İslam və xrisianlıq

Mütəşabih ifadələrin səhv yozulması

image

İncil tədqiqatçılarının üzərində xüsusi dayandığı məsələlərdən biri də İncildə qeyd edilən ifadələrin birbaşa mənaları ilə deyil, məcazi mənada başa düşülməsidir. Məsələyə bu aspektdən baxanda qeyd edilən ifadələrin fərqli mənalara gəldiyini görmək olar. Qur’anda da çoxsaylı mütəşabih (zahiri mənası nəzərdə tutulmayan və həqiqətlərin təşbih və təmsil yolu ilə bəyan edilməsi zamanı istifadə olunan ifadələr) ayələr var. Həmçinin əksər xristian tədqiqatçıları bu izahları verərkən Qur’an ayələrində qeyd edilən ifadələrlə İncildə olan bəzi ifadələr arasında əlaqə qurmağa çalışırlar. Carlos Madrigal (Karlos Madriqal) "Üç Tanrımı, tək Tanrımı? Tövhiddə təslis" adlı kitabında bunları bildirir:

"Tanrı Özünü tanıdarkən insanların asan başa düşəcəyi rəmzi ifadələr işlədir. Buna "insan bənzəməsi" (antropomorfik) terminlər deyilir. Müqəddəs Kitabda da, Qur’anda da Tanrıdan bəhs etmək üçün "üz, əllər" və s. fiziki sifətlər işlədilir. "Ona bənzər heç bir şey yoxdur" ("Şura" surəsi, 11) ifadəsi bir həqiqəti bildirir. Amma bunu Tanrının Özünün Onu başa düşməyimiz üçün işlətdiyi oxşatmalarla qarışdırmamaq lazımdır. Qur’anda da "Allahın əli", "Allahın ovcu", "Allahın gözləri" kimi ifadələrə rast gəlirik... Bu ifadələri bir məcaz kimi başa düşməkdə heç kim çətinlik çəkməz. Elə isə "Ata" və ya "oğul" ifadələrini məcaz kimi qəbul etməyəcəyikmi? Tanrıya nisbət edilən insana məxsus ifadələr bizə həqiqi bir təsvir deyil, yalnız işarə və təlqinlər verir. Buna görə də bunlar təsviredici təşbehlər deyil. Heç kimin Tanrını fiziki bir məna verərək Onu bir şeyə oxşatmağa haqqı yoxdur (bu, bütpərəstlik olardı)... Amma bunun müqabilində O, özünü uyğun bildiyi rəmzə oxşada bilər. Tanrı hər şeyi sevgi ilə yaratdı. O, hər şeyin mənbəyidir. Hər şeyin Onun sevgisi ilə yaradıldığını bildirmək üçün "Ata" ifadəsi çox gözəl bir sözdür".

Bu şərh İncildə işlədilən məcazi ifadələrin başa düşülməsi baxımından çox əhəmiyyətlidir. Rəbbimiz Qur’an haqqında belə buyurur: "...Biz Qur’anı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müYdə olaraq nazil etdik!" ("Nəhl" surəsi, 89). "Ənam" surəsində isə "...Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna cəm ediləcəkdir" ("Ənam" surəsi, 38) şəklində buyrulur. Qur’anda hər şey ən mükəmməl, ən hikmətli və əsaslı şəkildə açıqlanıb. Rəbbimiz bəzi ayələrdə bizə müxtəlif mütəşabih və məcazi ifadələrlə də yol göstərir. Ayələrdə belə buyrulur:

"Allahın əli"

"Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar..." ("Fəth" surəsi, 10)

"...De: "Həqiqətən, nemət Allahın əlindədir və onu istədiyi şəxsə bəxş edər. Allahın (rəhməti) genişdir, biləndir!"" ("Ali-İmran" surəsi, 73)

