İslam və xrisianlıq

Uca Rəbbimizin övladı yoxdur

image

Üçləmə etiqadının ən əsas məntiqi Hz.İsanın "Allahın oğlu" olması ilə bağlı iddiadır. Allahın sifətləri isə onların bu iddialarını tamamilə alt-üst edir. Aləmlərin Rəbbi olan Allah insanların heç nəyi bilmədən, cahilcəsinə və qeyri-ciddi şəkildə ortaya atdığı bu cür bənzətmələrdən, hər cür qüsur və nöqsanlardan uzaqdır. Bu həqiqət Qur’an ayələrində belə bildirilir:

"Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir. O, hər hansı bir şeyi yaratmaq istədikdə ona yalnız: "Ol!" -deyər, o da dərhal olar" ("Məryəm" surəsi, 35)

""Allah Özünə övlad götürdü!" - dedilər. Allah pak və müqəddəsdir. O, möhtac deyildir. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Bu haqda sizin əlinizdə heç bir dəlil yoxdur. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?" ("Yunus" surəsi, 68)

Rəbbimizin hər hansı bir şeyi yaratmaq istədikdə ona yalnız "Ol!" deməsi kifayətdir. Göylərdə və yerdə nə varsa Onundur. Bütün varlıqlar Onun mülkü, Onun yaratdıqlarıdır. Hər şey Onun əmrinə boyun əyib, Onun sonsuz güc və qüdrətinə təslim olub:

"...Halbuki, göylərdə və yerdə olanlar istər-istəməz Ona təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar" ("Ali-İmran" surəsi, 83)

Allah bütün bu səbəblərin fövqündədir, çünki meydana gələn bütün hadisələri və bu hadisələrin baş vermə səbəblərini də yaradan Onun Özüdür. Dünyadakı hər şey müəyyən səbəblərə bağlı olaraq inkişaf edir. Doğulmaq, böyümək, öyrənmək və ya qocalmaq zaman və məkan kimi müəyyən səbəblərə bağlı şəkildə həyata keçir. İnsanlar zamana və məkana bağlı olaraq yaşayırlar. Halbuki Rəbbimiz zamanın və məkanın fövqündə dayanır, zamanı da, məkanı da O, yaradıb. Ata, oğul, övlad sahibi olmaq kimi insan həyatına xas məsələləri də Rəbbimiz var edib. Dolayısı ilə "Allah Özünə övlad götürdü!" (bu ifadədən Allaha sığınırıq) deyənlər Rəbbimizin bənzərsiz sifətlərini unudur və öz məhdud anlayışlarına uyğun olaraq düşünürlər. Halbuki bu dedikləri Allah dərgahında çox böyük yalandır. "Kəhf" surəsində belə bildirilir:

"O, həm də (Qur’anı) : "Allah Özünə övlad götürdü!" -deyənləri qorxutmaq üçün nazil etdi. Bu barədə nə onların özlərinin, nə də atalarının heç bir biliyi yoxdur. Onlar çox böyük-böyük danışırlar. Onlar ancaq yalan deyirlər!" ("Kəhf" surəsi, 4-5)

Rəbbimiz başqa bir ayədə isə belə buyurur: "Əgər Allah Özünə övlad götürmək istəsəydi, yaratdıqlarından istədiyini seçərdi. O, pak və müqəddəsdir! O, bir olan, qəhr edən (hər şeyə gücü yetən) Allahdır!" ("Zumər" surəsi, 4). Sonsuz güc və qüdrət sahibi olan Rəbbimizin bu ayədə hər şeyi Öz istədiyi kimi yarada biləcəyi xəbər verilir. Allahın üçləmə etiqadını müdafiə edərək əsassız iddialarla çıxış edən adamlara verdiyi cavab başqa ayələrdə belə vurğulanır:

"Dedilər: "Allah övlad  götürmüşdür". Allah pak və müqəddəsdir. Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir! Göyləri və yeri yoxdan yaradan Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: "Ol!" - deyər, o da dərhal olar" ("Bəqərə" surəsi, 116-117)

