İslam və xrisianlıq

Xristianların bu əsassiz iddianı ortaya atmasının səbəbi nə ola bilər?

image

Üçləmə inancı ortaya çıxdığı illərdən bu günədək demək olar ki, hər dövrdə böyük mübahisələrə səbəb olub və bu mübahisələr XVIII əsrdən etibarən daha geniş sahələrə yayılıb. Bu illərdə başlayan Müqəddəs-Kitab tədqiqatları insanları əvvəlcə üçləmə inancının nəyə görə İncildə aydın şəkildə yer almadığını, sonra da onun hansı şəraitdə ortaya çıxdığını araşdırmağa istiqamətləndirib. Hal-hazırda da müxtəlif ilahiyyatçılar, alimlər, tədqiqatçılar, yazarlar və müstəqil xristian cərəyanları üçləmə və kəffarə etiqadı başda olmaqla bir çox ənənəvi xristian inanclarını rədd edirlər. Sonrakı fəsillərin birində nümunələrini araşdıracağımız bu şəxslərin və cərəyanların bir qismi üçləmə etiqadının qarşısında dayanan ariusçuların anlayışını qoruyub saxlayır, fikirlərini isə Müqəddəs-Kitabla və ilk xristianlıqdan qalma əsərlərlə bağlı araşdırmalarla əsaslandırırlar.

Hz.İsadan bir neçə əsr sonra təşkil olunmuş İznik və Kadıköy məclislərində verilən qərarların ardınca üçləmə inancı xristianlığın əsası halına gətirilib, bu böyük səhvə inanmamaq isə imansızlıq kimi qəbul edilib. Buna görə də üçləmə inancının Allaha bir və tək olaraq iman gətirənlərin düşüncəsinə zidd bir təlim olduğuna inanan, üçləmənin İncillərdə yer almadığını deyib buna əsaslanan yaxud da bu məsələdə şübhəsi olan insanlar ya susdurulub, ya da zorla təslim ediliblər. Theodore Zahn (Teodor Zan) özünün "Articles of Apostolic Creed" ("Həvari inanclarının maddələri") adlı əsərində "Bizim eranın 180-210-cu illəri arasında "Bir və tək olaraq Allaha iman" sözünün əvvəlinə "Ata" sözünün əlavə edildiyini" söyləyir. Zan bu vəziyyətin əvvəllər bir çox kilsə rəhbərlərinin etirazı ilə qarşılandığını və bu rəhbərlərin "həyata keçirilən işlərin müqəddəs mətnlərdə olmayan inanclar törətmək olduğunu" söylədiklərini bildirir.45 Özünün İncilə dair araşdırmaları ilə tanınan Duncan Heaster (Danken Hester) isə 1988-ci ildə üçləmə mövzusu ilə bağlı bir polemikada öz fikirlərini belə ifadə etmişdir:

"Üçləmə bizə qavranılması mümkün olmayan bir Tanrı etiqadı təqdim edir. Və bu inanc Tanrının açıq və başadüşülən sözləri ilə tamamilə ziddiyyət təşkil edir. Hər hansı biriniz Allahın eyni anda "həm üç, həm də bir" olması iddiasını başa düşə bilərsinizmi? Və ya "doğulmamışdan əvvəl də mövcud olan bir oğul" inancı ağlınıza batırmı? Mən üçləmə etiqadının Allahın sözündə heç bir şəkildə yer almadığını söyləyirəm. İncildə "üçləmə" ifadəsi bircə dəfə də qeyd edilmir. Hamımız çox yaxşı bilirik ki, bu inanc xristianlığa III əsrdə əlavə edilib... "Tanrı" sözü İncildə 1300 dəfə qeyd edilir və bu İncil mətnlərinin heç bir yerində "Tanrı" ifadəsi altında nə çoxluq, nə də üçləmə nəzərdə tutulmur, buna heç işarə də edilmir, hətta tam əksinə, Allahın bir olduğu ifadə edilir... Üçləmə tərəfdarlarının haqqında bəhs etdiyi etiqad heç Əhdi-Ətiq mətnlərində də mövcud deyil".

