İslam və xrisianlıq

Hz. İsanın Allaha dua etməsi

image

Üçləmə inancını təkzib edən başqa bir dəlil isə bu mübarək insanın Rəbbimizə olan səmimi dualarıdır. Dua edən insan Allahın varlığını və birliyini, Onun qarşısındakı acizliyini, ona yeganə kömək edənin Allah olduğunu və Ondan başqa ibadət ediləcək heç bir gücün olmadığını qəbul etmiş adam mənasına gəlir. Dua Allaha olan dərin təslimiyyətin, insanın öz şəxsi acizliyinin fərqində olmasının ən gözəl ifadə formalarından biridir. Rəbbimiz bütün qüsurlu sifətlərdən uzaq olandır və sonsuz qüdrət sahibidir. Kainatda bütün qüdrət yalnız Ona məxsusdur. Kömək və bağışlanma yalnız və yalnız bütün insanların möhtac olduğu, Özünün isə heç kimə ehtiyacı olmayan Allahdan istənilir. Hz.İsanın duaları da onun Allaha olan təslimiyyətinin və malik olduğu güclü Allah qorxusunun ən səmimi və sadə əlamətlərindədir. İncildə bildirildiyinə görə, Hz.İsa həm şükr etmək, həm də istəyini çatdırmaq məqsədilə Rəbbimizə dua edib. O, istəklərini yerinə yetirə biləcək yeganə gücün və mütləq Qüdrətin Allah olduğunu bilirdi.

"Bir az irəli getdi, yerə üzüqoylu döşəndi və dua etdi..." ("Matta İncili", 26/39).
"Xalqa əmr etdi ki, ot üzərində otursunlar. Beş çörəklə iki balığı götürdü, göyə baxaraq Allaha şükr duası etdi..." ("Matta İncili", 14/19).
"Və xalqı buraxdıqdan sonra, dua etmək üçün tək-tənha dağa çıxdı. Axşam düşdükdə orada tək idi" ("Matta İncili", 14/23).
"Səhər gün doğmazdan əvvəl İsa qalxdı və çıxıb tənha bir yerə getdi. Orada dua etməyə başladı" ("Mark İncili", 1/35).
"Onları yola salandan sonra dağa, dua etməyə getdi" ("Mark İncili", 6/46).
"İsa şagirdlərinə dedi: "Mən dua edərkən, siz burada oturun"" ("Mark İncili", 14/32).
"O günlərdə İsa dua etmək üçün dağa çıxdı, bütün gecəni Allaha dua ilə keçirdi" ("Luka İncili", 6/12).
"İsa bir yerdə dua edirdi. Bitirdiyi zaman şagirdlərindən biri ona dedi: "Ya Rəbb! Yəhya öz şagirdlərinə öyrətdiyi kimi, Sən də bizə dua etməyi öyrət"" ("Luka İncili", 11/1).
"...Amma mən sənin üçün dua etdim ki, imanın azalmasın; sən də bir zaman dönüb öz qardaşlarına qüvvət ver" ("Luka İncili", 22/32).

Hz.İsanın Rəbbimizin ən gözəl sifətlərini anaraq etdiyi səmimi duası Qur’anın bir ayəsində belə bildirilir:

"Məryəm oğlu İsa dedi: "Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o həm bizim, həm də bizdən sonra gələnlər üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi  verənlərin ən yaxşısısan!"" ("Maidə" surəsi, 114).

Allah Hz.İsanın bu duasını qəbul edib və belə buyurub:

"Allah buyurdu: "Mən onu sizə, əlbəttə, nazil edərəm. Lakin ondan sonra sizlərdən kim küfrə düşərsə, ona aləmlərdə olanlardan heç kəsə verməyəcəyim bir əzab verərəm!"" ("Maidə" surəsi, 115).
Hz.İsa Allaha dua edərək Ondan bir süfrə göndərməsini istəyib. Allah Hz.İsanın bu duasını qəbul edərək Onun istəyini yerinə yetirib. Ancaq yaddan çıxarılmamalıdır ki, Hz.İsanın bu möcüzəni yerinə yetirəcək müstəqil və xüsusi bir gücü yoxdur. O, Allahın sonsuz yaratma gücünü insanlara göstərməsində elçilik vəzifəsini icra edən çox mübarək bir bəndədir.

