İslam və xrisianlıq

Hz. İsanın anadan olması

image

Allah Qur’anda Hz.İsanın anadan olmasından ölümünə kimi hər məsələdə başqa insanlardan çox fərqləndiyinə diqqət çəkir. Hər şeydən əvvəl Hz.İsa məlum olan səbəblərdən fərqli bir yaradılışla doğulmuş, yəni dünyaya atasız gəlmişdir. Allah o, anadan olmamışdan əvvəl əksər xüsusiyyətini və onu insanlar üçün bir Məsih olaraq göndərdiyini mələkləri vasitəsilə anası Hz.Məryəmə bildirmişdi. Hz.İsanın bu əsas xüsusiyyətlərindən biri onun "Allahın kəlməsi" kimi səciyyələndirilməsidir:

"...Həqiqətən Məryəm oğlu İsa Məsih ancaq Allahın peyğəmbəri, Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur..." ("Nisa" surəsi, 171)

"Mələklər dedilər: "Ya Məryəm! Həqiqətən Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa Məsihdir ki, dünyada və axirətdə şanı uca və yaxın olanlardandır..." ("Ali-İmran" surəsi, 45)

Qur’anda "Allahın kəlməsi" ifadəsi ancaq Hz.İsa üçün işlədilib. Allah Hz.İsa hələ dünyaya gəlməmişdən əvvəl onun adını bildirib. Allah Özündən bir kəlmə olaraq Hz.İsaya "İsa Məsih" adını verib. Bu, Hz.İsanın digər insanlardan fərqli bir yaradılışla yaradılmasının ifadələrindən biridir.

Allah hamiləliyi və Hz.İsanın anadan olması mərhələsində Hz.Məryəmi hər cəhətdən ən gözəl şəkildə dəstəkləmiş, ona yol göstərmişdi. Allah qövmündən uzaqda təkbaşına gerçəkləşən bu həyati hadisədə heç bir təcrübəsi və köməkçisi olmayan Hz.Məryəm üçün şəraiti uyğun hala gətirmiş, doğuş problemsiz şəkildə həyata keçmişdi. Hz.Məryəm Allahın köməyi ilə bu çətin işi təkbaşına gerçəkləşdirmişdi. Allah Hz.Məryəmə olan bu nemətini Qur’anda belə bildirir:

"Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. Dedi: "Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!" Dərhal alt tərəfindən ona belə bir nida gəldi: "Kədərlənmə, Rəbbin sənin üçün altından bir irmaq axıtdı. Xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş tökülsün! Ye-iç, gözün aydın olsun. Əgər bir adam görəcək olsan, belə de: "Mən Rəhman yolunda oruc tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!"" ("Məryəm" surəsi, 19/23-26)

Ayələrdən də göründüyü kimi, Allah vəhyi ilə Hz.Məryəmə köməyini çatdırmış, kədərlənməməsini, alt yanında onun üçün bir su arxı çıxardığını bildirmişdir. Ehtiyacı olduğu hər məsələdə yerinə yetirməli olduğu hər şeyi bildirərək ona kömək etmiş və doğuşun ən yaxşı şəkildə həyata keçməsini təmin etmişdir. Allahın Hz.Məryəmin üzərindəki mərhəməti və mühafizəsi doğum hadisəsində bütün açıqlığı ilə görünür (Ətraflı məlumat üçün Harun Yəhyanın "Nümunəvi müsəlman qadın: Həzrəti Məryəm" adlı kitabına müraciət edə bilərlər).