Heasterin bu sözləri çox aydın və birmənalıdır və hazırda onunla eyni fikirdə olan xeyli tədqiqatçı var. Məsələn, Yohn Hick (Con Hik) "The Rainbow of Faiths" ("İnancların göy qurşağı") adlı əsərində bu nəticələrə gəlir (aşağıdakı sitatlarda yer alan ifadələrdən Allaha sığınırıq):

1. Son dövrlərdə aparılmış tədqiqatlara nəzər yetirəndə Hz.İsanın "özünün Tanrı və ya Müqəddəs üçləmənin ikinci şəxsi olan Tanrının oğlu" olduğunu öyrətmədiyini görürük. O bu inancın tam əksinə olaraq insanlara həmişə özünün bir "insan oğlu" olduğunu öyrədib.
2. Xristian dini üzrə səlahiyyətli şəxslər və xristian ilahiyyatçıları Hz.İsanın həm tam bir Tanrı, həm də tam bir bəşər olması ilə bağlı ənənəvi xristian inancını başadüşülən tərzdə izah edə bilmirlər.

3. İnkarnasiya inancı xristianlığın başqa dini ənənələrlə və onların mənsubları ilə olan əlaqələrinə nəticələrinin aradan qaldırılması mümkün olmayan böyük zərərlər vurur. Çünki bu inanc xristianlığın başqa dinlərdən üstün olduğuna eyham edir.47
Burada bir məqamı da xüsusi vurğulamaq lazımdır. Bizim bu kitabdakı məqsədimiz nə üçləmə etiqadını ilk dəfə ortaya atan şəxsləri, nə də üçləmə etiqadına inanan səmimi xristianları mühakimə etmək deyil. Məqsədimiz üçləmə etiqadı haqqındakı həqiqətləri Qur’an ayələrinin işığında ortaya qoymaq və bu etiqadın ortaya atılmasının mümkün səbəblərini müəyyən etməkdir. Unutmaq olmaz ki, həqiqi müsəlmanlar Allahın göndərdiyi bütün elçilərə və kitablara iman gətirir, xristianların etiqad və dəyərlərinə hörmətlə yanaşırlar. Allaha ürəkdən iman gətirən, Allahdan qorxan, Allaha daxildən gələn səmimi bir sevgi ilə bağlanan və Onun müqəddəs elçisi Hz.İsaya dərin hörmət bəsləyən bütün xristianlara qarşı müsəlmanlar da böyük məhəbbət bəsləyir, onlarla xoş rəftar edir, onlara dostcasına və xoş niyyətlərlə yanaşırlar.

Üçləmə etiqadının ortaya atılmasında bədniyyət və mənfəətpərəst şəxslərin ola biləcəyi kimi xoş niyyətə sahib olub da zaman ötdükcə fərqində olmadan doğru yoldan sapınan insanların olması da mümkündür. Əvvəllər fərqli şəkillərdə ifadə edilən sözügedən etiqadın zaman keçdikcə dəyişdirilməsi, təhriflərə məruz qalması mümkündür. Üçləməyə oxşar iddiaları dəstəkləyən və onların qəbul edilməsində rol oynayan şəxs və cəmiyyətlərin də mütləq bir-birindən fərqli düşüncələri olub. Bəziləri Hz.İsanın üstün əxlaqını daha da qabartmaq məqsədilə, digərləri məcazi ifadələri səhv şərh edərək, başqaları mövcud siyasi və mədəni şəraitin təsirinə məruz qalaraq, bir başqaları da xristianlığın daha böyük sürətlə yayılmasını təmin etmək məqsədilə bu cür iddiaları öz aləmlərində səmimi niyyətlə dəstəkləmiş ola bilərlər. Buna görə də üçləmə iddiasını rədd edərkən onu da nəzərə almaq lazımdır ki, ilk xristianlar həmin dövrün tarixi, siyasi və mədəni şərtlərinin təsiri altına düşərək, yaxud da üzləşdikləri çətinlik və təzyiqlərin mənfi təsirlərinə məruz qalaraq səhv edə bilərdilər. Bu fəsildə üçləmə iddiasının ortaya atılmasında rol oynadığı güman edilən ehtimali səbəblər ortaya qoyulacaq.
Qeyd: Bu fəsildə xristianların yanlış etiqadlarını ifadə etmək məqsədilə işlədiləcək hər cür batil ifadədən Allaha sığınır və Onu bunlardan uzaq tuturuq. Mübarək peyğəmbər Hz.İsanın da bütün bu bənzətmələrdən uzaq olduğunu bir daha ifadə etmək istəyirik.