"Yəhudilərə dedilər: "Allahın əli bağlıdır!" Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lənətə gəldilər. Xeyr, Allahın iki əli açıqdır. İstədiyi kimi ehsan edər..." ("Maidə" surəsi, 64)

"Kitab əhli bilsin ki, onlar Alahın lütfünə heç bir vəchlə mane ola bilməzlər. Şübhəsiz ki, lütf Allahın əlindədir, onu istədiyinə bəxş edər. Allah çox böyük lütf sahibidir!" ("Hədid" surəsi, 29)

 

"Allahın ovcu"

"Onlar Allahı lazımınca qiymətləndirmədilər. Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. Allah Ona aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!" ("Zumər" surəsi, 67).

"Allahın üzü"

"Və Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə. Allahdan başqa heç bir tanrı yoxdur. Onun üzündən başqa hər şey məhvə məhkumdur. Hökm Onundur. Siz məhz Onun hüzuruna qaytarılacaqsınız!" ("Qəsəs" surəsi, 88)

"(Yer) üzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin üzü baqidir" ("Rəhman" surəsi, 26-27)

"Şərq də, Qərb də Allahındır. Hansı tərəfə yönəlsəniz Allahın üzü oradadır. Şübhəsiz ki, Allah genişdir, biləndir!" ("Bəqərə" surəsi, 115)

"Ənfal" surəsində isə belə buyrulur:

"Onları siz öldürmədiniz, Allah öldürdü. Atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri yaxşı bir imtahandan keçirtdi. Allah eşidəndir, biləndir!" ("Ənfal" surəsi, 17)

Bu ayə ilə sonsuz güc və qüdrət sahibi olan Rəbbimizin bütün əmr, hökm və işləri, Onun bütün hadisələri meydana gətirən yeganə güc olduğu bildirilib. Allah istəməsə, insanın heç bir şeyə güc çatdırması, heç bir hərəkət etməsi, ağzını açıb danışa bilməsi mümkün deyil. Allah insanların bütün əməllərini, bütün danışdıqlarını və bütün fikirləşdiklərini bilir. Heç bir insan onu yaradan Rəbbimizdən asılı olmadan bir gücə və iradəyə malik ola bilməz. Allah "İnsan" surəsində "Allah istəməsə, siz istəyə bilməzsiniz" ("İnsan" surəsi, 30) şəklində buyurur. Bu ayələrdə bildirilən ifadələrin hər biri Allahı insanlara tanıdır.

 

Hz.İsanın çox üstün bir bəndə olduğunu, Allaha yaxınlığını vurğulamaq məqsədilə işlədilə bilər
Həvarilər və ilk xristianlar Hz.İsanın Allaha olan bağlılığına, səmimiyyətinə, dərin imanına, səbrinə, cəsarətinə, Allahın vəhyini tətbiq edərkən qərarlı olmasına,  Allahın lütfü ilə həyata keçirdiyi möcüzələrə və üstün əxlaqına şahid olublar. Hz.İsanın anadan olmasından Allah dərgahına yüksədilməsinə kimi həyatının hər dövrü çox böyük möcüzələrlə doludur. Hz.Məryəmin hamilə qalması və Hz.İsanın dünyaya gəlməsi, körpə olarkən danışıb təbliğat aparması, xəstələri sağaltması, ölüləri diriltməsi, Allah dərgahına yüksəldilməsi onun nə qədər dəyərli və fövqəladə bir məqama sahib olduğunu göstərir. İncildə çox geniş şəkildə qeyd edilən bu məsələlər öz təsdiqini Qur’an ayələri ilə də tapır. Rəbbimiz Hz.İsanın, anası Hz.Məryəmin və İmran ailəsinin seçilmiş şəxslər olduğunu bildirir.

