İslam və xrisianlıq

"Allahın kəlməsi" məfhumunun mənası

image

Hz.İsanı tanrılaşdıran etiqadın çürük dayaqlarından biri Yəhya İncilinin girişindəki "kəlam" ("söz", "loqos") açıqlamasıdır. Bu fəsildə Hz.İsanın Allahın Sözü olduğu və Allahla birlikdə sonsuzdan bəri mövcud olduğu iddia edilir:

"Əzəldən Kəlam mövcuddur; Kəlam Allahla birlikdə idi və Kəlam Allah idi. O əzəldən Allahla olub. Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərin heç biri Onsuz yaranmadı. Həyat Onda olub, həyat isə insanların nuru olub. Nur qaranlıqda parlayır və qaranlıq onu dərk etməmişdir" ("Yəhya İncili", 1/1-5).

Bu ayələrin ardınca isə "Kəlam bəşər olub lütf və həqiqətlə dolu olaraq aramızda yaşadı; biz də Onun izzətini, Atanın vahid oğlunun izzətini gördük" ("Yəhya İncili", 1/14) deyə bildirilir. Qısası, Hz.İsanın "Allahın kəlamı" olması bildirilir. Bundan məharətlə istifadə edənlər onu tanrılaşdırırlar (Allaha sığınırıq). Halbuki Yəhya İncilindəki bu ifadələr bir həqiqətin səhv izah edilməsinə əsaslanır. Qur’anda belə bildirilir:

"Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa Məsih ancaq Allahın peyğəmbəri, Məryəmə çatdırdığı bir kəlam və Onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin. "Üçdür" deməyin. Bunlara son qoyun, bu sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah tək bir tanrıdır. Övladı olmaqdan kənardır. Göylərdə və yerdə nə varsa, Onundur. Allahın vəkil olması bəs edər!" ("Nisa" surəsi, 171).

Yəhya İncilindəki səhv "Kəlam Tanrı idi" ifadəsindədir. Allahın sözü ilə Allahın Zatını bir-birinə bərabər kimi göstərən bu ifadə çox böyük yanlışlıqdır. Uca Rəbbimizi bu cür ifadələrdən uzaq tuturuq.

Məsələ "kəlam" (söz, loqos) ifadəsinin izahı ilə bağlıdır. Və bu məfhum xristianlıqdan əsrlərlə əvvəl yunan filosofları tərəfindən işlədilib. B.e.ə. VI əsrdə yaşayan Heraklitus kainatda insan ağlı kimi təsirli bir zehnin olduğunu iddia edərək bunu "loqos" adlandırıb. B.e.ə. IV və III əsrlərdə yaşayan Stoacılar isə "loqos"u "Tanrı, təbiət və kainatın ruhu" kimi mənalarda işlədiblər.

Yunan dilində və yunanlara xitabən yazıldığı açıq-aşkar aydın olan Yəhya İncilinin "loqos" məfhumu ilə başlaması və bu ifadənin yunan fəlsəfəsindəki mənası ilə qeyd edilməsi isə əlbəttə ki, sadəcə bir təsadüf deyil. Britaniya Ensiklopediyasında "Yəhya İncilinin müəllifi ellinist (yunan mədəniyyətinə söykənən) dünyadakı oxucular tərəfindən asanlıqla tanınan bir ifadədən istifadə edərək Məsihin xilaskar xüsusiyyətini vurğulamaq istəyib" deyilir. Başqa sözlə, Yəhya İncilinin müəllifi "Hz.İsa Allahın kəlamıdır" həqiqətini qədim yunan fəlsəfəsi ilə qarışdıraraq bundan yanlış bir məna çıxarıb.

GERİ
image