İncildə "Oğul" sözündən üçləməni dəstəkləmək məqsədilə istifadə edilməyib
Üçləmə etiqadının əsasında Hz.İsanın "Allahın oğlu" olması (bundan Allaha sığınırıq) ilə bağlı səhv inanc dayanır. Halbuki xristianlığın yarandığı ilk illərdə və daha əvvəlki dövrlərdə "oğul" ifadəsinin necə və hansı məqsədlə işlədilməsi məsələsi tədqiq ediləndə ortaya çox fərqli bir mənzərə çıxır.

"Oğul" sözü İncildə Hz.İsa üçün 4 fərqli şəkildə işlədilir: Məryəmin oğlu, Davudun oğlu, insan oğlu (bəşər övladı), Allahın oğlu.
"Məryəmin oğlu" ifadəsi Hz.İsanın Hz.Məryəm tərəfindən dünyaya gətirildiyini, "Davudun oğlu" ifadəsi isə Hz.İsanın İncilə görə Hz.Davudun nəslindən gəldiyini bildirir.

"İnsan oğlu" ifadəsi həm Hz.İsanın özünü necə tanıtmasının, həm də ətrafındakı adamların ona necə nəzər yetirməsinin aydınlaşdırılması baxımından çox əhəmiyyətlidir. Çünki İncil mətnlərində bu sözdən "Məsih" və "Allahın oğlu" ifadələri ilə müqayisədə daha çox istifadə edilir. "İnsan oğlu" kəlməsi yəhudi ilahiyyatına məxsus bir ifadədir və o, Əhdi-Ətiqdə, -xüsusilə də Məzmurlarda,-həddindən artıq çox işlədilib. Bu kəlmə həqiqətən də insanları ifadə edir və çox vərdiş edilmiş bir kəlmədir. Məsələn, Hezeikel peyğəmbərdən bəhs edilərkən 90 dəfə "insan oğlu" ifadəsi işlədilib və o, insanlara ölümlü bir bəşər kimi tanıdılıb.

Bu ifadənin arami dilindəki qarşılığı olan "bar nash(a)" Hz.İsa dövründə də hər kəs üçün işlədilirdi, ancaq İncildəki "insan oğlu" ifadəsi yəhudilərin müqəddəs kitablarındakı kimi hər kəs üçün işlədilməyib, ondan yalnız Hz.İsaya işarə edən bir ünvan şəklində bir neçə dəfə istifadə olunub.48 "İnsan oğlu" ifadəsi Matta, Mark və Lukada 69, Yəhya İncilində isə 13 dəfə zikr edilir. Təkcə bir yerdə bütün bəşəri ifadə etmək üçün istifadə olunur ("İbranilərə məktub", 2/6-8). Bu ifadə həm Hz.İsa üçün, həm də Hz.İsa tərəfindən bir neçə dəfə və "mən" mənasında işlədilib. Həmin İncil fəsillərindən bəziləri bunlardır:

"Hamı da Allahın əzəmətinə təəccübləndi. Və hamı İsanın etdiyi bütün işlərə heyrətlənərkən, o öz şagirdlərinə dedi: "Bu sözlər sizin qulaqlarınızda qalsın", - dedi. "İnsan oğlu insanların əlinə təslim ediləcək"" ("Lukanın İncili", 9/43-44).
"...Yunis Nineviya əhalisinə necə əlamət oldusa, insan oğlu da bu nəsil üçün elə əlamət olacaqdır" ("Lukanın İncili", 11/30).
"...Budur, Yerusəlimə qalxırıq və insan oğlu üçün peyğəmbərlər vasitəsi ilə yazılanların hamısı icra olunacaqdır..." ("Lukanın İncili", 18/31).
"İnsan oğlu doğrudan da qabaqcadan müəyyən edilmiş yoldan gedir. Amma vay o adamın halına ki, insan oğlu onun vasitəsi ilə ələ verilir" ("Lukanın İncili", 22/22).
"İsa hələ danışmaqda ikən bir izdiham göründü. Və onların qabağında on ikilərdən Yəhuda adlı birisi gəlirdi. O, İsanı öpmək üçün yaxınlaşdı. İsa isə ona dedi: "Yəhuda! İnsan oğlunu öpüşləmi satırsan?"" ("Lukanın İncili", 22/47-48).