İlk xristianların Hz.İsadan bəhs edərkən göstərdiyi coşğunluq bir çox xristian ilahiyyatçıları tərəfindən qeyd edilib. Əhdi-Cədid mütəxəssislərindən biri olan Yohn Marsh (Con Marş) "Yesus in his Lifetime" ("Hz.İsanın həyatı") adlı əsərində "Hz.İsanın ilk ardıcıllarının "Allahın oğlu" sifətindən onun Allah tərəfindən çox xüsusi bir vəzifə üçün seçildiyini və buna görə də Allahla çox xüsusi bir bağlantısının olduğunu bildirmək üçün istifadə etdiklərini"67 vurğulayır. E.P.Sanders isə Hz.İsanın "Allahın oğullarının olduğu bir millətin arasında xüsusi vəzifə üçün seçilən bir Allah oğlu" olduğunu bildirir.

Paul Knitter (Pol Nitter) "No Other Name" ("Başqa adı yoxdu") adlı kitabında bu üslubdan belə söhbət açır:
"Əhdi-Cədid müəllifləri Hz.İsadan bəhs edərkən analitik filosofların, çılğın xarakterli möminlərin, alimlərin deyil, sevgi ilə dolu olan adamların dilindən istifadə edirlər. Krister Stendalın təkidlə üzərində dayandığı məsələ bunun "dini dil", yəni "sevgi, şəfqət dili" olmasıdır. Xristianlar Hz.İsanı "tək" kimi tərif edərkən metafizik bir prinsipi nəzərdə tutmur, Hz.İsa ilə fərdi insani əlaqə yaratmağa və ona olan bağlılıqlarının təfərrüatlarını göstərməyə çalışırdılar. Xristian ifadələri başa düşüldüyü və işlədildiyi kimi ancaq kilsənin sevgi dilidir. Qəlbin və beynin dilləri şübhəsiz ki, bir-birinə zidd deyil, lakin hər ikisi də fərqlidir. Və bu fərqlərə hörmət göstərilməlidir. Eyni zamanda Hz.İsanın "Allahın oğlu", hətta "tək oğlu" ("Yəhya İncili", 1/14) olduğunu ifadə edən bir mətn də fərqli məna ifadə edəcəkdir. Onların əsas niyyəti...Hz.İsanı eşidənlərin onu nüfuzlu bir şəxs kimi ciddi qəbul etmələrini təmin etmək idi. Bu mətnlərdəki ifadələr...Hz.İsanın da Allahın etibarlı vəhyi olduğunu ifadə etmək üçün idi. Yunan dilində Uios tou Theou ("Allahın oğlu") tərcümə ediləndə ingilis dilindəki "the" artikli üzərində təkidlə durmarıq. OriYinal yunan dilində "The" yoxdur və dolayısı ilə ifadə eyni zamanda "Allahın bir oğlu" kimi tərcümə edilə bilər. "Allahın malik olduğu tək övlad" ifadəsinin sifət halı ibrani dilində işlədilməsinə görə "ilk dünyaya gələn" yaxud da "sevgili" kimi tərcümə edilə bilər. Buralarda Allahın vasitəçisi şəklində ayrı-seçkilik deyil, etibarlı olmağın nəzərdə tutulduğu başa düşülür".

Üçləmə tərəfdarlarının bu israrının arxasında Hz.İsaya aid edilən üstün məqama kölgə salmaq qorxusunun olması ehtimalı var. Halbuki üçləmə inancı olmadan da Hz.İsanın nə qədər üstün və xeyirli bir insan olduğu qeyd edilə bilər. Qur’an ayələrində Hz.İsanın möcüzələri, onun Allah dərgahına yüksəldilməsi ətraflı şəkildə qeyd edilir, onun və ailəsinin aləmlərə üstün edildiyi bildirilir. Hz.İsa Qur’anda "şanı uca, şərəfli və hörmətəlayiq" şəklində tanıdılır:

"Mələklər dedilər: "Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə müYdə verir. Onun adı Məryəm oğlu İsa Məsihdir ki, dünyada və axirətdə şanı uca, şərəfli və Allaha yaxın olanlardandır" ("Ali-İmran" surəsi, 45).