""Rəhman Özünə övlad götürmüşdür" - dedilər. Siz, doğrudan da, olduqca pis bir şey etdiniz! Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun! Rəhmana övlad isnad etdiklərinə görə! Halbuki Rəhmana Özünə övlad götürmək yaraşmaz. Çünki göylərdə və yerdə olan bütün məxluqatdan eləsi yoxdur ki, Rəhmanın hüzuruna bir qul kimi gəlməsin. And olsun ki, onları hesablamış və təkrar-təkrar saymışdır. Onların hamısı qiyamət günü onun hüzuruna gələcək" ("Məryəm" surəsi, 88-95)

Ayələrdə də bildirildiyi kimi, bu, "olduqca pis bir şey"dir. Göylərdə və yerdə olan hər şeyin sahibi olan Rəbbimiz bütün bu cür pis bənzətmələrdən uzaqdır.
Üçləmə etiqadını müdafiə edənlər Hz.İsanın Allahla eyni səlahiyyətlərə malik olması ilə bağlı çox azğın iddia da irəli sürürlər. Halbuki Rəbbimiz Qur’anda "...Mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu təqdir etmişdir" ("Furqan" surəsi, 2) ayəsi ilə bu iddiaların mənasızlığını açıqlayır. Çünki O, bütün kainatın mütləq hakimidir, Onun heç bir şəriki və ya köməkçiyə ehtiyacı yoxdur. "İsra" surəsində belə buyrulur:

"Və de: "Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, zəif olmadığı üçün heç bir köməkçiyə ehtiyacı olmayan Allaha həmd olsun!" Və Allahı bütün eyb və nöqsanlardan uzaq bilib təqdis et şəninə təriflər de!" ("İsra" surəsi, 111)

Allah Peyğəmbərimiz Hz.Muhəmmədə (s.ə.v.) bu iddia ilə ortaya çıxanlara belə deməsini vəhy edib:

"De: "Əgər Rəhmanın bir övladı olsa, ona ibadət edənlərin birincisi mən olardım!" ("Zuxruf" surəsi, 81)

Ayədə xəbər verilən bu cavab üçləmə etiqadını müdafiə edənlərin böyük bir yanlışlıq içində olduqlarını göstərir. Allah yuxarıdakı ayənin davamında bunları bildirir:

"Göylərin və yerin Rəbbi, ərşin Rəbbi olan Allah Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır! Qoy onlar vəd olunduqları günə qovuşana qədər qurşanaraq oynayıb əylənsinlər! Göydə də tanrı, yerdə də tanrı Odur. O, hikmət sahibidir, biləndir!" ("Zuxruf" surəsi, 82-84)

Ayənin açıq ifadəsindən də aydın olduğu kimi, Allah bu çirkin iddiaları ortaya atan adamların Onun qədrini lazımınca təqdir etmək qabiliyyətində olmadığına diqqəti cəlb edir, onları axirətin mövcudluğundan bixəbər olan və vaxtlarını qəflətdə keçirən insanlar kimi tanıdır.

Göydə və yerdə nə varsa hamısı Allahındır, bütün varlıqlar Ona möhtacdır

Əvvəl də qeyd etdiyimiz kimi, üçləmə etiqadında Hz.İsanın yaradıldığı qəbul edilmir, əksinə, onun Allahla eyni səlahiyyətlərə malik bir güc olduğu bildirilir. Halbuki bu düşüncə şəkli Rəbbimizin peyğəmbərlərə vəhy etdiyi tövhid etiqadının tamamilə əks tərəfində dayanan çirkin bir böhtandır. "Bəqərə" surəsində belə qeyd edilir:

"Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə vermişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!" ("Bəqərə" surəsi, 255)