Yuxarıda da bildirdiyimiz kimi, "insan oğlu" ifadəsi ilk xristianlar tərəfindən "bəşər" mənasında işlədilirdi. Çünki əksəriyyəti yəhudi olan ilk xristianlar bu ifadəni həmişə bu mənada işlədiblər və bu ifadəyə "bəşər"dən başqa bir məna əlavə edilməyib. Əhdi-Ətiqdəki ifadələr da bu fikri dəstəkləyir və Hz.İsanın Allahın yaratdığı, Allahın mərhəmətinə möhtac bir bəşər olduğunu ortaya qoyur.

İncildə qeyd edilən "Allahın oğlu" ifadələri isə üçləmə inancı tərəfdarlarının "istinad nöqtələri"ndən birini təşkil edir. Ancaq bu şərh xristian dünyasında əsrlər boyunca böyük mübahisələr doğurub və həmin mübahisələr bu günə qədər də gəlib çatıb. Çünki yəhudi mədəniyyətini dərindən bilən, Hz.İsanın yaşadığı dövrdə xalqın istifadə etdiyi dilin xüsusiyyətlərini araşdıran hər bir tədqiqatçı bu ifadənin məcazi bir məna daşıdığını bildirib. Məsələ ilə bağlı geniş yayılan qənaət belədir: "Allahın oğlu" kəlməsi yəhudi cəmiyyətində geniş yayılan və nüfuzlu şəxslər üçün tez-tez işlədilən məcazi bir ifadə forması idi".
1977-ci ildə aralarında anqlikan ilahiyyatçılarının da olduğu 7 nəfər İncil mütəxəssisi "The Myth of God Incarnate" (""Tanrı insan şəklini aldı" əfsanəsi") adlı bir kitab nəşr etdirdi. Bu kitabın çox böyük təsiri oldu. Redaktor Yohn Hick ön sözdə bunları qeyd edirdi:

"Bu kitabın müəllifləri XX əsrin bu son dövründə din sahəsində böyük bir inkişafın baş verməsinin vacibliyi məsələsində həmfikirdirlər. Bu ehtiyac hər şeydən əvvəl xristianlığın mənşəyi ilə bağlı məlumatların çoxalmasından qaynaqlanır. Bundan başqa, bu ehtiyac Hz.İsanın Allah tərəfindən xüsusi bir vəzifə və müqəddəs məqsədlə göndərilən bir insan olduğunu qəbul etməyə əsaslanır. Və bu ehtiyac Hz.İsanın Allahın inkarnasiyası (insan şəklini alması) və üçləmə etiqadının ikinci şəxsi olması ilə bağlı inancın Hz.İsanın bizim üçün ifadə etdiklərinin lirik və mifoloYi bir ifadə forması olmasını qəbul etməyə əsaslanır.

Yohn Hickin öz kitabında müxtəlif dəlillərə əsaslanmaqla üzərində dayandığı həqiqət "Tanrının oğlu" ifadəsinin tamamilə Hz.İsadan sonra ortaya atılan bir inanc olması və Hz.İsanın heç vaxt belə bir inancı təbliğ etməməsidir.

"Hz.İsa daha sonra yaşayan xristianların düşündükləri kimi özü haqqında heç vaxt tanrılıq iddiasında olmayıb. O, özünü heç vaxt Tanrı, Tanrının oğlu və yaxud da inkarnasiyası kimi görmürdü... Hz.İsanın özü haqqında bu fikirdə olmasını düşünmək əsla mümkün deyil. Həmçinin o bu məsələ ilə bağlı fikri inkar kimi qəbul edib: ona məxsus olduğu söylənən bu söz bunu açıq-aşkar ortaya qoyur: "Nə üçün məni Tanrı adlandırırsan? Allahdan başqa tanrı yoxdur" ("Mark İncili", 10/17-18). Təbii ki, Hz.İsanın nəyi deyib-deməməsi ilə bağlı qəti söz söyləmək mümkün deyil. Ancaq mövcud dəlillər tarixçilərin Hz.İsanın belə bir iddiada olmadığını yekdilliklə qəbul etməsini təmin edib".

Yəhudilərin çox geniş şəkildə istifadə etdiyi "Allahın oğlu" ifadəsi məcazi olaraq "Allaha məxsus" mənasına gəlirdi. Bu fikrə görə, bir nəfərə "Allahın oğlu" deyiləndə həmin adamın Allaha yaxın olmasının, onun Allaha könüldən xidmət etməsinin və Allahın razı olacağı bir həyat yaşamasının ifadə edilməsinə çalışılırdı. Həmin adamın Allaha oxşar və ya bərabər statusa malik olması yaxud da tanrılıq xüsusiyyəti daşıması (bundan Allaha sığınırıq) heç bir halda nəzərdə tutulmurdu. Həmçinin yəhudilikdə də belə bir etiqadın yeri yoxdur.