 

Xristianlığın daha tez yayılmasını təmin etmək məqsədilə işlədilə bilər
Hz.İsa din əxlaqını yaymağa başladığı mühitdə çox böyük çətinliklərlə qarşı-qarşıya idi. Yəhudi xalqı arasında dini insanlara müxtəlif şəkillərdə çatdıran səddukilər, fərisilər, zelotlar, essenilər kimi bir çox məzhəblər var idi və onlar, xüsusilə də ilk üçü fərqli yanlışlıqlar içində idi. Hz.Musanın gətirdiyi haqq dindən uzaqlaşılmış, batil ənənələr və müxtəlif inamlar ortaya çıxarılmışdı. Bunlardan əlavə, bütpərəst Ellin mədəniyyəti də insanlar arasında geniş yayılmışdı. Bu mədəniyyətin təsiri altında olan bəzi yəhudilər isə malik olduqları tövhid inancından geri çəkilərək bəzi bütpərəst etiqadları qəbul etməyə başlamışdılar.

Hz.İsa bütün bu xurafatları bir kənara ataraq İsrail oğullarını saf və səmimi bir imana dəvət etdi. Özlərinin oturuşmuş sistemlərini qorumağın tərəfdarı olan bütün din adamları Hz.İsanın təbliğ etdiyi haqq dindən ciddi şəkildə narahat olurdular. Çünki Hz.İsa insanlara Allah qorxusunu, Allahı sevməyi məsləhət görür, dinə sonradan əlavə edilən batil qaydalardan və eqoist, lovğa, ədabaz ibadət üsullarından əl çəkməyin vacibliyini söyləyirdi.

Hz.İsanın Allah dərgahına yüksəldilməsindən sonra da bu mübarək insanın tələbələri onun nəsihət və xəbərdarlıqlarının yayılması üçün bütün imkanlardan istifadə etdilər. Kənd-kənd, qəsəbə-qəsəbə gəzən xristianlar hər cür çətinlik və məhrumiyyət qarşısında çox üstün dözümlülük göstərir və insanlara Allahın varlığını və Hz.İsanın Allahın elçisi olduğunu çatdırırdılar. Xristianlıq da qısa dövr ərzində çox geniş əraziyə yayıldı. Bütpərəst Roma imperatorluğunun bütün təzyiqlərinə və işgəncələrinə baxmayaraq insanlar axın-axın Hz.İsanın gətirdiyi haqq dinə gəlirdilər. Ancaq bu yeni dinə daxil olanların bir hissəsi beyinlərinə həkk olunmuş bütpərəst ənənələrindən də əl çəkə bilmirdi. Batil "Allahın oğlu" məfhumu da belə bir şəraitdə ortaya çıxdı və ya əvvəllər işlədildiyi mənadan uzaqlaşdırıldı.

E.P.Sanders "The Historical Figure of Yesus" ("Hz.İsanın tarixi portreti") adlı əsərində ilk xristianların Hz.İsanın təbliğini yaymaq üsullarını belə şərh edir:
"Başqalarını razı salmağa çalışarkən həvarilər bəzən Hz.İsanın söylədiyi və etdiyi hərəkətlərlə bağlı hekayələr danışmış ola bilərlər. İlk illərdə bu materiallar böyük ehtimalla yazılmamış, yalnız şifahi şəkildə ötürülmüşdü. Həvarilər Hz.İsanın həyatındakı hadisələrdən bəhs edərkən həmin vaxt mühüm olan nüansları misallarla izah etmək istəmişdilər... Həvarilər yeni tərəfdarlar qazanmaqla yanaşı həm bir-birlərinə, həm də getdikcə çoxalan yeni dindaşlarına Hz.İsanın həyatında baş verən hadisələri xatırlayaraq öyrətmişdilər. Bəzən də Hz.İsanı qəbul etməyən yəhudi müəllimlərlə mübahisə etmişdilər. Bu mübahisələr də Hz.İsa ilə bağlı materialın işlədildiyi üçüncü bir ehtivanı təmin etmişdir".

