İslam və xrisianlıq

Üçləmə inancı Quran tərəfindən rədd edilir

image

İncil bütövlükdə araşdırılanda Allahın sonsuz güc və qüdrətinin orada tez-tez qeyd edildiyini, Hz.İsanın bəşəri xüsusiyyətlərə malik olan mübarək bir elçi kimi tərif edildiyini görmək olar. Üçləmə etiqadını dəstəklədiyi iddia edilən bir neçə ifadənin isə İncilin bütün mətni ilə çox aydın şəkildə ziddiyyət təşkil etdiyi aydın olur. Kitabın sonrakı fəsillərində müfəssəl şəkildə araşdıracağımız bütün bu dəlillər üçləmə etiqadının Hz.İsanın Allah dərgahına yüksəldilməsindən çox-çox sonralar ortaya çıxdığını bütün aydınlığı ilə göstərir. Ancaq həmin fəsillərə keçməzdən əvvəl üçləmə etiqadının insanlara xristianlıq və Hz.İsa haqqında ən doğru məlumatları verə biləcək yeganə mənbə olan Qur’anda necə izah edilməsinin üzərində dayanmaq lazım gəlir.


Qur’anda İncilin Tövratı təsdiqləyən kitab kimi göndərildiyi xəbər verilir:


"Onların ardınca Məryəm Oğlu İsanı özündən qabaqkı Tövratı təsdiq edən kimi göndərdik. Ona içində haqq yol və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik" ("Maidə" surəsi, 46).

Hz.İsa təhrif edilmiş Tövratın inanclarını ona vəhy edilən İncilin hökmləri ilə düzəldib. Allahın Peyğəmbərimiz Hz.Muhəmmədə (s.ə.v.) vəhy etdiyi Qur’anda isə həm İncil, həm də Tövrat təsdiq edilir, ancaq bu iki səmavi kitabın sonralar təhriflərə məruz qalan tərəfləri də insanlara xəbər verilir. Ayədə Qur’anın "təsdiq edən və onu qoruyan" olduğu bildirilir:

"Biz sənə də (ey Muhəmməd) haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitabları) təsdiq edən və onu qoruyan kimi kitabı (Qur’anı) endirdik. Sən onların arasında Allahın nazil etdiyi ilə hökm et. Sənə gələn haqdan ayrılıb onların nəfslərinin istədiyinə uyma! Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin bu Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın axır dönüşü Allahadır. Aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir!" ("Maidə" surəsi, 48)

Qur’anın yuxarıdakı ayədə bildirilən xüsusiyyəti çox əhəmiyyətlidir. Qur’an ayələri İncilin və Tövratın Allahdan göndərilən ilk vəziyyətlərini təsdiq etdiyi kimi həm də onlara şahiddir, onları qoruyandır. Hz.Musaya və Hz.İsaya vəhy edildikləri ilk vəziyyətlərindən uzaqlaşan bu səmavi kitablardakı təhrifləri göstərmək, yəhudiləri və xristianları haqq yola dəvət etmək də bu xüsusiyyətin bir təzahürüdür. Bu mərhələdə xristianlığın yeri çox fərqlidir. Çünki Rəbbimiz Qur’anda müsəlmanlara ən yaxın olanların "biz xaçpərəstlərik (xristianlarıq)" deyənlər olduğunu bildirir:

"Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni, "Biz xaçpərəstik", - deyənləri isə onların ən yaxın dostu görəcəksən. Bu onların içində keşiş və rahiblərin olması və onların özlərini yuxarı tutmalarına görədir" ("Maidə" surəsi, 82)

İslam tarixi boyunca bu ayənin təzahürləri görünüb. Xristianlarla müsəlmanlar arasında yaxın əlaqə İslamın ilk dövrlərində başlayıb, Həbəşistandakı xristian hakimiyyətinin bütpərəstlərin zülmündən qaçan müsəlmanlara sığınacaq verməsi bu əlaqələri daha da gücləndirib. İslam torpaqlarında yaşayan xristianlar həmişə ədalətli, rahat, rifahlı və dinc bir həyat yaşayıblar (ətraflı məlumat üçün Harun Yəhyanın "Gəlin bir olaq" kitabına müraciət edə bilərsiniz).

Rəbbimiz Qur’anda İncilin "haqq yol, nur, müttəqilər üçün doğru yol və nəsihət" ("Maidə" surəsi, 46) və Hz.İsanın dövründəki insanlara "bir hidayət" ("Ali-İmran" surəsi, 3-4) olaraq göndərildiyini xəbər verir. Xristianları İncildəki haqqa tabe olmağa dəvət edən bəzi Qur’an ayələri isə bu şəkildədir:

"İncil əhli Allahın onda nazil etdiyi (ehkam) ilə hökm etsin. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, günahkarlardır" ("Maidə" surəsi, 47)

"De: "Ey kitab əhli! Tövrata, İncil və Rəbbiniz tərəfindən sizə nazil edilmiş olana düzgün əməl etmədikcə siz heç bir şey üzərində deyilsiniz..." ("Maidə" surəsi, 68)