Rəbbimiz yeganə haqq və hökm sahibidir. Bütün kainat, göylərdə və yerdə olan canlı-cansız hər şey: bütün insanlar, heyvanlar, bitkilər, əşyalar Allaha məxsusdur. Hamısını yaradan aləmlərin Rəbbi olan Uca Allahdır. Hər şey Onun əmri ilə hərəkət edir və öz mövcuduluğunu Onun istədiyi vaxta kimi davam etdirə bilər. Bütün canlı varlıqları yedirib-içirən, onlara göydən və yerdən ruzi verən, yeri yaşıllaşdıran, gecəni qaraldan, Günəşi parlaq bir işığa çevirən, fəsilləri yaradan Allahdır. Dünyanın yaradılışından etibarən yaşamış olan, dünyalarını dəyişən, hazırda yaşayan və dünyaya gələcək bütün insanları yaradan da Allahdır. Hər insan öz varlığına görə Allaha borcludur və hər şeyi ilə Ona möhtacdır. Allahın seçərək insanların Ona iman gətirməsi üçün elçilik vəzifəsi verdiyi peyğəmbərləri də Allahın yaratdığı bəndələrdir. Bütün peyğəmbərlər Onun əmri ilə hərəkət edən mübarək insanlardır. Hz.İsa da həmin elçilər kimi Allahın yaratdığı bir bəndədir. Şanı uca, seçilmiş, şərəfli, hörmətə layiq ("Ali-İmran" surəsi, 45) etdiyi dəyərli peyğəmbəridir. Belə ki, Allah Hz.İsa haqqında belə buyurur:

"İsa əl-Məsih də, yaxın mələklər də Allahın qulu olmağı əsla özlərinə ar bilməzlər. Allah Ona ibadət etməyi özünə ar bilənlərin və lovğalıq edənlərin hamısını Öz hüzuruna toplayacaqdır!" ("Nisa" surəsi, 172)

Ayədə də bildirildiyi kimi, Hz.İsa Allaha qulluq etmək vəzifəsini yerinə yetirməkdən ləzzət alan, Rəbbimizə təslim olan çox səmimi bir insandır. Onun tanrılıq iddiasında olması ilə bağlı bütün açıqlamalar sonradan "istehsal" edilən hədyan və sayıqlamalardır. Uca Rəbbimiz bütün yaradılanlar üzərində mütləq hakimiyyətə sahibdir. Ondan başqa hər şey yaradılmaq və öz varlığını davam etdirmək üçün yalnız Rəbbimizə möhtacdır.

Allah kainatı yoxdan yaradıb. Dünyadakı bütün canlılar doğulur və ölür. Hər şeyin müəyyən bir ömrü var. Kainatda yox olmayacaq heç bir əşya və ya ölümsüz olacaq heç bir canlı mövcud deyil. Halbuki Qur’anda bildirildiyi kimi, Allah əvvəldir, axırdır ("Hədid" surəsi, 3). Yəni Onun başlanğıcı olmadığı kimi sonu da yoxdur. Allah sonsuzluğun sahibi, zamanın və məkanın üstündə olandır. O, hər şeydən əvvəl də vardır, sonra da olacaqdır. Kainatın, canlıların, planetlərin, qalaktikaların və kainatın hələ yaradılmadığı anda da yalnız Allah var idi. Hər şey yox olandan sonra yenə də təkcə O, qalacaqdır. Ömrü və zamanı yaradan Allah maddəyə xas olan bütün xüsusiyyətlərdən uzaqdır.

Allah bu məfhum və anlayışları yaradıb və insanların zamana və məkana tabe olaraq yaşamasını məsləhət bilib. İnsan başına bir gün sonra, hətta bir saat sonra nələrin gələcəyini heç vaxt bilə bilməz. Allah isə bir işin olmasını hökm edəndə bir gün sonra, illər sonra və qiyamətə qədər həmin işin necə nəticələnəcəyini bilir və bu nəticələrin özünə də hakimdir. Dolayısı ilə Onun verdiyi hökm həmişə ən doğru, ən yaxşı və ən hikmətli olandır.

Kainatdakı bütün varlıqların bir sonu, bir axırı var. Bir insan anadan olur, yaşayır və bu dünyadakı məhdud ömrünün axırında qaçılmaz bir həqiqət olan ölümlə qarşılaşır. İnsanlar kimi bitkilər və heyvanlar aləminin yox olması da qaçılmazdır. Onlar da dünyaya gələndən bir müddət sonra bir-bir ölürlər. Canlı olan hər şey həyatını başa vurub axırda torpağın altına girəcək. Baqi olan Rəbbimiz isə Öz mütləq varlığını həmişə davam etdirəcək. Sonsuzluq yalnız Ona məxsusdur.

