İslam və xrisianlıq

Hz. İsa Allahın oğlu deyil, peyğəmbəridir

image

Dünyanın iki ən böyük səmavi dini olan İslamın və xristianlığın bir çox müştərək inancları var. Xristianlar da müsəlmanlar kimi Allahın mütləq varlığına, Onun əzəli və əbədi olmasına, bütün kainatı yoxdan yaratdığına və bütün maddəyə sonsuz qüdrəti ilə hakim olmasına inanırlar. Müsəlmanların və xristianların rədd etdikləri təfəkkür yanlışlıqları da eynidir: onların ateizmə, dinsizliyə, irqçiliyə, faşizmə və əxlaqi aşınmaya qarşı apardıqları məfkurə mübarizəsində və yaxud Allahın mövcudluğunu təbliğ etmək məsələsindəki səylərində çox böyük oxşarlıqlar var. Bu dinlərin ikisinin də ortaq məqsədi bütün insanların Allahı tanıyacaqları, sülh, əmin-amanlıq və dinclik içində yaşayacaqları ədalətli bir dünya qurmaqdan ibarətdir. Hər iki dinə mənsub olan möminlər Allah qorxusu və Allah sevgisi ilə hərəkət edir, Allahın elçilərinin yolu ilə gedir və Onun vəhyinə tabe olurlar.

Xristianlarla müsəlmanlar əxlaqi dəyərlər baxımından da çox böyük harmoniya içindədirlər. Yalnız öz şəxsi mənfəətini güdən, sevgisiz, mərhəmətsiz, eqoist, mənfəətpərəst, dürüstlükdən uzaq olan insan modeli müsəlmanlar kimi xristianların da əsas götürdüyü din əxlaqına ziddir. Xristianlar da sevginin, dürüstlüyün, mərhəmətin, fədakarlığın, ədalətin, təvazökarlığın və qardaşlığın hakim olduğu bir dünyanın həsrətindədirlər və belə bir dünya qura bilmək üçün səy göstərirlər. Xristianlar da Rəbbimizin haram buyurduğu pozğunluq, fahişəlik, homoseksualizm, narkomaniya, vəhşilik, zorakılıq kimi əxlaqsızlıqların qarşısını almaq üçün mübarizə aparırlar.
Xristianlar və müsəlmanlar Allahın seçilmiş bəndəsi olan Hz.İsaya dərin bir sevgi bəsləyir və ona hörmət edirlər. Hz.İsa Allahın bizə Qur’an ayələri ilə tanıtdığı və aləmlərə üstün etdiyi mübarək bir elçidir. Qur’anda Hz.İsanın "...Dünyada və axirətdə şanı uca və (Allaha) yaxın olanlardan" ("Ali-İmran" surəsi, 45) olduğu bildirilir. O, Allahın müxtəlif möcüzələrlə və üstün əxlaqla şərəfləndirdiyi qiymətli bir bəndəsidir.

Bu kitabın yazılmasında məqsəd xristianlıqda (həqiqi xristianlıq ifadəsi ilə xristianlığın Hz.İsaya ilk vəhy edildiyi halı nəzərdə tutulur) olmayan, ancaq Hz.İsanın Allah dərgahına yüksəldilməsindən çox-çox sonralar ortaya çıxan "üçləmə" ("təslis") etiqadının yanlışlığı məsələsi üzərində dayanmaqdır. Kitabda həm xristian mənbələrinin, həm də Qur’an ayələrinin işığında həqiqi xristianlığın tövhid inancını əsas götürən, muvahhid (Allahın təkliyinə iman gətirən) bir din olduğunu göstərəcəyik. Bundan başqa, Hz.İsanın "Allahın oğlu" (Allah bundan uzaqdır) olması fikri üzərində qurulan üçləmə etiqadının hansı səbəblərdən təşəkkül tapmasını araşdıracağıq.

Sözügedən etiqad araşdırılarkən üçləməni müdafiə edən müxtəlif fikirlərə və əsas iddialara da bu kitabda yer veriləcəkdir. Ancaq bu etiqadın təfərrüatları üzərində dayanmazdan öncə sonsuz güc və qüdrət sahibi olan Rəbbimizin üçləmə inancını başa salmaq məqsədilə istifadə edəcəyimiz bütün ifadələrdən uzaq olduğunu bildirir və Onun müqəddəs peyğəmbəri olan Hz.İsanın bu cür dəyərləndirmədən uzaq olduğunu bildirmək istəyirik.

Qeyd: Müqəddəs Kitabın bu kitabda yer alan cümlələrindəki bəzi ifadələrdə dəyişikliklər edilmiş, "Ata" ifadəsi "Allah-Rəbb", "Oğul" ifadəsi isə "peyğəmbər-elçi" şəklində yazılmışdır. İstifadə edilən əsərlərdə Allahın elçisi Hz.İsanın adının çəkildiyi hər yerə bu müqəddəs insana hörmət əlaməti olaraq "Həzrəti" sözü əlavə edilmişdir.