 

Hz. İsa İncildə "Allahın elçisi" adlandırılıb
Üçləmə etiqadının əsasında Hz.İsanın Allahın hökm və əmrlərini təbliğ edən bir elçi və ya başqa peyğəmbərlər kimi Allahın göndərdiyi bir bəndə kimi deyil, "Allahın oğlu" (bundan Allaha sığınırıq) şəklində görmək düşüncəsi dayanır. Halbuki İncildə Hz.İsanın Allahın vəhyini təbliğ edən, insanları iman gətirməyə və Allaha təslim olmağa dəvət edən bir elçi olduğu xəbər verilir. Hz.İsa da "göndərilmiş bir elçi" olduğunu öz təbliğatında həmişə ifadə edib. Hz.İsanın Allahın söylədiyi "Mən onlara Sənin sözünü çatdırdım" ("Yəhya İncili", 17/14) sözü diqqəti xüsusilə cəlb edir. O da Hz.Süleyman, Hz.Musa, Hz.Davud, Hz.Muhəmməd (s.ə.v.) kimi bir peyğəmbərdir, Allahın əmr və buyruqlarını təbliğ edən elçidir. Həmçinin bir İncil ayəsində Hz.Musanın "Allahınız Rəbb sizə qardaşlarınızdan mənim kimi bir peyğəmbər çıxaracaq" ("Həvarilərin işləri", 7/37) deyə söylədiyi xəbər verilir. Hz.İsanın peyğəmbərliyini təsdiq edən İncil ifadələrindən bəziləri bu cürdür:

"Məni sevməyən sözlərimə riayət etməz və eşitdiyiniz söz mənim deyil, məni göndərən Allahındır" ("Yəhya İncili", 14/24).
"Əgər Rəbbimin işlərini görmürəmsə, mənə iman etməyin. Amma görürəmsə, mənə iman etmirsinizsə də o işlərə iman edin" ("Yəhya İncili", 10/37-38).
"İsanın göstərdiyi möcüzəni görən xalq: "Doğrudan da dünyaya gəlməli olan peyğəmbər budur", - dedi" ("Yəhya İncili", 6/14).
"Həmin adam Allahın və bütün xalqın önündə əməldə və sözdə qüdrətli peyğəmbərdi" ("Luka İncili", 24/19).
"...Çünki məni göndərəni tanımırlar" ("Yəhya İncili", 15/21).
"Allah hər birinizi öz pis əməllərinizdən döndərməklə sizi mübarək etsin deyə, Öz qulunu ortaya çıxardıb əvvəlcədən sizin yanınıza göndərdi" ("Həvarilərin işləri", 3/26).
"Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar. Mən Səni yer üzündə ucaltdım. Sənin Mənə icra etmək üçün tapşırdığın işi yerinə yetirdim. Dünyadan mənə verdiyini adamlara Sənin adını açıqladım. Sənin idilər, onları Mənə verdin və Sənin sözünə riayət etdilər. İndi bilirlər ki, mənə verdiyin hər şey Səndəndir. Çünki mənə bildirdiyin sözləri onlara bildirdim və onlar qəbul etdilər. Səndən çıxıb gəldiyimi də həqiqətən anladılar və məni Sənin göndərdiyinə iman etdilər" ("Yəhya İncili", 17/3-8).
"Sizə doğrusunu, doğrusunu deyirəm: mənim göndərdiyim kimsəni qəbul edən məni qəbul edər və məni qəbul edən məni göndərəni qəbul edər" ("Yəhya İncili", 13/20).
"...Mən özüm özlüyümdən gəlmədim, amma məni göndərən haqqdır. Və siz Onu tanımırsınız. Mən Onu tanıyıram, çünki Ondanam və məni O göndərdi" ("Yəhya İncili", 7/28-29).
"İsa onlara dedi: "Başqa yaxın qəsəbələrə gedək ki, oralarda da təbliğ edim, çünki mən buna görə gəlmişəm"" ("Mark İncili", 1/38).
"İsa dedi: "Allahın tələb etdiyi iş budur: Onun göndərdiyi adama iman edəsiniz"" ("Yəhya İncili", 6/29).
"Allahın göndərdiyi kimsə Allahın kəlamlarını söylər..." ("Yəhya İncili", 3/34).
"...Məni göndərən Haqqdır və mən Ondan eşitdiklərimi dünyaya söyləyirəm" ("Yəhya İncili", 8/26).
"...İsa onlara: "Məndə elə yemək vardır ki, onu siz bilməzsiniz", - dedi. Buna görə də şagirdlər bir-birilərinə: "Kimsə ona yemək gətiribmi?" - deyirdilər. İsa onlara dedi: "Mənim yeməyim məni göndərənin iradəsini yeritmək və Onun işini tamamlamaqdır", - dedi" ("Yəhya İncili", 4/31-34).

 

Hz. İsanın apardığı təbliğatın əsası Allaha iman və qulluqdur
Üçləmə etiqadına görə, xristianlığın əsas şərti Hz.İsaya iman gətirməkdir və üçləməyə inanmayan bir adam həqiqi xristian deyil. Halbuki İncildə bu iddiaları puça çıxaran çox aydın ifadələr var. Xüsusilə də Hz.İsanın təbliğatı insanları yalnız Allaha iman gətirməyə dəvət etmək üzərində qurulub. Hz.İsa ətrafındakı insanların suallarını, şübhələrini, tərəddüdlərini onları Allaha təslim olmağa dəvət edərək aradan qaldırır.