Hz.Məryəm qaldığı kimsəsiz yerdən Hz.İsa ilə birlikdə qövmünün yanına gələndə onlar ancaq zənnə qapılaraq Hz.Məryəmə çirkin böhtanlar atdılar. Halbuki iftira atan bu qövmün fərdləri Hz.Məryəmi tanıyır, həm onun, həm də İmran ailəsinin nə dərəcədə Allaha bağlı, dindar və namuslarına bağlı insanlar olduqlarını çox yaxşı bilirdilər. Həqiqətdə Hz.İsanın dünyaya gəlməsi forması Allahın Hz.Məryəmin qövmünə göstərdiyi böyük bir möcüzə, Allahın varlığı ilə bağlı mühüm bir dəlildir. Ancaq Hz.Məryəmin ətrafındakılar bu vəziyyəti başa düşməmiş, onun haqqında həqiqətə uyğun olmayan ittihamlarla ona çirkin böhtan atmağa çalışmışdılar:

"Uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar dedilər: "Ey Məryəm! Sən çox əcaib bir şeylə gəldin! Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!" ("Məryəm" surəsi, 27-28)

Hz.Məryəm isə əslində bu çirkin böhtan və ittihamlarla imtahan edilirdi. Allaha çox bağlı olan namuslu bir insana bu cür böhtan atılması Allahın onun üçün yaratdığı bir imtahandır. Bu vəziyyət qarşısında Hz.Məryəm tez Allaha sığınmış və onların bu böhtanlarının müqabilində Allahın ona kömək edəcəyini bilərək təvəkkül etmişdi. O, köməyi və dəstəyi ancaq Allahdan gözləmiş və hər dəfə də Allahın geniş rəhməti və mərhəməti ilə əvəz görmüşdü.

Allah çətin vəziyyətdə olan bu seçilmiş bəndəsinə yenə bir möcüzə ilə kömək göstərmiş və qövmü onunla danışmaq istəyəndə susmasını və böhtançılara Hz.İsaya işarə etməsini bildirmişdi. Allahın Hz.Məryəmə bildirdiyi bu əmr Qur’anda bu cür xəbər verilir:

"...Əgər bir adam görəcək olsan, belə de: "Mən Rəhman yolunda oruc tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam"" ("Məryəm" surəsi, 26)

Allah Hz.Məryəmə Hz.İsanın anadan olacağını müjdələdiyi vaxt onun hələ beşikdəki körpə ikən danışacağını da xəbər vermişdi. Həmin möcüzə belə bir çətin vəziyyətdə Hz.Məryəmə Rəbbimizdən böyük dəstək olmuşdu:

"O, beşikdə ikən də, yaşa dolduqdan sonra da insanlarla danışacaq və salehlərdən olacaqdır" ("Ali-İmran" surəsi, 46)

Allah Hz.Məryəmin verəcəyi açıqlamanı möcüzəli bir şəkildə Hz.İsaya etdirmişdir. Beləliklə, həm Hz.Məryəmə atılan böhtanlardan təmizləmiş, həm də bir möcüzə ilə Hz.İsanın elçiliyini İsrail oğullarına müjdələmişdi:

"Ona işarə etdi. Onlar: "Beşikdə olan uşaqla necə danışaq?" - dedilər. İsa dedi: "Mən həqiqətən Allahın quluyam. O, mənə kitab verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar etdi, zülmkar, asi eləmədi! Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim gün də mənə salam olsun!"" ("Məryəm" surəsi, 29-33)

Hz.İsa Allahın qulu olduğunu, ona kitab verildiyini və yetkin olanda insanlara təbliğ etmək vəzifəsi daşıyacaq bir peyğəmbər olduğunu, Allah üçün namaz qılıb zəkat verməli olduğunu, anası Hz.Məryəmə hörmət edib sözünə qulaq asmalı olduğunu, öləcəyi və qiyamət günü dirildiləcəyini də bilir.

Bu vəziyyət İsrail oğullarına fövqəladə bir həqiqətlə qarşı-qarşıya olduqlarını, gözlədikləri Məsihin dünyaya gəldiyini sübut etmişdi. Allah belə buyurur:

"İsmətini qoruyanı da yad et! Biz Öz ruhumuzdan ona üfürdük, onu və oğlunu aləmlərə bir möcüzə etdik"
("Ənbiya" surəsi, 91)

Ayələrdə İsrail oğullarına bir xəbər də verilir: onlara göstərilən bütün möcüzəli hadisələrə baxmayaraq Hz.Məryəmə böhtan atmağa davam edənlər üçün böyük bir əzab var ("Nisa" surəsi, 4/156-157)

GERİ
image