İnsan acizdir, o, həyatı boyunca müxtəlif qayğıya və köməyə möhtacdır. İnsanın həyatının böyük hissəsi onun öz bədəninə baxması, onu təmizləməsi, qidalanmasını və yuxusunu tənzimləməsi ilə keçir. Canlı-cansız bütün varlıqların və bütün kainatın yaradanı olan Allah isə Hayydır. O, həmişə diridir, hər an hər şeyə hakimdir, hər şeyi bilir, hər şeyə gücü çatandır, O, mürgüləməz və yatmaz, hər cür acizlikdən uzaqdır. Allah yaratdıqlarına müxtəlif acizliklər verib və yaradılanların özlərinin bu qüsurlarını dərk edib ancaq Ona üz tutaraq qulluq etmələrini, hər şeyi Ondan istəmələrini əmr edib. İnsanın üzərinə düşən vəzifə isə Allah istəmədiyi təqdirdə onun heç bir şeyə gücünün çatmayacağını, həyatını bircə saniyə də olsa davam etdirə bilməyəcəyini dərk edərək Rəbbimizə tərəf üz tutmasıdır. Allah Ondan başqa heç bir tanrının olmadığını Qur’an ayələrindəki hikmətli misallarla belə xəbər verir:

"Göylərdə və yerdə olan məxluqat Onundur. Onun dərgahında olanlar Ona ibadət etməyə təkəbbür göstərməz və yorulmaq bilməzlər. Onlar gecə-gündüz, yorulub-usanmadan Rəbbini təqdis edib şəninə təriflər deyərlər. Yoxsa yerdən tanrılar qəbul etdilər ki, onlar ölüləri dirildəcəklər? Əgər yerdə və göydə Allahdan başqa tanrılar olsa idi, onların ikisi də fəsada uğrayardı. Ərşin sahibi olan Allah ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır! Allah gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar isə sorğu-sual ediləcəklər. Yoxsa Ondan başqa tanrılar qəbul etdilər? De: "Dəlilinizi gətirin. Bu mənimlə olanların Kitabı, bu da məndən əvvəlkilərin kitabı! Xeyr, onların əksəriyyəti haqqı bilməz və buna görə də üz döndərər!"" ("Ənbiya" surəsi, 19-24)

"Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə, şübhəsiz ki, yalançıdırlar! Allah heç bir övlad gətirməmişdir. Onunla yanaşı heç bir tanrı yoxdur. Əgər belə olsaydı, onda hər bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər və onların bir qismi digərinə üstün olmaqa çalışardı. Allah müşriklərin Ona aid etdikləri sifətlərdən tamamilə kənardır! O qeybi də, aşkarı da bilir. Allah onların Ona qoşduğu şəriklərdən çox ucadır!" ("Muminun" surəsi, 90-92)

Hz.İsa Rəbbimizə Onun bütün bu sifətləri ilə könüldən iman gətirən səmimi bir insandır. O, Allahın sonsuz güc sahibi olmasına iman gətirmiş, Ona heç bir şeyi şərik qoşmamışdı. Qur’anda Hz.İsanın Allahın qulu, bəndəsi olduğu belə bildirilir:

"İsa dedi: "Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab verdi, özümü də peyğəmbər etdi" ("Məryəm" surəsi, 30)

Başqa bir ayədə isə Hz.İsanın da ölümlü olduğu, hər bir insan kimi onun da öldükdən sonra axirət günü yenidən dirildiləcəyi bildirilir:

"Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim gün də mənə salam olsun!" ("Məryəm" surəsi, 33)

Başqa insanlar və peyğəmbərlər kimi Hz.İsanı da Allah yaradıb, dünyada tövhid inamını çatdırmaq üçün ona möhlət verib. Sonra isə Hz.İsaya hiylə Qur’anların məkrli planlarını puça çıxararaq onu Öz dərgahına yüksəldib. Hz.İsa Allahın onun üçün müəyyən etdiyi vaxt gəlib çatanda təkrarən dünyaya gələcək və Allahın əmr etdiyi kimi elçilik vəzifəsini tamamlayacaq. Onun bütün taleyini - həyatı boyunca qarşısına çıxan hər şeyi, başına gələn hər bir hadisəni müəyyən edən və vaxtı gələndə bütün bunları həyata keçirən yeganə güc Allahdır. Hz.İsanın göstərdiyi bütün möcüzələri də yaradan məhz Allahdır. O, bunları özü deyil, Allahın mərhəməti ilə gerçəkləşdirib. Hz.İsa dünyadakı həyatı boyunca Allaha olan güclü imanını ifadə edib və insanları Allahın doğru yoluna çağırıb. Hz.İsanın insanları Allaha iman gətirməyə dəvət etməsi "Məryəm" surəsində belə bildirilir:

"Allah mənim də, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur!" ("Məryəm" surəsi, 36)

 

Hz.Yəhyanın anadan olması da Allahın bir möcüzəsidir

Üçləmə etiqadının əsaslarından biri də Hz.İsanın həyatındakı möcüzələrdir. Həqiqətən də Rəbbimiz Hz.İsaya fövqəladə möcüzələr verərək ona böyük lütf göstərib. Bu müqəddəs şəxsin anadan olmasından Allah dərgahına yüksəldilməsinə qədər keçən həyatı möcüzələrlə doludur. Bunlardan biri də Hz.İsanın atasız dünyaya gəlməsidir. Hz.İsanın anadan olması həqiqətən də Rəbbimizdən gələn çox böyük möcüzədir. Cəbrailin Hz.Məryəmə insan şəklində görünməsi və ona Allahdan bir möcüzə göstərməsi Qur’an ayələrində müfəssəl şəkildə qeyd edilir. Hz.Məryəm ona heç bir insan toxunmadığı halda Allahın istəyinə uyğun olaraq Hz.İsaya hamilə qalıb. Onun hamiləliyi dünyadakı bütün səbəblərdən asılı olmadan, yəni möcüzəvi şəkildə baş verib:

"Məryəm dedi: "Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!" Cəbrail dedi: "Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə, dərgahımızdan olan bir mərhəmət kimi edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!" Məryəm artıq hamilə oldu və onunla birlikdə uzaq bir yerə çəkildi" ("Məryəm" surəsi, 20-22)

Ayədən də göründüyü kimi, Hz.İsa bizə məlum olan yaradılışdan fərqli şəkildə - atasız dünyaya gəlib. O, anadan olmamışdan əvvəl Allah bir çox xüsusiyyətlərini və onu insanlar üçün bir rəhmət şəklində göndərdiyini mələkləri vasitəsilə anası Hz.Məryəmə bildirib:

"Mən sənə ancaq təmiz bir oğlan bağışlamaq üçün Rəbbinin göndərdiyi elçisiyəm! Biz onu insanlar üçün bir möcüzə, dərgahımızdan olan bir mərhəmət kimi edəcəyik..." ("Məryəm" surəsi, 18-21)

Bu möcüzəvi yaradılış üçləməni müdafiə edənlər üçün onların dəlillərindən birini təşkil edir. Hz.İsanın anadan olmasındakı fövqəladəlik aşkar bir həqiqətdir. Ancaq Qur’anda Hz.Yəhyanın da yenə möcüzəvi bir şəkildə anadan olması xəbər verilir. Ona bir varis verməsi üçün Allaha dua edən Hz.Zəkəriyyanın duaları ayələrdə belə bildirilir:

"Bu sənin Rəbbinin öz qulu Zəkəriyyaya olan mərhəmətinin xatırlanmasıdır! Rəbbinə gizlicə dua edib yalvarıb belə demişdi: "Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam. Mən özümdən sonra gələn qohum-əqrəbamdan qorxuram. Zövcəm də ki, qısırdır, Buna görə də mənə Öz dərgahından bir oğul (vəli) bəxş et ki, o həm mənə, həm də Yəqub nəslinə varis olsun. Ey Rəbbim! Həm də elə et ki, o razı qalınanlardan olsun!" ("Məryəm" surəsi, 2-6)

"Zəkəriyya Rəbbinə dua edərək dedi: "Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!"" ("Ali-İmran" surəsi, 38)