Hz.İsanın yaşadığı dövrdə olduğu kimi Hz.İsadan sonra da xristianlığa etiraz edən çoxsaylı adamlar və qruplar olub. Hz.İsanın Allah dərgahına yüksəldilməsindən sonra həvarilərin səyləri ilə xristianlığın sürətlə yayılması onlarda böyük narazılığa səbəb olmuşdu. Buna görə də həmin qruplar müxtəlif əsassız iddialarla çıxış etmiş və xristianlığın yayılmasının qarşısını almaq üçün müxtəlif cəhdlər göstərmiş ola bilərlər. Paul Knitter öz kitabında ilk xristianların hansı şərtlər daxilində yaşaması məsələsinin üzərində dayanır. Knitter onların "həyatda qalmaq" və "öz cəmiyyətlərinin mövcudluğunu davam etdirə bilmək" üçün fərqli bir metod axtarıb tapdıqlarını vurğulayır:

"Ənənəvi kilsə anlayışının ortaya çıxdığı tarixi əlaqə ilə bağlı üzərində diqqətlə dayanılmalı olan başqa bir məsələ də xristianların həm geniş yəhudi cəmiyyəti, həm də təhdidedici Roma imperatorluğu tərkibində azlıq vəziyyətində olması idi. Mədəni və dini çoxluq bu günümüzdə olandan çox fərqli şəkildə başa düşülürdü. Həmin dövrdə xristianlar iki böyük təhlükə ilə qarşı-qarşıya idilər: onlar ya çoxluq təşkil edən qruplar tərəfindən məhv ediləcək, ya da dini ənənələrini onlarınkı ilə qarışdırıb fərqli quruluşa malik olacaqdılar. Xristianların özlərini bu təhlükələrdən qorumaq üçün öz kimliklərini aydın şəkildə müəyyənləşdirməsi və tamamilə inamlarına bağlanması lazım gəlirdi. Bunu da öz inancları ilə, xüsusilə də Hz.İsaya münasibətdə güclənən inamları ilə həyata keçirdilər. Bu doktrinal ifadələr "həyatda sağ qalmaq ifadələri" kimi qeyd edilə bilər. Və bu həmçinin öz cəmiyyətlərinin davamlılığını təmin etmək üçün ortaya atılıb. İlk xristianlar Hz.İsanı mütləq ifadələrlə tanıdaraq, onu tək və yeganə xilaskar elan edərək bütün rəqiblərindən və müxaliflərindən fərqli bir kimlik qazandılar. Bu dilin ortaya çıxardığı güclü bağlılıq onlara zülmlər və lağ edənlər qarşısında böyük güc vermişdi... Bu dil metafizik bir mənadan da çox əxlaqi dil idi və Hz.İsanın bütün əsrlər üçün qüvvədə olan şəxsiyyətini tanıtmaqdan da çox cəmiyyətdəki şəxsiyyətini tanıtmaq məqsədi daşıyırdı".

 

Mövcud siyasi və mədəni şəraitin təsiri
Üçləmə etiqadının təşəkkül tapması və ortaya çıxması ilə bağlı araşdırmalarda üzərində dayanılan başqa bir məsələ isə həmin dövrün siyasi və mədəni şəraitidir. Əvvəl də qeyd etdiyimiz kimi, Hz.İsanın yaşadığı dövrdə cəmiyyət həm yəhudi, həm də yunan mədəniyyətinin təsiri altında idi. Ağ dəniz tamamilə Roma imperatorluğunun hakimiyyəti altında idi. Roma böyük hərbi işğallarla öz sərhədlərini genişləndirmiş və Ağ dənizi daxili göl halına gətirmişdi. İmperatorluq hərbi sahədə olduğu qədər də mədəniyyət sahəsində ən güclü dövrlərindən birini yaşayırdı və qədim yunan mədəniyyətinin mədəni irsini özünə götürərək onu müəyyən əlavələrlə daha da təkmilləşdirmişdi. "Ellinizm" adlandırılan bu cərəyan din də daxil olmaqla həyatın bütün sahələrinə hakim idi. Romalılar özlərini başqa cəmiyyətlərdən çox-çox üstün sayır və öz həyat tərzlərini işğal etdikləri torpaqlarda da yaymağa çalışırdılar.

