İslam və xrisianlıq

İncildə tanıdılan "Allahın peyğəmbəri Hz. İsa"

image

Xristianlıq müxtəlif məzhəblərə, bu məzhəblər də öz aralarında müxtəlif qollara ayrılır. İncili fərqli şəkillərdə izah edən, müxtəlif tətbiq metodlarına malik olan cürbəcür dini cərəyanlar, kilsələr mövcuddur. Ancaq bu fərqli qolların əksəriyyətinin yekdilliklə qəbul etdiyi iman əsası "üçləmə"dir.

Tarix boyunca üçləmə inancını rədd edən müxtəlif cərəyanlar ortaya çıxıb. Lakin bu cərəyanların böyüyüb güclənməsi çoxluq təşkil edən üçləmə müdafiəçiləri tərəfindən əngəllənib. Bu cərəyanlar dərhal "azğın" və "batil" adlandırılıb, təzyiqlərə məruz qalıblar və onların qarşısı hər vasitə ilə alınıb. Kitabın sonrakı hissələrində də oxuyacağınız kimi, azlıq təşkil edən bəzi qruplar istisna olmaqla üçləmə inancı xristian dünyasında ümumən qəbul olunub və ya zorla qəbul etdirilib.

Kitabın əvvəlindən etibarən qeyd etdiyimiz kimi, üçləmə inancı Qur’ana tamamilə zidd bir inancdır və İncildə də mövcud olan açıqlamalar Hz.İsanın həyatının heç bir anında belə bir iddiasının olmadığını, belə bir şeyə dolayısı ilə də olsa işarə etmədiyini, hətta bu kimi səylərin qarşısını şəxsən aldığını, hər sözündə Allahı təriflədiyini və ucaltdığını göstərir. Müasir dövrdə üçləmə inancına əks tərəfdə olan qrupların üstündə dayandıqları məsələlərdən biri də əslində budur: Hz.İsanın bəşər olması.

 

Hz.İsanın həyatı üçləmə iddiasını təkzib edir
İncildə Hz.İsanın həyatı və bu qiymətli elçinin təbliği ilə bağlı qeyd edilən məlumatlar və Hz.İsanın hikmətli nəsihətləri üçləmə etiqadı səbəbi ilə əsrlərdir ki, qulaqardına vurulur. Üçləmə inancı beyinləri o qədər qarışdırıb ki, bunun nəticəsində Hz.İsa tanrılaşdırılır və o, ondan kömək umulacaq səviyyəyə qaldırılır.

Qur’ana görə, Hz.İsa Allahın insanlara xəbərdarlıq edən və onları qorxudan kimi göndərdiyi, anadan olmasından Öz dərgahına yüksədilməsinə kimi həyatının hər anında bənzərsiz möcüzələr yaradaraq kömək etdiyi mübarək bir peyğəmbərdir. Onun anadan olması Allahdan çox böyük möcüzədir. Ancaq anadan olmasından sonra o da bütün insanlar kimi bir həyat yaşayıb. Hz.İsa da başqa insanlar kimi Allahın "Ol" deməsi ilə yaradılıb və o, Allah qarşısında acizliyini bilən, Allaha möhtac olan bir bəşərdir. Həm Qur’an ayələrində, həm də İncildə Hz.İsanın bəşəri xüsusiyyətləri çox müxtəlif misallarla tərif edilir. Məsələn, əvvəlki fəsillərdə də qeyd etdiyimiz kimi, Rəbbimiz "Maidə" surəsinin 75-ci ayəsində Hz.İsa və Hz.Məryəm barədə "...Onların hər ikisi yemək yeyirdi..." şəklində buyuraraq onların mələk olmadıqlarını, başqa insanlar kimi bir bəşər olduqlarını bildirib.

İncildə mövcud olan bir çox nümunədə Hz.İsanın bəşəri xüsusiyyətlərindən bəhs edilir. Bunlardan bir neçəsi aşağıdakı kimidir.

 

Hz.İsanın anadan olması, nəsli və yaxınları
Hz.İsanın əcdadı və dünyaya gəlməsi ilə bağlı müxtəlif açıqlamalar var. Bu məlumatlara görə, Hz.İsa Hz.Davudun nəslindən gəlir. Hz.İsa xalq arasında tanınan bir şəxsdir. İnsanlar onun kimin nəslindən gəldiyini, harada anadan olduğunu, harada böyüdüyünü bilir. Hz.İsanın ailəsi camaat tərəfindən yaxşı tanınırdı.

