İslam və xrisianlıq

Hz. İsanın dəvətinə tabe olan səmimi xristianlar: Nəsranilər

image

Hz.İsa özündən sonra sadiq möminlər icması qoyub getdi. Əhdi-Cədidə görə, Hz.İsanın seçdiyi on iki həvari, Hz.İsanın ailəsi və Hz.İsaya iman gətirən digər yəhudilərdən ibarət olan bu icma başqaları tərəfindən "nəsranilər" (nazareans) adlandırılıb. Bu ifadənin İncildə Hz.İsa barədə işlədilən "Nasıralı İsa" sözündən törədiyi yaxud da bu ifadə ilə eyni mənbədən gəldiyi qəbul edilir.

Nəsranilər Əhdi-Ətiqə və Hz.Musanın hökmlərinə tabe olmağa davam edir, onun gətirdiyi etiqadın əmr və qadağalarına tabe olurdular. Nəsraniləri başqa yəhudilərdən fərqləndirən ən mühüm amil isə onların Hz.İsanın gətirdiyi yeni dinə inanmaları, onu bir peyğəmbər və Məsih olaraq qəbul etmələri idi. Onlar Hz.İsanın daha əvvəllər Hz.Musa tərəfindən xəbər verilən və Allahın yəhudiləri düzgün yola yönəldib dinlərini batil etiqadlardan təmizləmək üçün göndərdiyi peyğəmbər olduğuna iman gətirirdilər. Nəsranilər Hz.İsanın Allahın dərgahına yüksəldilməsindən sonra onun gətirdiyi xəbərdarlığı yaymaq üçün bütün imkanları ilə mübarizə apardılar. Əhdi-Cədidin İncillərdən sonra ən mühüm kitabı qəbul edilən "Həvarilərin işləri" bu məsələ haqqında əhəmiyyətli məlumatlar verir.

Nəsranilərin ismarıcı
"Həvarilərin işləri"ndə yazıldığına görə, Hz.İsanın şagirdləri peyğəmbərlərinin Allah dərgahına yüksəldilməsindən sonra çox ağır təzyiqlərlə üzləşdilər. Dövrün yəhudi din adamları onları azğın məzhəb kimi qəbul edir və əllərindən gələn qədər susdurmaq və səhnədən silmək istəyirdilər. Onlar romalıların nəzərində də təhlükəli idilər. Ancaq təzyiqlər və qınaqlar onları bezdirmədi. Bunun ən böyük sirri isə şübhəsiz ki, Allaha olan inamları idi. Bu inam onlara böyük səbr, birlik və qardaşlıq da qazandırmışdı. "Həvarilərin işləri"ndə bu məsələ belə izah edilir:

"Bütün iman edənlər bir yerdə idilər və hər şeyləri müştərək idi. Mallarını və mülklərini satıb hər kəsə ehtiyacına görə paylayırdılar. Hər gün birlikdə məbədə getməkdə davam edərək, evdə çörək bölüb, sevinclə və ürək sadəliyi ilə Allaha həmd edərək yemək yeyirdilər. Bütün xalqın rəğbətini qazanırdılar. Rəbb də xilas edilənləri gündən günə onların arasına əlavə edirdi" ("Həvarilərin işləri", 2/44-47).
Nəsranilərin arasındakı bərabərlik və fədakarlıq başqa yerdə belə bildirilir:

"İman edənlərin cəminin isə bir ürək və bir canı var idi və heç biri özünün olan şeylər üçün "Mənimdir", - demirdi. Çünki hər şey onlar üçün ümumi idi... Allah hamısına böyük lütflər yağdırdı. Onların aralarında ehtiyacı olan bir kimsə yox idi. Ona görə ki, torpaq və mülk sahibi olanların hamısı bunları satıb, satılmış şeylərin pulunu gətirərək həvarilərin sərəncamına verirdilər. Bu da hər birinə ehtiyacına görə paylanırdı. Məsələn, Kiprdə anadan olmuş  Levili Yusif (həvarilər ona Barnaba ləqəbini verdilər ki, bu da Təsəlli Oğlu deməkdir) də malik olduğu torpağı satdı və pulunu gətirib həvarilərin sərəncamına verdi" ("Həvarilərin işləri", 4/32-37).