Burada xüsusi vurğulanmalı olan digər vacib cəhət isə Allahın göndərdiyi bütün elçilərə və kitablara iman gətirən müsəlmanların həm xristianların, həm də yəhudilərin etiqad və dəyərlərinə hörmət bəsləməsi məsələsidir. Yəhudilərin müqəddəs kitabı olan Əhdi-Ətiqə daxil olan Tövrat və Zəburla xristianlığın müqəddəs kitabı olan Əhdi-Cədid (İncil) İslam dinində səmavi kitablar kimi qəbul edilir, bu dinlərə mənsub olanlar isə "Kitab əhli" ("Əhli-kitab") adlandırılırlar. Rəbbimiz "Bəqərə" surəsində müsəlmanlara belə tərif verir:

"Onlar sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirirlər..." ("Bəqərə" surəsi, 4)

Ayələrdə bildirilən bu kitablar Hz.İbrahimin səhifələri, Hz.Musaya göndərilən Tövrat, Hz.Davuda verilən Zəbur və Hz.İsaya göndərilən İncildir. Allahın Hz.İbrahimə verdiyi səhifələr bu günə qədər gəlib çatmayıb. Digər kitablar isə zaman ötdükcə ilk vəhy edildikləri şəkildə qalmamış, bəzi adamlar tərəfindən müxtəlif səbəblərdən təhrif edilmişlər. Dolayısı ilə onların bəzi hissələrində Allahın haqq dinindən uzaq şərh və açıqlamalar var. Bununla belə Allaha və elçilərə iman, Allah sevgisi və Allah qorxusu, gözəl əxlaq və s. bu kimi Qur’an ayələrinə uyğun olan fəsillər də günümüzə qədər gəlib çatmışdır (ən doğrusunu Allah bilir). Allah bu kitabların onların göndərildiyi cəmiyyətlər və xalqlar üçün bir yolgöstərən və rəhbər olduqlarını bildirir. Rəbbimiz "Ali-İmran" surəsində "Sənə özündən əvvəlkiləri təsdiq edən Kitabı haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi. Daha öncə insanları hidayət etmək üçün..." ("Ali-İmran" surəsi, 3-4) şəklində buyurur. Allah başqa bir ayədə isə Tövrat haqqında bunları bildirir:

"Şübhəsiz ki, Tövratı Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla hökm edərdilər. Onlar ona şahiddirlər..." ("Maidə" surəsi, 44)

Qur’anda bəzi yəhudi din adamları haqqında belə buyrulur: "Onlar sözlərin yerini sonradan dəyişib təhrif edirlər..." ("Maidə" surəsi, 41). Allah başqa bir ayədə isə bəzi yəhudilərin "Onlar kitabı öz əlləri ilə yazıb, sonra bir az pul almaqdan ötrü: "Bu, Allah tərəfindəndir!"" ("Bəqərə" surəsi, 79) dediklərini bildirir. Yəni onlar Rəbbimizin Hz.Musaya vəhy etdiyi müqəddəs kitabı təhrif ediblər. Xristianlar isə üçləmə (təslis) inancı ilə çox böyük yanlışlığa düşüblər ("Nisa" surəsi, 171)

Allah Qur’anda Kitab əhli haqqında çox əhəmiyyətli məlumatlar verir. Bunlardan bir qismi Kitab əhlindən olan bəzi adamların etiqadi və ya əxlaqi səhvləridir. Amma bunlar bütün Kitab əhlinin qəflətdə olması və səhv etməsi mənasına gəlmir. Ayələrdə yəhudilərlə xristianlar arasında səmimi dindar adamların olduğu da xəbər verilir:

"Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar. Onlar Allaha, axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyi tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər. Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır!" ("Ali-İmran" surəsi, 113-115)

"Həqiqətən, kitab əhli içərisində elələri də vardır ki, onlar Allaha boyun əyərək Allaha, sizə və özlərinə nazil olanlara inanır, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların Rəbbi yanında mükafatları vardır. Doğrudan da, Allah tezliklə haqq-hesab çəkəndir" ("Ali-İmran" surəsi, 199)

Nümunəvi müsəlmanlar bütün həyatları boyunca Qur’an ayələrinə əsasən yaşayırlar. Onların dəyər ölçüləri, əxlaqi xüsusiyyətləri, həyata və insanlara münasibəti tamamilə Allahın Qur’an ayələri ilə müəyyən etdiyi şəkildədir. Müsəlmanların Kitab əhlinə münasibəti də eyni şəkildədir, yəni onlara həmişə xoş niyyətlə, ədalətlə, sevgi ilə yanaşmağı əsas məqsəd sayırlar. Buna görə də onları "qarşı tərəf" kimi deyil, Allaha bağlı olan etiqadlı insanlar kimi qəbul edirlər. Bunun əksi Qur’an əxlaqına zidd bir davranış olacaq.

Kitab əhli arasında da Allaha səmimi şəkildə iman gətirən və dolayısı ilə qurtulacağı güman edilən çoxlu sayda insanın ola biləcəyi yaddan çıxarılmamalıdır. Dolayısı ilə bu kitabda verəcəyimiz bütün xatırlatmalar həmin məqsədlə yazılmış və Allahın əksər Qur’an ayələrində bildirdiyi "yaxşılığı əmr edər, pisliklərdən çəkindirər" əmrinin tələblərini yerinə yetirmək əsas məqsəd kimi qəbul edilmişdir. Məqsədimiz üçləmə inancının yanlışlığını göstərmək və sağlam düşüncəli xristianların həqiqəti anlamasına yardımçı olmaqdır. Niyyətimiz budur ki, vicdanlı xristianlar bu səhvi dərk etsin və tövhid etiqadına uyğun olmayan bütün səhv inanclardan tamamilə əl çəksinlər.

GERİ
image