Romanın dini Ağ dəniz sahillərində yaşayan bütün xalqlarda olduğu kimi çoxtanrılı bir din idi. Yunan əfsanəsinin xəyali tanrıları müxtəlif adlarla Roma mifologiyasında da işlədilirdi. Onlar ən böyüyü Yupiter adlandırılan və heykəllərlə simvollaşdırılan çoxsaylı bütlərə sitayiş edirdilər. Bəzi Roma imperatorları isə özlərini də bu saxta tanrıların arasına daxil edən qanunlar çıxarmışdılar. Digər tərəfdən, yunan dini və bu etiqada məxsus saxta tanrılar da geniş yayılmışdı: Zevs, Hermes, Venus kimi yunan bütlərinin heykəlləri şəhərlərin meydanlarında yerləşdirilmişdi. Sitayiş edilən bütlər bunlarla bitmirdi. Hər şəhərdə, hər məhəllədə, hətta hər evdə irili-xırdalı müxtəlif bütlər, onlara məxsus heykəllər, şəkillər, xüsusi sitayiş və qurban yerləri vardı. Roma rəhbərləri öz hakimiyyətlərini yaymaq məsələsində bu çoxtanrılı dinlərdən bir vasitə kimi istifadə edirdilər. Roma idarəçiləri onların hakimiyyətini təhdid etməyənə kimi heç kimin dininə qarışmır, əksinə, xalqda bu azğın etiqadlara qarşı onları təşviq etməklə maraq oyandırır, hər tərəfdə məbədlər, qurban yerləri, heykəllər inşa etdirirdilər. Onların fikrinə görə, din guya kütlələrə sədaqəti təlqin etməyin və onlara nəzarət etməyin bir yolu, mücərrəd və dünya ilə birbaşa əlaqəsi olmayan bir sahəyə aid idi.

Romalılar başqa bir mədəniyyətlə qarşılaşanda həmin xalqda öz saxta tanrılarının oxşarlarını axtarır və bununla da özlərinə üstünlük təmin edəcək üçün bir əlaqə yaratmağa çalışırdılar. Buna görə də romalılar bir və tək Allaha iman gətirən yəhudilərə xüsusilə də IV Antiok Epifanesin dövründə Zevs adlı baş tanrılarını azğın şəkildə qəbul etdirməyə çalışıblar, ancaq bu cəhdlər onların arasında böyük iğtişaşlara səbəb olub. Dindar yəhudilər müqəddəs torpaqları mənən murdarlayan bu Roma bütlərinə qarşı qəti etirazlarını bildirib və romalıların öz bütpərəst etiqadlarını yaymaq səylərinə şiddətlə qarşı çıxıblar. Ancaq yunan mədəniyyətinin təsiri yəhudi xalqı üzərində yenə də çox dərin izlər buraxıb.

