İslam və xrisianlıq

Fəriseylər və Zilotlar

image

Fəriseylər
Fəriseylər isə saddukilərdən bir çox mövzularda fərqlənən, onlarla ziddiyyət təşkil edən bir məzhəb idi. Onlar başda Tövrat olmaqla müqəddəs yazılarla maraqlanır, xalq arasında dini nüfuz sahibi kimi qəbul edilir və hörmət görürdülər. Saddukilərin məbədi idarə etməsinə qarşı çıxır, onların bütün dindənkənar davranışlarını tənqid edirdilər. Saddukilərin əksinə olaraq ruhun varlığına, ölümdən sonrakı həyata, cənnət və cəhənnəmə inanırdılar. Saddukilər kimi Roma üsul-idarəsi ilə sıx əlaqədə deyildilər. Romalıların gətirdiyi Ellin mədəniyyətini əsla qəbul etmirdilər. Lakin Pax Romana adlandırılan və Romanın hakim olduğu torpaqlarda bir sülh şəraitinin mühafizəsini irəli sürmək kimi tətbiqat üsulu onlar üçün də sərfəli idi.

Fəriseylər əslində dini hissiyyatı güclü olan və dinsizliyə qarşı çıxan bir qrupdur. Onlar "şifahi (sözlü) ənənə" adı altında dini mühafizə etməyə və onu yəhudi cəmiyyətinin arasında təbliğ etməyə çalışmışdılar. Hz.Musanın şəriətinin hakim şəriət olması üçün çalışmış, hətta bu məqsədlə döyüşmüşdülər. Bəzi tarixçilər Hz.İsanın təbliğinin ən çox fəriseylərin görüşünə yaxın olduğunu deyərək Hz.İsanın da bu dindar insanlarla birlikdə olduğu fikrini müdafiə edirlər. Lakin İncildə Hz.İsanın fəriseylərlə bağlı müxtəlif xatırlatmaları, xəbərdarlıqları var. Bununla yanaşı İncildə Hz.İsanın fəriseylərlə dostluq etməsi, birlikdə yemək yeməsi barədə xəbərlər də yer alır ("Luka İncili", 7/36; "Luka İncili", 11/37; "Luka İncili ", 14/1).

Zilotlar
Saddukilər və fəriseylərdən sonrakı ən aktiv qrup zilotlardır. Bu insanların çoxu fərisey mənşəli idi. Lakin onlar Roma işğalına qarşı hiss etdikləri müqavimət səbəbilə radikallaşaraq haqqında danışılan yeni qrupu təşkil etmişdilər. Zilotlar Romaya qarşı silahlı mübarizənin zəruriliyinə inanırdılar. Buna görə də bir müqavimət təşkilatı kimi hərəkət etmiş və partizan taktikası ilə həm romalılara, həm də onlarla sıx əlaqədə olan yəhudilərə qarşı sui-qəsdlər hazırlamış, bəzən də böyük üsyanlar etmişdilər. Zilotların bir qolu bıçaqla silahlanaraq həyata keçirdikləri sui-qəsdlər nəticəsində Hz.İsa dövründə "sicariyi" ("xəncərlilər") kimi xatırlanırdılar.

Bu qrup Böyük Herod dövründə tamamilə fərqli bir siyasi görüşü müdafiə edərək ortaya çıxmışdı. Miladi tarixlə 6-cı ildə Yəhudiyyə birbaşa Roma hakimiyyətinə keçib rəsmi hakimlər vergiyığma məsələsində yeni tənzimləmələr həyata keçirəndə yəhudiyyəli Cudasın rəhbərlik etdiyi zilotlar üsyan etmək istədilər. Bütpərəst Roma imperatorunun hakimiyyətini qəbul etmək onlar üçün Allahın hakimiyyətini rədd etmək və köləliyi qəbul etmək demək idi.

Bu ilk üsyan qısa müddətdə yatırılmış, onların böyük bir hissəsi öldürülmüş, lakin yerdə qalanlar müqavimət göstərməyə davam etmişdilər. Daha sonra bu üsyan silahlı mübarizə halını alaraq I Yəhudi üsyanı (miladi tarixlə 66-70) ilə nəticələnmiş və Masada qalasında baş verən qətllə sona çatmışdı. Hz.İsa dövründə Məsihi gözləyən müəyyən fanatik cərəyanlar ortaya çıxmış və çoxlu sayda tərəfdar toplaya bilmişdi. Romalılar bu hərəkətlərə qarşı dərhal ciddi tədbirlər görmüş, hər bir təzyiq və nəzarəti gücləndirmiş, xalqı narahat edən hər hansı bir hərəkət baş verərsə, dərhal sərt və amansız rəftar etmişdilər. Sonra isə yəhudilər romalıların bu həssaslığından Hz.İsaya qarşı istifadə etmişdilər. Məsihi gözləyən zilotlar Hz.İsanın təbliğinə böyük maraq göstərmişdilər.

GERİ
image