Ayələrdən də göründüyü kimi, İslam dininin həqiqi xristianlara çox isti münasibəti var. Qur’anda xristianların əxlaqı təriflənir və onlar daha da dindar olmağa dəvət edilir. Bir çox Qur’an ayələrində isə üçləmə etiqadının yanlışlığı xəbər verilir. Məsələn, "Nisa" surəsində Rəbbimiz belə buyurur:

"Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa Məsih ancaq Allahın peyğəmbəri, Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin. (Allah barəsində) "üçdür" deməyin. (Belə sözlərə) son qoyun ki, bu sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah tək bir tanrıdır. Övladı olmaqdan kənardır. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Allahın vəkil olması bəs edər! İsa Məsih də, yaxın mələklər də Allahın qulu olmağı əsla özlərinə ar bilməzlər. Allah Ona ibadət etməyi özünə ar bilənlərin və lovğalıq edənlərin hamısını Öz hüzuruna toplayacaqdır!" ("Nisa" surəsi, 171-172)

Yuxarıdakı ayələrdən də göründüyü kimi, Rəbbimiz üçləmə etiqadının nə qədər böyük bir yanlışlıq olduğunu bildirir və bu inancı müdafiə edənlərə hesab günü ilə bağlı xəbərdarlıq edir.

Ayələrdə Hz.İsanın "tanrı" olması (Allaha sığınırıq) ilə bağlı səhv inanclar da açıq-aşkar rədd edilir. Rəbbimiz bu əsassız iddiaları Hz.İsanın adına çıxan insanların aşkar küfrə qapıldıqlarını bildirir:

"Şübhəsiz ki: "Allah Məryəm oğlu Məsihdir!" - deyənlər kafir oldular. Halbuki Məsih belə demişdi: "Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, cənnəti haram edər. Onun düşəcəyi yer cəhənnəmdir. Zalımlərin heç bir köməkçisi yoxdur!"" ("Maidə" surəsi, 72)

Ayədə də bildirildiyi kimi, Hz.İsa onların bu iddialarından uzaqdır. O, Allahın yaratdığı bir bəşər, Rəbbimizə təslim olmuş, yüksək əxlaqlı, aləmlərə üstün edilmiş çox mübarək bir peyğəmbərdir. Hz.İsa insanlara haqq dini çatdırarkən də həmişə Rəbbimizin üstün gücünü və qüdrətini ifadə edib, özünün də Allahın bir bəndəsi olduğunu bildirib. Ayədə Hz.İsanın "tanrı" olduğunu iddia edərək küfrə düşənlərin Allahı da lazımınca təqdir edə bilməməsi xəbər verilir:

""Allah Məryəm oğlu Məsihdir", - deyənlər, şübhəsiz ki, kafir oldular. De: "Əgər Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, (bu işdə) kim ona bir şeylə mane ola bilər? Göylərin, yerlərin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir. O, istədiyini yaradar, Allah hər şeyə qadirdir!" ("Maidə" surəsi, 17)

Ayədə xəbər verildiyi kimi, bütün insanlar Rəbbimizin hüzurunda aciz və möhtacdır. Allah bütün kainatı yoxdan yaradan, bütün yaradılanların üzərində mütləq güc və hakimiyyət sahibi olandır. Canlı-cansız hər şeyə nəzarət yalnız Allaha məxsusdur. Hz.İsa da Allahın yaratdığı və Ona boyun əyən bir bəndə və Allahın elçisidir.

Hz.İsanın onun haqqında ortaya atılan əsassız iddiaları rədd etməsi "Maidə" surəsində belə bildirilir:

"Allah: "Ya Məryəm oğlu İsa! Sənmi insanlara: "Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!" - demişdin?", - buyuranda (İsa) deyəcək: "Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!" ("Maidə" surəsi, 116)

Hz.İsanın insanlara göndərdiyi həqiqi ismarıc digər ayələrdə belə bildirilir:

"İsa dedi: "Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu" ("Məryəm" surəsi, 30-31)

"Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin! Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur doğru yol!" ("Ali-İmran" surəsi, 50-51)

Allahın Qur’an ayələrində xəbər verdiyi başqa həqiqət isə peyğəmbərlərin apardığı təbliğatın təməli ilə bağlıdır. "Ali-İmran" surəsində belə buyrulur:

"Heç bir kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: "Allahı buraxıb mənə qul olun!" - desin. Əksinə, o: "Öyrətdiyiniz kitabın və öyrəndiyiniz şeyin sayəsində rəbbani olun!" -deyər" ("Ali-İmran" surəsi, 79)

Rəbbimiz bu səhv inanclardan uzaqdır. "İxlas" surəsində Allahın sifətləri belə bildirilir:

"De: "O Allah birdir. Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! O nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri də yoxdur!"" ("İxlas" surəsi, 1-4)

Həqiqət budur. Allah təkdir və Hz.İsa Onun qulu və peyğəmbəridir. Eynilə Hz.İbrahim, Hz.Musa, Hz.Muhəmməd və başqa peyğəmbərlər kimi...

Üçləmə etiqadının bütün yanlış tərəfləri Qur’an ayələrinin işığında xristianların öz mənbələrindən də istifadə edilməklə kitabın sonrakı fəsillərində ətraflı şəkildə açıqlanacaqdır.

GERİ
image