Bu iki ifadədən İncil mətnlərində istifadə olunması məsələsini incələməmişdən əvvəl bildiririk ki, sonsuz güc və qüdrət sahibi olan Uca Rəbbimizi bu fəsildə bəhs edilən batil inancı ifadə etmək üçün işlədəcəyimiz "üçləmə etiqadını müdafiə edən şəxslərə məxsus hörmətə uyğun olmayan hər cür ifadədən" uzaq tuturuq.
Dörd İncilin ən erkəni sayılan Mark İncilinə nəzər yetirəndə "Ata və oğul" ifadələrinin burada çox zəif vurğu ilə işlədildiyini görürük. Markın mətnində Allahı ifadə etmək üçün yalnız dörd dəfə "Ata" sözü işlədilir. Bunların da üçü Hz.İsa tərəfindən deyil, digər yəhudilər tərəfindən tələffüz edilir. Buna görə də Mark İncilinə arxalanaraq üçləməyə guya dəstək tapmaq mümkün deyil. Həmçinin qeyd olunmalıdır ki, Mark İncilində Hz.İsa onun tanrılaşdırılmasına səbəb ola biləcək hətta ən kiçik bir ifadəyə də qarşı çıxır:
"Nə üçün məni Tanrı adlandırırsan? Allahdan başqa tanrı yoxdur" ("Mark İncili", 10/17-18).
Mark İncilindən 10-15 il sonra yazılan Matta İncilində bu rəqəm aydın şəkildə çoxalır. Bu İncildə Allah barədə işlədilən "Ata" ifadəsi düz 50 dəfə qeyd edilir. Bunların 28-i yəhudilərə xitabən işlədilir, yəni onlar "Atanıza dua edin", "Atanızı sevin" kimi ümumi ifadələrdir. Yerdə qalan 22-si isə Hz.İsanın dilindən "Atam" şəklində işlədilir. Vurğunun bu ifadənin üzərinə salınması çox diqqətçəkici şəkildə çoxalıb.
Matta İncili ilə eyni dövrdə yazıldığı qəbul edilən Luka İncilində yenə buna yaxın bir vurğu var. Həmin İncildə "Ata" sözü 18 dəfə işlədilir. Bunların 12-si Hz.İsanın özü ilə bağlıdır, yəni Hz.İsanın "Ata" deyə başlayan duaları və ya "Atam" deyə başlayan sözləridir.
Dördüncü İncildə isə Hz.İsanı tanrılaşdırma mənasında "Allahın oğlu" sayan inanc çox aydın və dəqiq şəkildə ifadə edilir. Yəhya İncilində Allahı ifadə etmək üçün 122 dəfə "Ata" kəlməsi işlədilir ki, bunların da üçü istisna olmaqla hamısı Hz.İsaya aiddir. Digər tərəfdən, Hz.İsa üçün 17 dəfə "oğul" sifətindən istifadə edilir. Dörd dəfə də Hz.İsa üçün xüsusilə "Tanrının əziz-xələf oğlu" (bu ifadələrdən Allaha sığınırıq) deyilir.
İncillərin yazılma tarixi Hz.İsanın Allah dərgahına yüksəldilməsindən uzaqlaşdıqca onu Allaha "Ata" deyə səslənən bir şəxs kimi göstərmək səyləri də artıb güclənir. Başqa sözlə, Hz.İsanın guya "Allahın oğlu" olması şəklindəki inanc hər yeni yazılan İncildə özünə bir az da böyük yer tapıb. Yəhya İncilində isə bu meyl daha güclüdür. Bu isə zaman ötüb getdikcə təhriflərin artmasının bir əlamətidir. Uca Rəbbimizi bütün bu bənzətmələrdən uca tuturuq.
GERİ