Bu cür böyük bir daxili intizama malik olan nəsranilər Hz.İsanın təbliğini başqa yəhudilərə çatdırmağa davam etdilər. Hz.İsanı tanıdarkən də onun Allahın yəhudilərə göndərdiyi sonuncu peyğəmbər olduğunu söyləyirdilər. Həvari Peterin Süleyman məbədindəki bir qrup yəhudiyə xitabən etdiyi çıxış "Həvarilərin işləri"ndə belə qeyd edilir:

"İndi, ey qardaşlar, bilirəm ki, rəisləriniz kimi siz də bunu bilməyərək etdiniz... Beləliklə, günahlarınızın silinməsi üçün tövbə edin və Allaha qaydın ki, Rəbbin hüzurundan yenilənmə fürsətləri gəlsin; və sizin üçün əvvəlcədən təyin olunan İsanı, yəni Məsihi göndərsin. Allahın qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin ağzı ilə söylədiyi kimi, hər şeyin yenilənəcəyi vaxta qədər, İsa göydə qalmalıdır. Musa belə demişdi: "Allahınız Rəbb sizə qardaşlarınız arasından mənim kimi bir peyğəmbər çıxardacaq; hər işdə sizə nə söylərsə onu dinləyərsiniz. Və vaxt olacaq ki, o peyğəmbəri dinləməyən hər adam Allahın xalqından ayrılıb yox ediləcəkdir".
Şəmuel və ondan sonrakılar da daxil olmaqla bütün peyğəmbərlər nə danışdılarsa, bu günləri qabaqcadan xəbər verdilər. Siz peyğəmbərlərin varisləri, həmçinin Allahın atalarınızla kəsdiyi əhdi-peymanın varislərinsiniz. Rəbb İbrahimə belə demişdi: "Yerin bütün xalqları sənin nəslin sayəsində mübarək olacaqlar". Allah hər birinizi öz pis əməllərinizdən döndərməklə sizi mübarək etsin deyə, qulunu ortaya çıxardıb, əvvəlcə sizin yanınıza göndərdi" ("Həvarilərin işləri", 3/17-26)

Bu ifadələrdə Peter Hz.İsadan "Allahın qulu" deyə bəhs edir və onun bir peyğəmbər olduğunu vurğulayır. O, Hz.İsanın Hz.Musa tərəfindən xəbər verilən bir peyğəmbər olduğunu insanlara çatdırır və onun sözlərində "Allahın oğlu" ifadəsi öz əksini tapmır. Burada həmçinin üçləmə etiqadından və ya Hz.İsanın adına çıxarılan tanrılıq sifətindən (bu ifadədən Allaha sığınırıq) də söhbət açılmır.

Nəsranilərə göstərilən təzyiqlər
"Həvarilərin işləri"ndə bəhs edildiyinə görə, o dövrün yəhudi din adamları nəsranilərin təsirindən narahat olmağa başlamışdı. Onların təbliği ətrafa yayıldıqca bu narahatçılıq da artırdı. Həm yəhudi din adamları, həm də onlar tərəfindən qızışdırılan Roma rəhbərləri onları "siyasi yöndən" təhlükəli bir qrup sayıb hədəfə götürdü. Tarixi mənbələrə görə, nəsranilərə qarşı həyata keçirilən təzyiq siyasəti getdikcə gücləndi. Onlar bir neçə dəfə həbs edildilər, qamçılandılar və Hz.İsanın adını dillərinə gətirməmək barədə ciddi xəbərdarlıqlar aldılar. Nəsranilərin tutulması və cəzalandırılması halları eramızın 48-49-cu illərində xeyli artdı. Axırda nəsranilərin başçısı eramızın 62-65-ci illərində tutularaq öldürüldü. Nəsranilərin başqa yəhudilərlə, xüsusilə də qabaqcıl din adamları ilə (səddukilər və fəriseylər) razılaşa bilməməsinin səbəbi İncil mətnlərinə görə, bu din adamlarının "nəsildən-nəslə keçən ənənələrlə Allahın sözünü təsirsiz saymaları" idi ("Mark İncili", 7/13).

Əhdi-Cədidə görə, Hz.İsanın yaxın ailəsinin və həvarilərinin rəhbərliyi ilə yaşayan bu camaatın əsas xüsusiyyəti "bir və tək olan Allaha" inanmaları idi. Nəsranilər üçün Hz.İsa Allahın elçisi idi. Üçləmə inancı isə onlar üçün heç nə ifadə etmirdi. Onlar üçün vacib olan məsələ Hz.İsanın gətirdiyi ismarıc idi. Həmçinin nəsrani yazılarında - məsələn, Əhdi-Cədiddəki "Yaqubun məktubu"nda - həmişə Allaha imana çağırılır və daha çox iman məsələlərinin üzərində dayanılır.

