs kitablarında mövcud olmaması nəticəsi əldə edilib.
Bu tarixi dəlillərin də təsiri ucbatındandır ki, hazırda bəzi xristian məzhəbləri üçləməni rədd edirlər. Məsələn, dünyanın hər bir tərəfində kilsələri olan Uniteryen kilsəsi üçləmə inancını qəbul etməyən çox böyük xristian icmasıdır. Bu cür icmalar, -onların öz aralarında müxtəlif fikir ayrılıqları olsa da- Hz.İsanın "Allahın oğlu" olduğunu qəbul etmir, həqiqi xristianlığın bir və tək olaraq Allaha iman gətirməyi əmr etdiyini söyləyirlər. Onların əksəriyyəti Hz.İsanın bütün insanların günahlarına kəffarə kimi çarmıxa çəkildiyinə dair iddianın yanlışlığını vurğulayır. Hal-hazırda üçləmə əleyhdarı olan xristianlara fərqli adlar altında və fərqli kilsələr şəklində rast gəlmək mümkündür. Xüsusilə də Amerikada üçləmə əleyhdarları gündən-günə daha da güclənir və xristian dünyasında həqiqətləri aydın şəkildə dilə gətirənlərin sayı daha da çoxalır. Bunların arasında "The Worldwide Church of God" diqqəti xüsusilə cəlb edir. Bu kilsənin qurucusu Herbert U.Armstronq üçləmə inancının bütpərəst mədəniyyətlərin təsiri ilə ortaya çıxan batil bir etiqad olması fikrini müdafiə edir.

Digər tərəfdən, bəzi xristian kilsələri arasında üçləmə əleyhinə bir sıra fikirlərin ortaya çıxması, ancaq onların səsinin batırılması faktı da bir həqiqətdir. Məsələn, Şimali Amerikada XIX əsrdə ortaya çıxan və Hz.İsanın qayıdışının çox yaxın olduğuna diqqət çəkən "Seventh Day Adventist" ("Yeddinci günün adventistləri") hərəkatının qurucuları "ariusçu" əsasda fəaliyyət göstərib və üçləməni rədd ediblər (Sonrakı səhifələrdə də qeyd edəcəyimiz kimi, Arius üçləmə inancını və Hz.İsanın adına çıxılmış tanrılıq iddiasını rədd edən, III əsrdə yaşamış əhəmiyyətli bir xristian din adamıdır). Ancaq başqa xristian kilsələrinin "Seventh Day Adventist" məzhəbini "xristianlıqdan kənara çıxmaqda" günahlandırması "ariusçu inancın" tərk edilməsinə və bunun yerinə üçləmə etiqadının qəbul edilməsinə səbəb olub. Bu inanc haqqında bəhs edilən kilsənin mənsubları tərəfindən də qəbul edilir.

Bu məsələdə ən çox diqqət yetirilməli olan məqamlardan biri üçləmə inancına Müqəddəs Kitabın heç bir yerində rast gəlinməməsidir. Bu inanc nə yəhudilərin müqəddəs kitabları olan Əhdi-Ətiqdə, nə də xristianların müqəddəs kitabları olan İncildə mövcud deyil. Üçləmə inancı İncildəki bəzi ifadələrin yanlış şərhinə əsaslanır. Bu ifadə ilk dəfə II əsrin axırlarında Antakyalı Teofilus (Theophilus) tərəfindən istifadə edilib. Bu inancın qəbul edilməsi isə daha sonralar baş verib. Buna görə də Müqəddəs Kitabın tədqiqatçıları və üçləməyə qarşı çıxanlar xüsusilə "Əgər bu inanc həqiqətən də düz olsaydı, Hz.İsanın bu məsələni bütün təfərrüatı ilə insanlara çatdırması lazım gəlməzdimi? Üçləmə inancının Müqəddəs Kitabda aydın şəkildə, açıq ifadələrlə yer alması lazım gəlməzdimi?" sualları üzərində dayanırlar. Onların bu suallara cavabları isə aydındır: İncildə bütün açıqlığı ilə mövcud olmayan, dolayısı ilə ilk xristianlar üçün naməlum olan bir inanc xristianlığın əsası ola bilməz. Bu, Hz.İsadan sonra yunan mədəniyyətinin təsiri ilə ortaya çıxan bir səhvdir.

GERİ

image