"O, bizlərə qulu Davudun sülaləsindən qüdrətli bir Xilaskar meydana gətirdi. Əzəldən bəri Öz müqəddəs peyğəmbərlərinin vasitəsilə xəbər göndərdi ki, bizi düşmənlərimizin və bizə nifrət edənlərin hamısının əlindən xilas edəcək" ("Luka İncili", 1/69-71).
"İbrahim oğlu, Davud oğlu İsa Məsihin nəsil şəcərəsi belədir..." ("Matta İncili", 1/1-2).
"Onun anası və qardaşları gəldilər, evin bayırında durub, Onun yanına adam göndərərək, Onu çağırdılar" ("Mark İncili", 3/31).
"İsanın önündə gedən və ardınca gələn xalq: "Davud oğluna hosana! ("bizi xilas et" deməkdir) Rəbbin adı ilə gələnə həmd olsun! Ən yüksəklərdə hosana", - deyə qışqırırdılar. İsa Yerusəlimə çatdığı zaman, bütün şəhər: "Bu kimdir?", - deyərək sarsıldı. Xalq isə deyirdi: "Bu, Qalileyanın Nazaret şəhərindən olan İsa peyğəmbərdir"" ("Matta İncili", 21/9-11).
"Məryəmin oğlu, Yaqub, Yusif, Yəhuda və Şimonun qardaşı dülgər bu deyilmi? Bacıları burada aramızda deyillərmi..." ("Mark İncili", 6/3).

 

Hz.İsanın bəşəri xüsusiyyətləri
Üçləmə inancının əsasında Hz.İsanın bəşəri xüsusiyyətlərini qulaqardına vurmaq anlayışı var. Halbuki İncildə Hz.İsa ilə bağlı verilən məlumatlardan bu qiymətli insanın "Allahın oğlu deyil, Allahın mübarək bir elçisi olaraq bəhs edildiyi" açıq-aşkar aydın olur. Onun da bütün insanlar kimi bir həyat yaşadığını görürük. O da başqa insanlar kimi anadan olub, həyatının körpəlik, uşaqlıq və gənclik mərhələlərini yaşayıb. Acanda yanındakı həvariləri ilə birlikdə Allaha şükr edərək yemək yeyib, uzun bir günün ardınca hər bir insan kimi o da yorulub və yatmağa ehtiyac hiss edib. Bununla yanaşı, ətrafdakı insanlar Hz.İsanın yuyunmaq, təmizlənmək kimi hər cür fiziki ehtiyaclarının olmasına da şahid olublar. Bunlar hər bir adamın qarşılaşdığı təbii ehtiyaclardır. Bundan başqa, həmin ehtiyaclar üçləmə inancında Hz.İsanın adına qoşulmasına çalışılan tanrılıq iddiası ilə də tam şəkildə ziddiyyət təşkil edir.

"İsa isə hikmətdə və boy-buxunda, Allah və insanlar qarşısında lütfdə tərəqqi edirdi" ("Luka İncili", 2/52).
"Onlarla süfrə başında oturarkən, çörək götürüb şükr etdi, parçaladı və onlara verdi" ("Luka İncili", 24/30).
"Onlar hələ sevincdən inanmayıb təəccüblənərkən, İsa onlara dedi: "Burada bir yeməyə bir şey varmı?" Ona bir tikə bişmiş balıq və bir parça bal pətəyi verdilər. O da götürüb onların qabağında yedi" ("Luka İncili", 24/41-43).
"Mayasız çörək bayramının birinci günündə şagirdlər İsanın yanına gəlib dedilər: "Pasxa yeməyi üçün harada hazırlıq görməyimizi istəyirsən?"" ("Matta İncili", 26/17).
"İsa Levinin evində yemək yeyərkən..." ("Mark İncili", 2/15).
"Onlar evə gəldilər və yenə izdiham toplaşdı, belə ki, çörək yeməyə belə imkanları yox idi" ("Mark İncili", 3/20).
"Onlar süfrədə oturub yemək yeyərkən İsa dedi: "Sizə doğrusunu deyirəm: Mənimlə bərabər çörək başında yemək yeyən sizlərdən biri Məni ələ verəcəkdir"" ("Mark İncili", 14/18).
"Fəriseylərdən biri İsadan xahiş etdi ki, onunla bərabər çörək yesin. O da fəriseyin evinə girdi və süfrə başında oturdu" ("Luka İncili", 7/36).
"...İsa yol getməkdən yorulmuşdu. O quyunun yanında oturdu. Altıncı saata az qalmışdı. Samariyalı bir qadın su çəkməyə gəldi. İsa ona dedi: "Mənə su ver içim", - dedi" ("Yəhya İncili", 4/6-7).
"İsa qayığın arxa tərəfində yastığın üstündə yatırdı..." ("Mark İncili", 4/38).
"İsa onlara dedi: "Sakit bir yerə gedək və bir az dincələk". Çünki gəlib-gedən o qədər çox idi ki, qidalanmağa belə vaxtları yox idi" ("Mark İncili", 6/31).
"...Gəzməkdən yorulan İsa quyunun yanında oturdu..." ("Yəhya İncili", 4/4).

Yuxarıda sitat gətirdiyimiz İncil cümlələri Hz.İsanın başqa insanlar kimi Rəbbimizin mərhəmətinə möhtac bir bəşər olduğunu göstərir. O, Allahın bütün aləmlərə üstün etdiyi, peyğəmbərlik vəzifəsi ilə şərəfləndirdiyi və möcüzələr bəxş etdiyi çox üstün əxlaqlı bir bəndəsidir. O, xüsusi özəlliklərə malik olan bir bəşərdir, həmçinin digər canlılar kimi Allahın mərhəmətinə möhtac, aciz bir bəndədir. Halbuki canlı-cansız bütün kainatın yaradanı olan Allah həmişə diridir, hər an hər şeyə hakimdir və hər şeyə hökm edəndir, hər şeyi bilir, hər şeyə gücü çatır. O, mürgüləmir və Onu yuxu da tutmur, O, hər cür qüsurlardan da uzaqdır, O, yaratdıqlarına müxtəlif acizliklər verib və malik olduqları bu qüsurları dərk edərək ancaq Ona qulluq etmələrini, hər şeyi Ondan istəmələrini əmr edib.