"İsa ona belə dedi: "Belə yazılmışdır ki, Allahın olan Rəbbə səcdə qıl və yalnız Ona qulluq et"" ("Luka İncili", 4/8).
"Sizə doğrusunu deyirəm: Mənim sözümü dinləyib məni göndərənə iman edənin əbədi həyatı vardır və məhkum edilməz, lakin ölümdən həyata keçmişdir" ("Yəhya İncili", 5/24).
"Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edəcək, digərini isə sevəcək, ya da birinə bağlı qalacaq, digərinə isə xor baxacaqdır. Siz həm Allaha, həm də pula qulluq edə bilməzsiniz" ("Matta İncili", 6/24).
"İsa ona dedi: "Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün düşüncənlə sev"" ("Matta İncili", 22/37).
"Din alimlərindən biri gəlib onların mübahisələrini dinlədi. Və İsanın onlara yaxşı cavab verdiyini görəndə: "Əmrlərin ən birincisi hansıdır?" - deyə soruşdu. İsa da cavab verdi: "Əmrlərin ən birincisi: "Dinlə ey İsrail! Allahımız Rəbb, bir olan Rəbbdir. Və Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla, bütün düşüncənlə və bütün qüvvətinlə sev"". İkincisi buna bənzərdir: "Qonşunu özün kimi sev. Bunlardan daha böyük əmr yoxdur". Din alimi ona dedi: "Lap yaxşı, müəllim! Doğru dedin ki, Allah birdir və Ondan başqası yoxdur"" ("Mark İncili", 12/28-32).
"Bundan sonra daşı qaldırdılar. İsa da gözlərini yuxarıya qaldırıb dedi: "Ey Rəbb, məni eşitdiyin üçün sənə minnətdaram. Əlbəttə, məni daim eşidəcəyini bilirdim, amma bunu ətrafımda duran xalq üçün söylədim ki, məni Sənin göndərdiyinə iman etsinlər"" ("Yəhya İncili", 11/41-42).
"İsa yüksək səslə dedi: "Mənə iman edən, mənə deyil, məni göndərənə iman edər. Və məni görən, məni göndərəni görür. Mən dünyaya nur olaraq gəldim ki, Mənə iman edən heç kimsə zülmətdə qalmasın. Və kim sözlərimi eşidib inanmazsa, ona mən hökm etmərəm, çünki dünyaya hökm etməyə gəlməmişəm, ancaq dünyanı xilas etməyə gəlmişəm. Məni rədd edib, sözlərimi qəbul etməyənə hökm edən bir şey vardır: Son gündə ona hökm edəcək olan, söylədiyim sözdür. Çünki mən özümdən söyləmədim; məni göndlərən Allahın Özü nə deyəcəyimi və nə söyləyəcəyimi mənə əmr etdi. Və bilirəm ki, Onun əmri əbədi həyat deməkdir. Söylədiyim şeyləri Allah mənə necə dedisə, eləcə də söyləyirəm"" ("Yəhya İncili", 12/44-50).

Yuxarıdakı İncil ayələrindən də göründüyü kimi, Hz.İsa bütün başqa peyğəmbərlər kimi Allaha bütün ürəyi ilə təslim olan mübarək bir bəndədir. O, insanlara Allahın vəhyini çatdırıb, onlara Allaha Onu bir və tək qəbul edərək iman gətirməyə dəvət edib. Dünyada yaşadığı dövrdə çox çətinliklərə məruz qalıb. Hz.İsa öz təbliğatını apararkən ona mane olmağa çalışan çoxsaylı din əleyhdarlarının olmasına baxmayaraq çox üstün səbr göstərərək Allahın dinini başa salmağa davam edib. Şiddətli Allah qorxusu ilə son ana kimi insanları bütün kainatın yaradanı olan Allaha iman gətirməyə və Ona qulluq etməyə çağırıb. Bütün bunlar Hz.İsanın Allahın oğlu deyil, xalqına Allahdan müYdələr gətirən, insanları axirət günü ilə bağlı xəbərdar edən, gözəl əxlaqa dəvət edib hər cür mənfilikdən xilas olmaları üçün onları imana çağıran bir peyğəmbər olduğunu ortaya qoyur. Təkcə Hz.İsa deyil, bu müqəddəs insanın nəsihətlərinə qulaq asan və onun ardınca gedən ilk möminlər də Hz.İsa kimi muvahhid (Allahı tək olaraq qəbul edənlər) idilər. Məruz qaldıqları təzyiqlər onları qətiyyən bezdirməyib, Allahı bir olaraq qəbul edənlər Hz.İsanın yolundan heç bir şəkildə dönməyiblər. Bu adamlar nəsranilərdir.

GERİ
image