İslam və xrisianlıq

Saddukilər

image

Dini qrupları tədqiq edəndə onların sosial status baxımından ən dəyərlisinin saddukilər olduğunu görürük. Bunlar adları Hz.İsa ilə eyniləşdirilməyən yeganə məzhəbdir. Çünki həqiqətən də saddukilər Hz.İsanın gətirdiyi bütün xəbərlərə zidd olan bir dünyagörüşünə malik idilər. Əldəki mənbələrdə müfəssəl şəkildə qeyd olunmamasına baxmayaraq Hz.İsanın bu yanlış cərəyana qarşı mübarizə aparması da ehtimal olunan bir hadisədir. "Matta İncili"ndə Hz.İsa möminləri saddukilərin fikirlərindən xəbərdar etmişdi:

"İsa onlara dedi: "Diqqətli olun! Fərisey və saddukilərin mayasından özünüzü qoruyun" ("Matta", 16/6). Roma üsul-idarəsi ilə sıx qarşılıqlı əlaqədə olan və böyük rahiblərin nəslindən olduqlarını iddia edən bu qrup Qüds məbədindəki nizam-intizama görə məsuliyyət daşıyırdı. Bu məbəddəki qurban sistemini bütün təfsilatı ilə tətbiq edən onlar idi (Qüdsdəki Məbəddə icra edilən qurban sistemi Tövratın «Sayılar» və xüsusilə «Levililər» kitablarında ətraflı şəkildə qeyd edilir. Buna görə, Məbəddə qurban kəsilən heyvanların daxili orqanlarının ayrılması və müəyyən qaydalara görə odda yandırılması vacib idi. Allah Quranda yəhudilərin «Allah bizə əmr etmişdir ki, onun yandıracağı bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!» («Ali-İmran» surəsi, 183), - dediklərini bildirərək bu sistemə nə dərəcə əhəmiyyət verdiklərini bildirir.  «Bəqərə» surəsinin 67-71-ci ayələrində isə yəhudilərin onlara qurban əmri veriləndə bu məsələdə davamlı olaraq təfərruat axtardıqları və Allahın da onlara bu incəlikləri bildirdiyi xəbər verilir).
Onlar çox mühüm iş kimi qəbul edilən məbəd fəaliyyətini davam etdirdikləri üçün də başqa heç bir işlə maraqlanmır və özlərini yüksək bir sinif kimi görürdülər. Yerinə yetirdikləri bu iş sayəsində böyük bir qazanc, siyasi üstünlüklər və etibar əldə etmişdilər.
Sayı təxminən 7-8 min olan bu rahiblərin vəzifələri atadan oğula keçirdi. Saddukilər bir tərəfdən, hakimiyyətlərinə zəmanət verən ənənəni davam etdirmək istəyir, digər tərəfdən də Ellin mədəniyyətini qəbul edir və bunu təbliğ etməyə çalışırdılar.

Başqa bir tərəfdən də onların "materialist" sayıla bilən özünəməxsus bir inancı var idi. Ölümlə birlikdə ruhun da öldüyünə, yəni ölümdən sonra həyatın mövcud olmadığına inanırdılar. Mələklərin, cənnət və cəhənnəmin, alın yazısının varlığını da qəbul etmir, dünyadakı işlərin dini inanclardan tamamilə ayrı olduğuna inanırdılar. Bunun da səbəbi onların Roma mədəniyyətinin təsiri altına düşmələri idi. Bu yanlış düşüncələri sayəsində də dünya həyatı və iqtidar həvəsi onlar üçün mümkün hala gəlirdi. Saddukilər uzun müddət iqtidarda qalmış, bu müddət ərzində fəriseylərlə və başqa dini cərəyanlarla toqquşmuşdular. Ən sonda miladi tarixlə 70-ci ildə yəhudi dövlətinin süquta uğraması ilə aradan qalxmışdı.

GERİ
image