İslam və xrisianlıq

Yəhudilərin "xilaskar" gözləməsi

image

Əhdi-Ətiqdə Məsihin gəlişi ilə bağlı müxtəlif açıqlamalar var. Sonrakı bölümlərdə bir qismini verəcəyimiz bu açıqlamalar o dərəcədə təsirli olmuşdu ki, yəhudilər üçün Məsih ən böyük qurtuluş mənasını qazanmışdı. Sonrakı əsrlərdə yaşayan məşhur yəhudi ilahiyyatçısı Maimonides yəhudilərin inanc sistemini hazırlayarkən 13 qaydanın ilk ikisini Məsihin gəlişinə ayırmışdı. Bu qaydalar "Məsihin gəlişinə qəti bir imanla inanıram. Geciksə də onun gələcəyini gözləyirəm" şəklindədir.

Yəhudilərin etiqadına görə, İsrail oğullarının həm siyasi, həm də dini yöndən zəiflədiyi bir dövrdə Allah onları hər iki yöndən xilas edəcək bir lider göndərəcəkdi. Bu lider həm İsrail oğullarının əvvəllər olduğu kimi Allaha iman gətirməsini təmin edəcək, həm də bir "Məsih" kimi düşmənlərinə qalib gələcəkdi.

Əhdi-Ətiqin bəzi bölümlərində bu xilaskardan tez-tez bəhs edilmiş və onun dövründə ədalətin, əmin-amanlığını və doğruluğun yayılacağı, insanlar arasında xoşbəxtlik və rifahın çoxalacığı xəbər verilmişdi. Məsələn, "İşaya" kitabında Məsihin necə böyük ədalət, "Rəbb qorxusu" və bəsirətlə dolu olacağı və İsrailə necə xoşbəxtlik gətirəcəyi belə müYdələnirdi:

"Yəssənin gövdəsindən bir toxum çıxacaq və onun köklərindən bir körpə ağac meydana gələcəkdir. Rəbbin ruhu, hikmət və xoş münasibət ruhu, nəsihət və ürəklilik ruhu, məlumat və Rəbb qorxusu ruhu onun üzərində dayanacaq. O, Rəbb qorxusundan zövq alacaqdır. O, gözlərini gördüyü üçün mühakimə etməyəcək, qulaqları eşitdiyi üçün qərar verməyəcək. Zəifləri ədalətlə mühakimə edəcək, yer üzünün yoxsullarına haqlarını verəcək. Bir dəyənəklə vururmuş kimi yer üzünə sözü ilə vuracaq və dodaqlarının nəfəsi ilə pisliyi yox edəcək. Ədalət onun belinin kəməri... olacaq. Qurd quzu ilə birlikdə oturacaq. Qaplan oğlaqla bir yerdə yatacaq, buzov, aslan və böyük baş heyvanlar birlikdə yaşayacaq və onları balaca bir uşaq güdəcək. İnək ayı ilə birlikdə otlayacaq, balaları bir yerdə olacaqlar və şir öküz kimi saman yeyəcək. Südəmər körpə qara ilanın yuvasının yanında oynayacaq və süddən təzə kəsilən uşaq qara ilanın deşiyinə əlini uzadacaq. Mənim müqəddəs dağımın üstündə heç vaxt pislik edilməyəcək, artıq heç bir zərər verilməyəcəkdir. Çünki dənizin dibi necə onu örtən sularla doludursa, yer üzü də Rəbb məlumatı ilə eynilə dolu olacaqdır"  ("İşaya", 11/1-9).

Məsihin gəlişini gözləmək Hirodun zülmkar hakimiyyəti dövründə daha da güclənmişdi. Yəhudi torpaqlarının hər tərəfində Məsihi gözləyən, onun gəlişi üçün hazırlıq işləri görən və insanları xəbərdar edən hərəkatlar ortaya çıxmışdı. Məsihin gəlişinin bu gözləntisi həm Roma, həm də Hirodun hakimiyyəti üçün bir təhlükə təşkil edirdi. Çünki bu hərəkətlər ümumiyyətlə Romanı və ona bağlı olan yəhudi hakimiyyətini hədəfə alırdı. Belə güclü bir hərəkat bütün xalqı bütpərəst idarə sisteminə qarşı üsyan etməyə təşviq edə bilərdi. Bu məqsədlə də hər iki hakimiyyət özlərinə uyğun tədbirlər görmüşdü. İncildə qeyd edildiyinə görə, Hirod bu məqsədlə Hz.İsanın anadan olması ilə bağlı xəbərləri eşidəndə Məsihi hələ beşikdə olarkən öldürmək istəmiş və bu iş üçün bir qətliam törətməkdən çəkinməmişdi. Hadisə Matta İncilində belə xəbər verilir:

"İsa hökmdar Hirodun dövründə Yəhudiyyə Beytlehemində anadan olan zaman şərqdən Yerusəlimə münəccimlər gəlib dedilər: "Anadan olmuş yəhudi hökmdarı haradadır? Çünki onun ulduzunu şərqdə gördük..." Hökmdar Hirod bunu eşitdikdə bütün Yerusəlimlə birlikdə təşvişə düşdü. Hirod xalqın bütün baş kahinlərini və din alimlərini toplayaraq onlardan Məsihin harada doğulacağını soruşdu. Onlar da ona dedilər: "Yəhudiyyə Beytlehemində, çünki peyğəmbər vasitəsilə belə yazılmışdır: "Və sən, ey Beytlehem, Yəhuda diyarı, Yəhuda rəislərinin nəzərində heç də əhəmiyyətsiz deyilsən, çünki xalqım İsrailə çoban olacaq Rəhbər səndən çıxacaqdır"". O zaman Hirod münəccimləri gizlicə çağırdı və onlardan ulduzun nə vaxt çıxdığını dəqiq öyrəndi. Və: "Gedin, körpə haqqında əsaslı surətdə məlumat toplayın. Onu tapdığınız zaman mənə xəbər verin...", - deyərək onları Beytlehimə göndərdi" ("Matta İncili", 2/1-7).

"...Hirod münəccimlər tərəfindən aldadıldığını gördükdə çox qəzəbləndi və münəccimlərdən öyrəndiyi vaxta görə, Beytlehem və onun bütün civarında olan iki və daha aşağı yaşlı oğlan uşaqlarının hamısını öldürtdü. O zaman Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetirildi: "Ramahda bir səs eşidildi, ağlaşma və böyük şivən; Rahilə körpələri üçün ağlayır və təsəlli tapmaq istəmir, çünki onlar yox oldular"" ("Matta İncili", 2/16-18).

Gözlənilən Məsihin əsas xüsusiyyətlərindən biri onun Hz.Davud peyğəmbərin nəslindən gəlməsidir. İncildə də Hz.İsanın nəslinin Hz.Davuddan gəldiyi bildirilir.

Yəhudi təriqətlər içində Məsih inancı müxtəlifliklər göstərirdi. Bütövlükdə Məsihi böyük bir peyğəmbər və xilaskar kimi gözləyən bəzi yəhudilər onu əsla fövqəlbəşər bir varlıq kimi görmürdülər. Məsih də Hz.Davud kimi, Hz.Süleyman kimi, Hz.Musa kimi bir insan olacaqdı. Yəni Allahın sadiq bir bəndəsi, Tövratda bildirildiyi kimi, "Rəbb qorxusundan zövq alan" bir insan olacaqdı. Yəhudi məzhəblərindən biri olan essənilər bu Məsih gözləyişi ilə yanaşı Məsihin möcüzələrini də əvvəlcədən xəbər vermişdilər. Onlara görə, Məsih "yıxılanı ayağa qaldıracaq, xəstəni yaxşılaşdıracaq, əsirləri azad edəcək, tozun içində yatanı dirildəcəkdir".
Nəticə olaraq deyə bilərik ki, yəhudilər əllərindəki məlumatlara əsaslanaraq Məsihin çox yaxın bir dövrdə gələcəyinə inanırdılar. Çöldə, şəhərlərdə gəzərək Məsihin gəlişini gözləyən və buna hazırlaşan çoxlu insanlar və qruplar var idi.

Çətinlik və ehtiyac içindəki qövmlərin Allahdan "xilaskar" istəməsi
Çətin vəziyyətdə yaşayan, zülmə və təzyiqlərə məruz qalan xalqların onları bu vəziyyətdən xilas edəcək bir xilaskar gözlədikləri Qur’an ayələrində də bildirilir. Allah "Nisa" surəsində bununla bağlı belə buyurur:

"Sizə nə olub ki, Allah yolunda: "Ey Rəbbimiz, bizi əhalisi zalim olan bu şəhərdən kənara çıxart, bizə Öz tərəfindən mühafizəçi (xilaskar) göndər, yardımçı yolla!" - deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?" ("Nisa" surəsi, 4/75)

Ayələrdə Allahın elçi göndərdiyi yerlərdə elçinin gəlişindən əvvəl böyük bir sosial və əxlaqi tənəzzülün yaşandığı xəbər verilir. Elçinin gəlişindən sonra onun ardınca gedən insanlar dinin gətirdiyi bolluq, bərəkət və səadəti yaşadıqları halda elçidən sonrakı dövrlərdə insanların bir qismi nəfslərinə əsir olmuş, getdikcə din əxlaqından uzaqlaşaraq inkarçılığa yönəlmiş, Allahdan başqa bəzi saxta tanrılar hazırlayaraq özlərinə zülm etmişdi. Allah "Məryəm" surəsində elçilərin Allaha olan bağlılığından, səmimiyyətindən və ixlasından bəhs edəndən sonra onlardan sonra gələn cəmiyyətlərin bu inanclarını tamamilə itirdiklərini xəbər verir. Ayələrdə bu insanlarla bağlı belə buyrulur:

"Bunlar Adəmin və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yəqubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın nemət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar. Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar da öz əməllərinin cəzasını alacaqlar" ("Məryəm" surəsi, 19/58-59)

Allah dinindən uzaqlaşan, niyə yaradıldıqlarını və Yaradan qarşısındakı cavabdehliklərini heç düşünməyən bu insanları müxtəlif müsibətlərlə xəbərdar etmişdir. Bu etdiklərinin əvəzində onlara verdiyi nemətini dəyişdirmiş, "Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə, güzəranı daralar..." ("Taha" surəsi, 20/124) ayəsi ilə də bu həqiqəti bildirmişdir.

Tarix boyunca iqtisadi və sosial problemlərin yaşandığı, ədalətsiz bir idarəçilik sisteminin hakim olduğu sıxıntılı dövrlərdə insanlar həmişə bir xilaskara ehtiyac hiss etmişlər. Bu xilaskar içində yaşadıqları mövcud sistemin mənfi yönlərini düzəldəcək, ədaləti, barışı, əmin-amanlığı bərqərar edəcək və onları düzgün yola çıxaracaq. Günümüzdəki cəmiyyətlərdə də çox sürətli bir pozulma, kobudluq, ədalətsizlik və əxlaqi tənəzzül yaşanır. Kasıblıq, səfalət və zülm içində yaşayan insanlar gözəl əxlaqın yaşandığı xoşbəxt bir həyatın həsrətindədir. Allah əvvəlki xalqlara da eyni sosial tənəzzüldən sonra xilaskarlar göndərmiş və sıxıntıdan sonra çox böyük bolluq, bərəkət və zənginlik vermişdir. Allah qorxub çəkinən cəmiyyətlərə bolluq və bərəkət verəcəyini bir ayəsində belə xəbər verir:

"Əgər o məmləkətlərin əhalisi iman gətirib çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar yalançı hesab etdilər, Biz də onları qazandıqlarına görə məhv etdik" ("Əraf" surəsi, 7/96)

Rəbbimiz yuxarıdakı ayələrlə bizə çox mühüm bir həqiqəti xatırladır: barışın, xoşbəxtliyin, bolluğun və bərəkətin yeganə yolu din əxlaqının yaşanmasıdır. Bu, keçmiş xalqlarda bu cür gerçəkləşdiyi kimi bundan sonrakı xalqlarda da eyni şəkildə həyata keçəcək. İslam əxlaqının olmadığı yerdə ədalətin, təhlükəsizliyin, istiqrarın hakim olması mümkün deyil. Bu, Allahın bir qanunudur. "Fatir" surəsində bizə bu müjdə verilir:

"...Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan!" ("Fatir" surəsi, 43)

Hazırda yaşadığımız dövr maddi və mənəvi tənəzzülün hakim olduğu, müxtəlif azğınlıqların baş alıb getdiyi, böyük bir siyasi və iqtisadi qeyri-sabitliyin hökm sürdüyü, varlı ilə kasıb arasında çox böyük uçurumların meydana gəldiyi bir dövrdür. Bizim Qur’andan öyrəndiyimiz həqiqət isə belə bir vəziyyətdən sonra Allahın bir qurtuluş yolu göstərəcəyi və bu səbəblə İslam əxlaqının bütün dünyada mütləq yaşanacağı, haqq dinin digər batil dinlərə üstün gələcəyi həqiqətidir. Allah "Tövbə" surəsində inanan bəndələrini bu həqiqətlə belə müjdələyir:

"Onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də ancaq Öz nurunu tamamlamaq istər. Müşriklərin xoşuna gəlməsə də onu bütün dinlərin fövqündə etmək üçün Öz peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!" ("Tövbə" surəsi, 9/32-33)

Allah hər imanlı xalqa kömək etdiyi kimi bundan sonra da yer üzündəki inananlara yardım edəcək. Allah səmimiyyətlə Ona yönələn bəndələrinə bunu vəd etmişdir. Ayələrdə belə buyrulur:

"O kəslər ki, haqsız yerə, ancaq "Rəbbimiz Allahdır" dediklərinə görə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər uçulub dağılmışdı. Allah Ona yardım edənlərə şübhəsiz ki, yardım edər. Həqiqətən Allah yenilməz qüvvət, qüdrət sahibidir! O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək, namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu Allaha aiddir" ("Həcc" surəsi, 22/40-41)

GERİ
image