 

Hz.İsa da bütün insanlar kimi Allahın mərhəmətinə möhtac bir bəndədir
Hz.İsanın Allahın sonsuz mərhəməti ilə müxtəlif möcüzələr göstərməsindən həm Qur’an ayələrində, həm də İncildə bəhs edilir. Ancaq Hz.İsa hər sözündə, apardığı təbliğatda və həvarilərlə olan söhbətlərində bu möcüzələri Allahın istəyi ilə yerinə yetirdiyini bildirib. Danışanın özü deyil, Allah olduğunu, bütün edilən işləri Allahın yerinə yetirdiyini, Allahın bütün canlılar üzərində tək hakim olduğunu tez-tez vurğulayıb. Onun Allahın dəvətini insanlara çatdıran bir bəndə olduğunu, bu etdiklərini Allahın istəyi ilə həyata keçirdiyini, hər etdiyinin Allahın nəzarətində olduğunu bildirib. Onun bu sözlərindən bəziləri aşağıdakı kimidir:

"Hər şey Rəbbim tərəfindən mənə verildi..." ("Matta İncili", 11/27).
"...Allah mənə necə əmr etmişsə, elə də icra edirəm..." ("Yəhya İncili", 14/31).
"...Mən sizə söylədiyim sözləri Özümdən söyləmirəm..." ("Yəhya İncili", 14/10).
"...Sizə doğrusunu, doğrusunu deyirəm: elçi özündən bir şey edə bilməz..." ("Yəhya İncili", 5/19).
"...Verdiyim təlim mənim deyil, məni göndərənindir" ("Yəhya İncili", 7/16).
"Onları mənə verən Rəbbim hamıdan böyükdür..." ("Yəhya İncili", 10/29).
"Çünki mən özümdən söyləmədim, məni göndərən Allah Özü nə deyəcəyimi və nə söyləyəcəyimi mənə əmr etdi. Və bilirəm ki, Onun əmri əbədi həyat deməkdir. Söylədiyim şeyləri Allah mənə necə dedisə, eləcə də söyləyirəm" ("Yəhya İncili", 12/49-50).
"İsa Allahın hər şeyi Özünə əmanət etdiyini və Allahdan çıxıb gəlib, Allaha qayıdacağını bilirdi" ("Yəhya İncili", 13/3).
"Məni göndərən mənimlədir. O məni tək buraxmayıb, çünki mən daim Onun xoşuna gələn işləri görürəm" ("Yəhya İncili", 8/29).
"Mən öz-özümdən bir şey edə bilmərəm; eşitdiyim kimi hökm edirəm və mənim hökmüm doğrudur, ona görə ki, məqsədim öz iradəmi deyil, məni göndərənin iradəsini yerinə yetirməkdir" ("Yəhya İncili", 5/30).
"...Əgər Rəbbim ona imkan verməsə, heç kimsə mənim yanıma gələ bilməz" ("Yəhya İncili", 6/65).

İncildə yer alan yuxarıdakı açıqlamalar üçləmə inancı baxımından çox əhəmiyyətlidir. Çünki bu ifadələrdə Hz.İsanın bir tanrı deyil, Allaha möhtac, Allahın istədiyi kimi hərəkət edən, Allahın əmrinə uyğun şəkildə qərar verən, Allahın ilhamı ilə danışan, Allahın xoşlayacağı işləri görən bir bəndə olması şəxsən Hz.İsanın özü tərəfindən ifadə edilib. Ancaq bütün bu hikmətli və səmimi sözlər üçləmə inancında qulaqardına vurulur, Hz.İsanın isə mövcud olmaq üçün heç bir şeyə ehtiyac duymayan üstün varlıq kimi tanıdılmasına səy göstərilir. Halbuki bunlar həqiqəti əks etdirmədiyi kimi həm Rəbbimizin uca Şəxsinə, həm də Onun mübarək elçisi Hz.İsaya qarşı hörmətsizlikdir. Rəbbimiz bütün bu bənzətmə və müqayisələrdən uzaqdır. O, heç bir şeyə ehtiyacı olmayan, bütün qüsur və nöqsanlardan uzaq, sonsuz və tək güc sahibi olan Allahdır. Ona bərabər və oxşar heç bir varlıq yoxdur.

Buradakı ifadələrdə Hz.İsanın ancaq Allaha qulluq etməklə bağlı hökmlərə tabe olduğu aydın şəkildə görünür. Yalnız Allaha qulluq edən Hz.İsanı Allahla "eyniləşdirən" üçləmənin nə qədər batil bir etiqad olması buradan da aydın olur.

GERİ
image