48-49-cu illərdə Yəhudanın romalı valisi çox sayda nəsranini çarmıxa çəkmişdi. Romaya qarşı baş verən bütün üsyanlarda nəsranilərin də iştirak etməsi fikri qəbul olunurdu. Təzyiq 50-ci illərdə də davam etdi. Nəsrani qrupları 65-ci ildə Qüdsdən çıxdı və Mesopotamiyaya tərəf köçdülər.

"Azğınlar" və ebionlar
Nəsranilər II əsrdən etibarən kilsə rəhbərlərinin yazılarında "azğın" məzhəb kimi qeyd edilməyə başladılar. Kilsənin nüfuzlu adamlarından biri olan Yustin Martyr (Castin Martir) 150-ci ildə qələmə aldığı bir yazıda Hz.İsanı Məsih kimi tanıyan, ancaq onu yenə də adi insan sayan, yəni "Tanrının oğlu" (bundan Allaha sığınırıq) kimi qəbul etməyən bir məzhəbdən bəhs etmişdi. Martyr bu məsələni də vurğulamışdı; bu insanlar üçləməni müdafiə edən qruplar tərəfindən pislənirdi və iki tərəfin arası da çox pis idi.

Bundan təxminən yarım əsr sonra isə katolik rahib İrenaeus "Adversus Haereses" ("Azğınlara cavablar") adlı bəyanat yaydı. İrenaeusun ən çox təhqir etdiyi "azğın"ların başında "Ebionim" kimi qeyd etdiyi bir camaat gəlirdi. "Ebionim" sözü ibrani dilindəki "ebion" sözünün cəmi idi və "kasıblar" mənasına gəlirdi.
İrenaeusa görə, ebionlar camaatının "azğın" olmasının səbəbi isə Hz.İsanın adi insan olması ilə bağlı etiqadları idi. Yenə İrenaeusa görə, onlar yəhudi hökmlərinin bütün qaydalarına həssaslıqla tabe olur, digər tərəfdən dörd İncildən ancaq "Matta İncili"ni qəbul edirdilər.

Yazılı mənbələrdə bəhs edilən ebionların nəsranilər olmsaı aydınlaşır. Kilsə rəhbərləri "ebion" və "nəsrani" sözlərindən həmişə eyni camaatı ifadə etmək üçün istifadə ediblər. Məsələn, IV əsrin axırlarında Epiphanius (Epifanius) adlı bir kilsə yazarı bir yazısında "nəsrani" və "ebion" sözlərini eyni mənada və eyni camaatı ifadə etmək üçün sinonim kimi işlədirdi. Epiphaniusa görə, bu qrupun "azğınlığı" Hz.İsanın "tanrı" olduğunu rədd etmələrindən və onu sadə bir insan kimi tanımalarından qaynaqlanırdı. Epiphanius bu adamların kilsənin təsdiq etdiyi Əhdi-Cədid kitablarından yox, bu kitabların "fərqli variantlarından" istifadə etdiklərini də vurğulayırdı.

Ebionların Hz.İsanı bir insan kimi qəbul etməsi, onun adına tanrılıq nisbət etməməsi 2003-cü il dekabr ayının 22-də "Time" Yurnalında dərc edilən "The Lost Gospels" ("İtmiş İncillər") sərlövhəli bir məqalədə belə vurğulanırdı:

"Ebionlar Hz.İsaya inanır, ancaq (tədqiqatçı) Ehrmanın bildirdiyinə görə, "onu müqəddəs yəhudi kitabında vəd edildiyi kimi "yəhudilərə göndərilən yəhudi Məsihi"" kimi qəbul edirdilər. Ebionların inandığı Hz.İsa üçləmənin bir hissəsi deyildi. Onun bir insan olduğunu və özünəməxsus cəhətinin yəhudi şəriətini təkmilləşdirmək olması fikrini müdafiə edirdilər".

Qüdsdən ayrılan nəsranilər Suriya tərəfə köç etdilər və sonrakı bir neçə əsr ərzində Mesopotamiyada yaşamağa davam etdilər. Ancaq nəsranilər bir icma olaraq bu bölgədə yaşasa da nəsrani təlimləri getdikcə yayıldı və daha uzaq coğrafiyalara çatdı. Romanın Katolik kilsəsinin təsirinin gəlib çatmadığı bölgələrdə xristianlığın ən azı ilk dörd əsrində nəsrani inancına sahib olan müxtəlif xristian məzhəbləri ortaya çıxdı. Nəsrani təliminə sahib çıxan yaxud da ən azı bu təlimdən təsirlənən adıçəkilən müxalif xristian cərəyanlarının ən məşhuru əvvəlki hissələrdə üzərində dayandığımız İskəndəriyyə yepiskopu Ariusun adı ilə xatırlanan "ariusçuluq" hərəkatı idi.

GERİ
image