Ayələrdə də qeyd edildiyi kimi, Hz.Zəkəriyyanın təbii şərtlər daxilində övlad sahibi olması mümkün deyil. Amma o, ona bir köməkçi və varis verməsi üçün Rəbbimizə səmimi qəlbdən dua edib. Rəbbimizin bu qiymətli insanın duasına verdiyi cavab ayələrdə belə xəbər verilir:

"Allah buyurdu: "Ey Zəkəriyya! Biz səni adı Yəhya olan bir oğlun olacağı ilə müYdə veririk. Biz bu adı əvvəllər heç kəsə verməmişik!"" ("Məryəm" surəsi, 7)

"O mehrabda namaz qılarkən mələklər ona müraciət edib dedilər: "Allah sənə Özü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, rəhbər, nəfsinə hakim və əməli salehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın xəbərini müYdə verir"" ("Ali-İmran" surəsi, 39)

Rəbbimiz Hz.Zəkəriyyəni adı Yəhya olan bir oğlan övladının olacağı ilə müYdələyib. Bu da Hz.İsanın anadan olması kimi möcüzəvi bir vəziyyətdir. Çünki həm yaşları etibarilə, həm də səhhətləri baxımından Hz.Zəkəriyyanın və onun həyat yoldaşının övladlarının olması qeyri-mümkün görünür. Hz.Zəkəriyyə də bu müYdəni eşidəndə: "Ey Rəbbim! Zövcəm doğmayan bir qadın, mən də qocalıb əldən düşmüş ikən mənim necə oğlum ola bilər?" ("Məryəm" surəsi, 8) deyib. Ancaq bütün kainatı yoxdan yaradan Rəbbimiz hər şeyə gücü çatandır. O, sonsuz qüdrəti ilə istədiyi hər şeyə "Ol!" deyir və istədiyi hər şey dərhal olur. Allah belə bir yaratmaq gücünə sahibdir. Ayələrdə belə bildirilir:

"Onun yanına gələn mələk: "Dediyin kimidir, lakin Rəbbin buyurdu ki, bu işi görmək Mənim üçün asandır. Necə ki, ilk əvvəl səni heç bir şey deyilkən yaratmışdım!"" ("Məryəm" surəsi, 9)

"Zəkəriyya: "Ey Rəbbim, üzərimə qocalıq çökdüyü və zövcəm qısır olduğu halda, mənim necə oğlum ola bilər?" - söylədi. Allah: "Dediyin kimidir, lakin Allah nə istəsə, onu da edər", - deyə buyurdu" ("Ali-İmran" surəsi, 40)

İncildə də Hz.Yəhyanın anadan olması ilə bağlı oxşar ifadələr mövcuddur:

"Rəbbin bir mələyi Zəkəriyyaya göründü və buxur qurbangahının sağında durdu. Zəkəriyya onu gördükdə çaşdı və onu qoxu bürüdü. Mələk isə ona dedi: "Qorxmu, Zəkəriyya, çünki sənin duan eşidildi. Arvadın Elizavet sənə bir oğul doğacaq və onun adını Yəhya qoyacaqsan. Sevinc və səfa tapacaqsan. Və onun doğulmasına bir çoxları da sevinəcəklər. Çünki o, Rəbbin qarşısında böyük olacaq, şərab və başqa içki içməyəcək və hələ anasının bətnində ikən Müqəddəs Ruhla dolacaqdır. Və İsrail oğullarından bir çoxunu, onların Allahın olan Rəbbə tərəf döndərəcəkdir. Ataların ürəklərini uşaqlara, itaətsizləri salehlərin hikmətinə döndərmək və Rəbbə hazırlanmış bir xalq təşkil etmək üzrə İlyasın ruhu və qüdrətilə Rəbbin önündə yeriyəcəkdir". Və Zəkəriyya mələyə dedi: "Mən bunu nədən bilim? Çünki mən qocayam, arvadım da çox yaşlıdır"" ("Luka İncili", 1/11-18)

Rəbbimiz Öz dərgahından bir möcüzəsi ilə Hz. Zəkəriyyaya Hz.Yəhyanı bağışladı. Bu müqəddəs insana uşaq yaşlarından etibarən itaət etməyi sevdirdi, ona hikmət, sevgi və təmizlik bəxş etdi. Ayələrdə Hz.Yəhya haqqında bunlar bildirilir:

"...O, çox müttəqi idi. Ata-anasına qarşı da olduqca itaətkar idi: zalim, asi deyildi. Ona doğulduğu gündə, öləcəyi gündə, diriləcəyi gündə salam olsun!" ("Məryəm" surəsi, 13-15)

Ayələrdən də göründüyü kimi, Hz.Yəhyanın anadan olması böyük möcüzədir. Allah dünyəvi səbəblərdən asılı olmadan Hz.Zəkəriyyaya bir övlad hədiyyə etdi, duasını qəbul edərək ona Hz.Yəhyanın varis etdi. Bu müYdəni Hz.Məryəmə olduğu kimi Hz.Zəkəriyyaya də bir mələk vasitəsilə bildirdi. Hz.Zəkəriyyanın xanımının hamilə qalması üçün lazım olan şərtlər də mövcud deyildi. Dolayısı ilə Hz.Məryəmin Hz.İsanı dünyaya gətirməsi ilə Hz.Yəhyanın dünyaya gəlməsi arasında çox böyük oxşarlıqlar var. Bu isə üçləmə etiqadının əsaslarından daha birinin etibarsızlığını göstərir.

Hz.Adəmin torpaqdan yaradılması

Hz.Yəhyanın və Hz.Adəmin anadan olmasının fövqəladəliyi Hz.İsanın möcüzəvi şəkildə dünyaya gəlməsindən üçləmə etiqadının əsaslarından biri kimi istifadə olunmasını qeyri-mümkün edən dəlillərdən biridir. Qur’an ayələrində Hz.Adəmin də möcüzəvi şəkildə yaradıldığı xəbər verilir. "Hicr" surəsində belə bildirilir:

"Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: "Mən quru və dəyişib başqa şəklə düşmüş palçıqdan insan yaradacağam! Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!"" ("Hicr" surəsi, 28-29)

Ayədə bildirilən həqiqət çox fövqəladə yaradılışa işarə edir. Hz.Adəm anası və atası olmadığı halda "quru və dəyişib başqa şəklə düşmüş palçıqdan" yaradılıb. Torpaqdan yaradılışla bağlı başqa ayələrdə belə bildirilir:

"Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa, yada salın ki, həqiqətən, Biz sizi torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş və düşməmiş bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək..." ("Həcc" surəsi, 5)

"Sizi torpaqdan yaratması, sonra da sizin bir insan olub yer üzünə yayılmağınız Onun qüdrət əlamətlərindəndir" ("Rum" surəsi, 20)

"Allah sizi torpaqdan, sonra bir damcı sudan (nütfədən) xəlq etmiş, sonra da sizi cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və doğmaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq kitabda yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır" ("Fatir" surəsi, 11)

Qur’anda Hz.Adəm haqqında verilən başqa əhəmiyyətli məlumat isə Hz.İsanın yaradılışı ilə olan oxşarlıqdır:

"Allah yanında İsa da Adəm kimidir. Allah onu torpaqdan yaratdı. Sonra ona: "Ol!" - dedi, o da oldu. Şübhəsiz ki, bunlar Rəbbin tərəfindən olan həqiqətdir. Ona görə də şübhə edənlərdən olma!" ("Ali-İmran" surəsi, 59-60)

Yuxarıdakı ayədə Allah Hz.Adəmlə Hz.İsanın oxşar şəkildə yaradıldıqlarını bildirir. Əvvəl də qeyd etdiyimiz kimi, Hz.Adəm hər hansı bir atası olmadığı halda, yalnız Allahın "Ol" deməsi ilə torpaqdan yaradılıb. Hz.İsa da atası olmadığı halda Allahın "Ol!" əmri ilə yaradılıb. Eyni ayənin axırında isə insanlara bu həqiqətin Rəbbimizdən gəldiyi xəbər verilir və bu məsələdə şübhəyə qapılmamağın zəruriliyi vurğulanır. Dolayısı ilə bu böyük həqiqət dərk edilməli və Hz.İsanın da eynilə Hz.Adəm kimi Allahın yaratdığı bir bəndə, Allaha möhtac bir insan olduğu qəbul edilməlidir.

GERİ
image