Hz.İsa da Ellin mədəniyyətinin təsiri altında olan bu yəhudi xalqı arasında təbliğat aparıb. Həvarilər və ilk xristianlar eyni cəmiyyətdə böyüyüb və həyatlarının hər sahəsində Ellin mədəniyyəti ilə yanaşı olublar. E.P.Sanders "Yesus in Historical Context" ("Tarixi kontekstdə Hz.İsa") sərlövhəli məqaləsində Ellin mədəniyyətinin Hz.İsanın yaşadığı Cəlilə bölgəsindəki təsirlərini incələyir. Məqaləsində bir çox alimlərin fikirlərinə də geniş yer ayıran Sanders bunları bildirir:

"Mövcud şərhlərə görə, Cəlilə şəhərləşmə prosesini keçirmiş, kosmopolit və rifah içində olan bir yer idi. Burton Mack-ın (Barton Mak) fikrincə, Cəlilə əslində Ellin mədəniyyətinin bir rəmzi idi... Cəlilə camaatı qonşu qəsəbəyə gedəndə yunan oyunlarını və filosoflarını izləyib qulaq asa bilirdi. Tətillərdə Suriyadakı böyük şəhərlərə gedir və yunan mədəniyyətinin içinə girə bilirdilər. Onların Ellin mədəniyyətinin təsirinə məruz qalmasında Roma da böyük rol oynayırdı. Cəlilədə çoxlu sayda romalı əsgər, həmçinin romalı məmurlar, rəsmi nümayəndələr var idi... Təkcə teatrlar deyil, Sepphorisdə Avqusta və Romaya həsr edilmiş bütpərəst bir məbəd vardı. Kəndlilər bütpərəstlərə aid mərasimlərdə qurban kimi kəsilmək üçün heyvanlar yetişdirirdilər".

Yunan mədəniyyəti mifologiyaya əsaslanan bir mədəniyyət idi. Danışıqlarda, işlədilən sözlərdə məcazi ifadələrə, əfsanəvi hekayələrə çox tez-tez rast gəlmək olardı. Əfsanələrlə həqiqi həyat sanki bir-birinə qarışmışdı. Hz.İsa haqqında işlədilən "Allahın oğlu" ifadəsini tədqiq edən Müqəddəs Kitab mütəxəssisləri də yunan mədəniyyətinin bu ifadənin şüurlara yerləşməsindəki təsirinə diqqət çəkirlər. Yunan mifologiyası "tanrıları" insanlarla yoldaşlıq edən, axırda da onlarla birlikdə yeni nəsillər dünyaya gətirən varlıqlar kimi təsəvvür edirdi. Məsələn, Makedoniyalı İsgəndər Zevsin oğlu kimi qəbul edilirdi. Sanders yunan mədəniyyətinin həmin dövrdə imperatorluğun sərhədləri daxilində geniş yayıldığını bildirir və buna görə də Hz.İsa barədə "Allahın oğlu" (bundan Allaha sığınırıq) ifadəsinin işlədilməsinin bu təsirin ucbatından daha çox yayıldığını ifadə edir. Həmçinin tədqiqatçılar tərəfindən qədim Yunanıstandakı Zevs-Hera-Apollo üçlüyü ilə üçləmə etiqadı arasında bir çox paralellər aparılır. Üçləmə etiqadı bütpərəst cəmiyyətlərdə çox geniş yayılmışdı. Xüsusilə də yunan mədəniyyətinin çoxlu "ata tanrı" və "oğul tanrı"ları vardı. Platon bu üçləməni düstur halına gətirərək "tanrıları"nın "loqos" (söz, kəlam) adlı bir oğlunun və "sophos" (müdriklik) deyə bir qızının olduğunu iddia etmişdi. Platona görə, tanrı, loqos və sophos bir "üçləmə"ni təşkil edirdilər. Xristianlıq üçləmə inancını və bu gün malik olduğu bir sıra etiqad və icra metodlarını sözügedən yunan mədəniyyətindən yaxud da başqa bütpərəst mədəniyyətlərdən götürdü. Buna görə də getdikcə Hz.İsanın gətirdiyi təmiz dindən ayrıldı, Hz.Musanın şəriətinin əsası olan "Tək Tanrı" etiqadından uzaqlaşdı.

