İslam və xrisianlıq

Essənilər və Ölü dəniz kitabələri

image

Dördüncü qrup olan essənilər isə əvvəlki üç qrupun əksinə olaraq Qüdsdə və ya başqa şəhər və qəsəbələrdə deyil, İordaniya vadisinin ucqar bölgələrində yaşayırdılar. Onlar digər üç qrupa nisbətən dinlərinə daha çox bağlı, batini (daxili) yöndən qüvvətli bir təriqət idilər. O dövrdə çox məşhur olan bir inanc onlarda da hakim idi: onlar Məsihin yaxınlarda gələcəyinə, İsrail oğulları arasında azğınlıqları, sapmaları və fikir ayrılıqlarını aradan qaldıracağına, ölkəni işğaldan xilas edəcəyinə inanırdılar. Ellin mədəniyyətinə və Roma üsul-idarəsinə tamamilə qarşı olan bu qrup Hz.Musanın gətirdiyi şəriəti ən ideal şəkildə tətbiq etməyə çalışırdı. Vəd edilən Məsih gələnə qədər özlərini bu dünyadan təcrid edib ibadətə həsr etmişdilər. Onlar İordaniya vadisindəki mağaralarda yaşayır və bütün vaxtlarını dini mətnlər üzərində çalışmaqla keçirirdilər.

Flavius öz kitabında bu qrup haqqında müxtəlif şərhlər vermişdir. Lakin 1947-ci ildə Kumranda tapılan çoxlu əlyazmanın essənilər adlandırılan bu təriqətə aid olduğu ortaya çıxdığı zaman bunlar haqqında ən çox məlumat bilinən bir qrupa çevrilmiş, əlyazmaların əhatə etdiyi mövzulara aid şərhlər bu təriqətin əhəmiyyətini daha da artırmışdı.

1947-ci ildə Ölü dənizin şimal-şərqində Kirbet Kurman adlı yerdəki mağaralarda Ölü dəniz kitabələri adlı mətnlər tapıldı. Sonrakı illərdə aparılan araşdırmalar nəticəsində 600-ə yaxın ibrani-arami dilində əlyazma və çoxlu sayda parçalar tapıldı. Bu tapıntıların arasında o dövrə aid olan Tövrat mətnləri və əvvəllər məlum olmayan yəhudi dini mətnləri, bu yazıların sahibi olan təriqətin gündəlik həyatından və qaydalarından bəhs edən mətnlər, çoxlu müxtəlif mətnlər var.

Uzun müddət aparılan tədqiqatlardan sonra bu mətnləri yazanların bir yəhudi təriqəti olduğu dəqiqləşdirilmiş və bunların tarixçi Cozefusun bəhs etdiyi essəni təriqəti olduğu ümumi şəkildə qəbul edilmişdir. Roma yazıçısı kiçik Plinusun Kirbet Kumranı essənilərin yaşadığı yer kimi göstərməsi bu qənaəti daha da qüvvətləndirmişdir. Bu mətnlərin ən köhnəsinin miladdan öncə 200-cü ilə, ən yenisinin isə miladdan sonra 68-ci ilə aid olduğu müəyyən edilmişdir. Bu tarix həmçinin romalı general Vepassianusun yəhudi üsyanını yatırmaq üçün başladığı hücumlarla eyni vaxta təsadüf edir.

Mətnlər tədqiq ediləndə essənilərin həyatına və inanclarına aid məlumatların olduğu ortaya çıxmışdır. Yaxın zamanlarda gələcək xilaskar peyğəmbəri gözləyən bu təriqət müqəddəs mətnlərə, qanunlara nizam-intizam içində və ciddi şəkildə riayət edir, saddukilər cərəyanının əksinə olaraq axirətə, alın yazısına, mələklərə, cənnət və cəhənnəmə inanırdı. Bundan əlavə, bu təriqətin üzvləri özlərini Tanrının xidmətindəki "işığın uşaqları" kimi görür və "qaranlığın uşaqları" ilə aparacaqları döyüşə hazırlaşırdılar. "İşığın uşaqları" ifadəsi İncildə də var. Bu təriqətin üzvləri təmizliyə çox üstünlük verir, gündə bir neçə dəfə yuyunub təmizlənir, bir-birinə qardaş kimi münasibət göstərir və qardaş sevgisinə əhəmiyyət verirdilər. Məsihi gözləmək bu topluluğun inancının əsasını təşkil edir. Nəticə olaraq demək olar ki, bu topluluqda gözləmə və zamanın sonunun yaxınlaşdığı düşüncəsi çox qüvvətlidir. Bu topluluğun yazılarında gəlməsi gözlənən və ya üstün xüsusiyyətləri ilə bəhs edilən birdən artıq insan var. Lakin bunların həqiqi mahiyyəti hələ tam məlum deyil. Bu insanlar məsih-rahib, məsih-kral və ədalət ustadı ifadələri ilə bildirilir.

Aparılan tədqiqatların nəticəsi kimi söyləmək olar ki, essənilər fəriseylərlə davam edən ənənənin bir qolu və eyni dini görüşə bağlı olan topluluqdur. Onlar da fəriseylər kimi saddukilərin rəsmi yəhudilik və Tövrat görüşündən ayrılmış və zahidlik həyatı keçirərək dini yaymağa çalışmışdılar. Bu dindar qrup əlində olan mətnlərə əsaslanaraq yaxında bir xilaskarın, Məsihin gələcəyini də bilir və buna hazırlaşırdı. Bu isə o dövrdə bütün maneələrə baxmayaraq həqiqi dinin mövcud olduğunu göstərən mühüm dəlillərdən birini təşkil edir. Burada qeyd edilməli olan başqa bir mühüm cəhət isə Hz.İsanın dövründə yəhudi cəmiyyətində olan parçalanmadır. Bu millət həm bütpərəst işğalçı hökumət tərəfindən idarə edilir, həm də öz dininə aid müxtəlif fikir ayrılıqları ilə üzləşirdi. Bir-birindən çox fərqli düşüncələrə malik olan məzhəblər əsl yəhudiliyi yalnız özlərinin təmsil etdiklərini iddia edirdi. Bir çox yəhudi də dünyadan ümidini kəsmiş və yaxın zamanlarda baş verəcək qiyaməti gözləməyə başlamışdı.

GERİ
image