"From Yesus to Christ, The Origins of the New Testament, Images of Yesus" ("İsadan Məsihə, Əhdi-Cədidin mənbələri, İsanın şəkilləri") kitabının müəllifi Paula Fredriksen İncillərin və bu müqəddəs kitabların yazıldığı cəmiyyətlərin yunan mahiyyətli olduqlarını vurğulayandan sonra belə bir şərh verir:

"Xristianlıq Ellin dünyasında ortaya çıxmışdı... İncillərdə işlədilən dil də yazan şəxslərin öz vərdiş etdikləri dilin üzərində qurulmuşdu. Bu dil bütpərəst ənənələrini, Ellin inanclarını əks etdirirdi. Buna görə də Hz.İsa üçün "Tanrı", "Xilaskar", "Tanrının oğlu" və "loqos" kimi ifadələr işlədirdilər. Bundan başqa, istifadə edilən "Davudun oğlu", "İnsan oğlu", "Tanrının hakimiyyəti" və "Məsih" kimi məfhumlar isə İncil müəllifləri üçün çox da tanış deyildi. Bu ifadələr İncilləri yazan adamlar tərəfindən Hz.İsanın yaşadığı Fələstin torpaqlarındakı mövcud mədəniyyətdən götürülmüşdü".

Dr.Paul R.Eddy (Pol R.Edi) də "Was Early Christianity Corrupted by Hellenism?" ("İlk xristianlıq ellinizm tərəfindən təhrif edildimi?") sərlövhəli məqaləsində bu nəticəyə gəlir:
"Babilə kimi uzanan qədim dünya boyunca üçlü qruplaşmalarla bütpərəst tanrılara sitayiş etmək ənənəsi yayılmışdı. Bu təsir Hz.İsadan əvvəlki və sonrakı əsrlərdə Misirdə, Yunanıstanda və Romada da artıqlaması ilə müşahidə edilirdi. Həvarilərin ölümündən sonra bu cür bütpərəst etiqadlar xristianlığı işğal etməyə başladı... Plato üçləməni hazırkı şəklində öyrətməsə də onun fəlsəfəsi bu doktrina üçün hazırlıq rolunu oynayırdı".


Oscar Cullmann (Oskar Kalmann) da "The Christology of the New Testament" ("Əhdi-Cədidin Hz.İsa teologiyası") adlı mühüm araşdırmasında "Allahın oğlu" ifadəsindən İncil dövründə Şərqdə və Ellin mədəniyyətində necə istifadə olunması məsələsini ətraflı şəkildə tədqiq edir. Xüsusilə də Misirdə, Babildə və Assuriyada hökmdarların müqəddəs şəxslər kimi qəbul edildiklərini və onların "Allahın oğlu" adlandırıldıqlarını bildirir. Cullmann diqqətimizi yunan dinlərində müqəddəs güclərinin olmasına inanılan hər bir insan barədə "Allahın oğlu" ifadəsini işlədilməsinə cəlb edir. Hz.İsanın göstərdiyi möcüzələr isə onun xalq tərəfindən bu cür tanıdılmasına kifayət edir. Varner Hz.İsanın təbliği ilə qarşılaşan gentilelərin (Müqəddəs Kitabda yəhudi olmayanlar üçün işlədilən bir ifadədir, Hz.İsa dövründəki romalılar üçün işlədilirdi) baxışlarının bu fikirlər çərçivəsində formalaşdığını söyləyir və belə davam edir (buradakı ifadələrdən Allaha sığınırıq):

"Onların "Allahın oğlu" fikirləri çoxtanrılı düşüncə üzərində qurulmuşdu. Buna görə də bu fikirlərini Hz.İsa və həvarilərinin təktanrılı inanclarına döndərmələri olduqca çətin idi. Şərq və Ellin düşüncələrinin hakim olduğu, dolayısı ilə hökmdarların və başqa müqəddəs adamların "Allahın oğlu" adlandırıldığı bu bölgədə Hz.İsa da "Allahın oğlu" elan edildi".

GERİ
image