Dolayısı ilə ilk xristianların da bu ifadə ilə Hz.İsaya bəslədikləri hörməti və onun Allaha yaxın edilmiş mübarək bir qulu olmasına dair qəti inamlarını ifadə etmək istəmələri mümkündür. Həmçinin bir çox xristian ilahiyyatçıları da "Hz.İsa üçün işlədilən "Allahın oğlu" ifadəsinin Hz.İsanın tərəfdarları tərəfindən onu şərəfləndirmək və ucaltmaq məqsədilə işlədildiyini söyləyərək həmin sözün məcazi mənaya gəldiyini" vurğulayırlar.

"Oğul" ifadəsi əslində ibrani dilində mövcud olan xüsusi bir deyim forması idi və o, başqa anlayışlarla birlikdə də işlədilirdi. Bir insanın bir şeyin "oğlu" kimi qeyd edilməsi onun həmin şeylə yaxın əlaqəsinin olması mənasına gəlirdi. «The Catholic Encyclopedia» ("Katolik ensiklopediyası") bu məsələ ilə bağlı aşağıdakıları yazır:

"Samilər (yəhudilər və ərəblər) arasında "oğul" sözü yaxınlığı və yaxın əlaqəni yaxud da xüsusi bağlılığı ifadə etmək üçün istifadə edilirdi. Məsələn, "gücün oğlu" qəhrəman bir döyüşçü demək idi; "pisliyin oğlu" pis bir adam; "qürurun oğlu" təkəbbürlü adam; "mal-mülkün oğlu" imkanlı adam; "fidyənin oğlu" əsir; "ildırımın oğlu" çox sürətli uçan quş; "ölümün oğlu" öləcəyi gözlənilən adam; "yayın oğlu" ox; "Belilalın oğlu" lənətlənmiş bir adam mənasına gəlirdi. "Peyğəmbərlərin oğlu" kəlməsindən həmin peyğəmbərlərə tabe olan insanları tanıtmaq üçün istifadə olunurdu. "Tanrının oğlu" sifəti isə Əhdi-Ətiqdə Allahla yaxın əlaqəsi olanlar üçün işlədilir, mələklər yaxud da sadəcə dindar insanlar "Tanrının oğlu" kimi qeyd edilirdilər".

Türkiyənin 19 May Universitetinin ilahiyyat fakültəsinin dosenti dr.Mahmud Aydın Yohn Hick-in bu məsələ ilə bağlı fikirlərini belə izah edir:
"...Belə bir ifadə Hz.İsanın gəldiyi dövrdə çox işlədilən və camaat arasında mühüm şəxslər haqqında tez-tez işlədilən bir ifadə forması idi. Dolayısı ilə Hz.İsanın həvariləri də bu ifadəni, yəni "Allah oğlu" sifətini qəbul edərək onu asanlıqla öz rəhbərləri, yəni Hz.İsa üçün işlədiblər. Buna görə də Hz.İsa eynilə Davudun nəslindən gələn krallar və yəhudi cəmiyyətində yaşayan, din və əxlaq baxımından son dərəcə nüfuzlu sayılan şəxsiyyətlər kimi "Allahın oğlu" adlandırılıb. Hickin fikrinə görə, yəhudi düşüncəsində "Allahın oğlu" sifəti verilən krallar və nüfuzlu adamlar sözün hərfi mənasında heç vaxt Allahın oğulları sayılmayıblar. Ancaq onlar malik olduqları xüsusiyyətlərə uyğun olaraq sadəcə ucaldılmaq məqsədilə Allahın oğulları kimi şərəfləndiriliblər. Yəni sözügedən bu sifət yəhudi düşüncəsində heç vaxt hərfi mənada işlədilməyib. "Allahın oğlu" ifadəsi yəhudi tarixi boyunca yalnız insanlar haqqında işlədilib. Məsələn, Məsih sülalə krallarının Allahın oğlu kimi qəbul edildiyi Hz.Davud sülaləsindən gəlməsi lazım sayılan dünyəvi bir kral olaraq qəbul edilirdi... Hz.İsanın tərəfdarları da mövcud olan bu təbirləri çox rahatlıqla onun üçün də işlədiblər. Hz.İsanın ilahi xüsusiyyətlərə sahib bir varlıq kimi qəbul edilməsi ilk növbədə onun yaşadığı mədəniyyətin bir nəticəsidir. Buna görə də Hz.İsanın gəldiyi dövrdə bəzi mühüm özəlliklərə malik olan insanlar məcazi mənada ilahi xüsusiyyətlərə malik "Allah oğlu" kimi təqdim edilir və tanınırdı".53
Mahmud Aydın Yohn Hickin bu məsələ ilə bağlı fikirlərinə geniş yer ayırandan sonra "Allahın oğlu" ifadəsindən istifadə edilməsi haqqında bunları bildirir:

"Nə Hz.İsanın şəxsən özü tanrı olduğunu iddia etməyib, nə onun həvariləri onun tanrılığını, nə də tanrıya məxsus xüsusiyyətlərə malik olduğunu bildirməyiblər. Əksinə, Hz.İsanın tanrı olması fikri ilk xristian cəmiyyəti arasında ortaya çıxıb və zaman ötdükcə sistemləşdirilərək ehkam halına gətirilib. Bu ehkam ilahi oğulluq ifadələrinin dövr keçdikcə yəhudilərin işlətdiyi mənadan uzaqlaşıb Ellin Roma mədəniyyətinə uyğun şəkildə işlədilməsi nəticəsində ortaya çıxıb".

Əhdi-Cədid araşdırmaçılarından biri, ilk xristianlığın mənbələri ilə bağlı müxtəlif əsərlərin müəllifi olan P.M.Casey (Keysi) isə "Hz.İsa onun xüsusi və çox dindar bir adam olduğunu düşünənlər tərəfindən Tanrının oğlu adlandırılmış ola bilər" deyir.55 Caseyin üzərində ayrıca dayandığı başqa bir məsələ isə yəhudi ənənəsində fərdlərin və cəmiyyətin nəzərində mühüm sayılan şəxs və hadisələrin mifoloYi və məcazi anlayışlarla ifadə edilməsi faktıdır.56
Yəhudi etiqadlarında mövcud olan "Məsih" anlayışına görə sadəcə bir kral olan Məsih Hz.Davudun nəslindən gələcəkdi. Hz.Davudun nəslindən gələn krallar da "Krallıq məqamına təyin edilmiş mənasında Tanrının oğulları olaraq" qəbul edilirdilər...57 Hz.İsaya "Məsih" kimi iman gətirən adamlar da bu inamın bir davamı kimi onu eyni ifadə ilə adlandırmış ola bilərlər.

f.E.P.Sanders də "The Historical Figure of Yesus" ("Hz.İsanın tarixi portreti") adlı əsərində "Allahın oğlu" ifadəsinin yəhudi cəmiyyətində heç vaxt sözün hərfi mənasında işlədilmədiyinə diqqət çəkir. Sanders yəhudilər arasında işlədilən "Allahın oğulları" ifadəsinin qadın və kişiləri də əhatə edən mənəvi bir anlamı ifadə etdiyini söyləyir: "Bu, yəhudilər üçün məcazi bir mənanı ifadə edir və Allaha olan bağlılığı göstərir".58 E.P.Sanders "Allahın oğlu" ifadəsinin ilk xristianlar tərəfindən işlədilməsini bu cür şərh edir:
"...İlk xristianlar Hz.İsa barədə "Allahın oğlu" ifadəsini işlətdilər, ancaq onlar onun yarıinsan-yarıtanrı olduğunu düşünmürdülər. Onlar "Allahın oğlu" sözünü yüksək bir vəzifə hesab etmişdilər... Hz.İsanın ilk tərəfdarları onu "Allahın oğlu" deyə çağıranda daha mücərrəd bir vəziyyəti, məsələn, çox vacib bir işi yerinə yetirə bilməsi üçün onu seçən Allahla xüsusi bir əlaqənin olması kimi vəziyyəti ifadə etmək istəmiş ola bilərlər. Yəhudi olmayan xristianlar isə bu dini ilk dəfə qəbul edəndə "Allahın oğlu" ifadəsini Makedoniyalı İsgəndərlə bağlı hekayələrin yaxud da elə öz mifologiya və əfsanələrinin işığında başa düşmüş ola bilərlər..."59
Sandersin də ifadə etdiyi kimi, Hz.İsanın təbliğinin yəhudilərdən yəhudi olmayanlara, yəni bütpərəst romalılara ötürülməsi ilə birlikdə məcazi mənada işlədilən bu kəlmənin anlamı dəyişməyə və o, Hz.İsanın "tanrı" olmasını ifadə edən bir mənada istifadə edilməyə başlanıb. Bununla da ilk xristianlar tərəfindən Məsih kimi tanınan və tamamilə bəşəri təbiətə malik bir şəxsiyyət olaraq qəbul edilən Hz.İsa tanrı kimi xatırlanıb (bundan Allaha sığınırıq). William C.Varner (Uilyam) bir məqaləsində bu ifadənin xristianlar tərəfindən necə başa düşüldüyünü belə araşdırır:

"İncildə Hz.İsaya iman gətirən hər bir kəsin "Allahın oğlu" şəklində tanıdılması inkaredilməz bir həqiqətdir ("Yəhya İncili", 1/12). Elə isə mənim "Allahın oğlu" olmağımla Hz.İsanın "Allahın oğlu" olmasında necə fərq ola bilər? "Allahın oğlu" kəlməsi Hz.İsanın həqiqətən də tanrılığının bir ifadəsidir, yoxsa xristianlar İncildə nəzərdə tutulanlardan daha artığını oxuyurlar? Bu suala cavab verə bilmək üçün xristianlıq mesaYını ilk dinləyənlərin və ilk oxuyanların bu ifadəni necə başa düşdüklərini araşdırmaq lazımdır. Bəs bu adamlar kimlərdir? Ümumi mənada götürsək, onlar yəhudilər və yəhudi olmayanlar idi. Hər iki qrup da "Allahın oğlu" ifadəsini I əsrin dilçilik səviyyəsi və mədəni şəraitində həmişə işlədirdi".

Üçləmə tərəfdarları İncildə qeyd olunan "oğul" ifadəsini "ucaltmaq, şərəfləndirmək və hörmət etmək" mənasında şərh etməyi qəbul etmirlər. Halbuki sözügedən məfhum İncilin əksər yerlərində açıq-aşkar bu mənada işlədilib. Məsələn, "Tanrının oğulları" ifadəsi Allaha iman gətirən və Hz.İsanın yolu ilə gedən bütün səmimi iman sahibləri haqqında işlədilir:

"Mən isə sizə deyirəm: Düşmənlərinizi sevin, sizə lənət oxuyanlara xeyir-dua verin, sizə nifrət edənlərə yaxşılıq edin, sizə əziyyət verib, təqib edənlər üçün dua edin ki, siz göylərdə olan Rəbbinizin oğulları olasınız. Çünki O, Öz günəşinə əmr edir ki, pis və yaxşı adamların üzərinə doğsun; və saleh olanlarla olmayanların üzərinə yağışlar göndərir.

Çünki əgər sizi sevənləri sevərsinizsə, sizə nə mükafat olacaq? Vergi yığanlar da belə etmirlərmi? Və yalnız qardaşlarınızı salamlayarsınızsa, xüsusi bir şey edirsinizmi? Bütpərəstlər də elə etmirlərmi? Beləliklə, səmavi Rəbbiniz kamil olduğu kimi siz də kamil olun" («Matta İncili», 5/44-48).
"Allahın Ruhu ilə idarə olunanların hamısı Allahın oğullarıdır" ("Pavelin romalılara məktubu", 8/14).
"Hər şeyə qadir olan Rəbb deyir: "Mən sizə Allah olacağam, siz də Mənim oğullarım və qızlarım olacaqsınız"" ("Pavelin korinflilərə ikinci məktubu", 6/18).
"...Mükafatınız böyük olacaqdır və siz Haqq-Təalanın oğulları olacaqsınız. Çünki O, nankorlara və pis adamlara qarşı da xeyirxahdır" ("Lukanın İncili", 6/35).
Yuxarıdakı nümunələrdən də göründüyü kimi, "Allahın oğulları" ifadəsi İncil ayələrində çox yerdə işlədilib. Burada işlədilən ifadələrdəki məna isə yəhudi mədəniyyətindəki məna ilə eynidir: Allaha dost olan, Allaha yaxınlaşmaq üçün səy göstərən, Allahın qanunlarına uyğun olaraq yaşayan insanlar... Luka İncilində həmçinin Hz.Adəmdən də "Allahın oğlu idi" ("Luka İncili", 3/38) şəklində bəhs edilir. İncildə olduğu kimi Əhdi-Ətiqdə də "Allahın oğlu" ifadəsi bir neçə yerdə işlədilib. Məsələn, Əhdi-Ətiqdə İsrail milləti üçün "oğul" təbirindən istifadə olunur:

"İsrail uşaq olarkən onu sevdim və oğlumu Misirdən çağırdım" ("Hoşea", 11/1).
Başqa bir Tövrat ayəsində eyni ifadə mələkləri tərif etmək üçün işlədilib:
"Və Allah oğulları Rəbbin qarşısında özlərini təqdim etməyə gəldikləri gün aydın oldu ki, onların arasında şeytan da gəldi" ("Əyyub", 1/6).
"Çıxış" fəslinin 6-cı hissəsinin başlanğıcında "Allahın oğulları" ifadəsi ilə yer üzündə çoxalan insanlar tərif edilir. Bununla bağlı digər ayələr isə belədir (sitatlardakı ifadələrdən Allaha sığınırıq):
"Və Firona deyəcəksən: Rəbb belə deyir: "İsrail oğlum, ilkimdir"" ("Çıxış", 4/22).
"Ağlayaraq gələcəklər. Yalvardıqca onlara yol göstərəcək, onları sulu vadilərin yanında, çaşmayacaqları düzgün yolla yeridəcəyəm, çünki Mən İsrailə Rəbbəm, Əfraim də ilk oğlumdur" ("Yeremya", 31/9).
"Fərmanı elan edəcəyəm; Rəbb mənə (Davud) dedi: "Sən Mənim oğlumsan, Mən səni bu gün yaratdım"" ("Məzmurlar", 2/7).
Tövratda Hz.Süleyman haqqında da "Allahın oğlu" ifadəsi işlədilir. Müvafiq parçalar belədir:
"Və baş verəcək ki, günlərin dolub atalarınla birlikdə olmaq üzrə getdiyin zaman səndən sonra oğullarından olacaq züryətini saxlayacağam və onun hakimiyyətini gücləndirəcəyəm. O, Mənə ev inşa edəcək və Mən onun taxtını əbədi olaraq qüvvətləndirəcəyəm. Mən ona Rəbb olacağam və o, Mənə oğul olacaq. Və səndən əvvəl olandan köməyimi geri qaytardığım kimi ondan geri almayacağam. Və onu Öz evimdə və Öz səltənətimdə həmişə saxlayacağam və onun taxtı əbədiyyən güclənəcəkdir" ("Birinci Tarixlər", 17/11-14).
"Allahın oğlu" adı altında qeyd edilən bu mübarək insan Hz.Davudun oğullarından biri olan Hz.Süleymandır.
"(Və Davud oğlu Süleymana dedi:) "...Sənə bir oğul doğacaq, o, barış adamı olacaq və ona ətrafındakı bütün düşmənlərindən rahatlıq verəcəyəm. Çünki onun adı Süleyman olacaq. Və onun günlərində İsrailə salamatçılıq və əmin-amanlıq verəcəyəm. Mənim adıma ev inşa edən o, olacaq və o, Mənə oğul olacaq və Mən ona Rəbb olacağam. İsrail üzərində hakimiyyətinin taxtını əbədi olaraq gücləndirəcəyəm. İndi oğlum, Rəbb səninlə birlikdə olsun və işin yaxşı getsin və Allahın - Rəbbin evini sənin haqqında söylədiyi kimi et!"" ("Birinci Tarixlər", 22/9-11).
Yenə eyni hissədə belə buyrulur:
"Bütün oğullarımdan (çünki Rəbb mənə çox oğul verdi) Rəbbin İsrail üzərində səltənətin taxtına oturmaq üçün oğlum Süleymanı seçdi. Və mənə dedi: "Oğlun Süleyman, evimi və həyətlərimi o, tikəcək, çünki onu Özümə oğul seçdim və Mən ona Rəbb olacağam. Və əgər bu gün olduğu kimi əmrlərimi və hökmlərimi yerinə yetirmək üçün sabitqədəm olarsa, onun hakimiyyətini əbədi olaraq gücləndirəcəyəm"" ("Birinci Tarixlər", 28/5-7).

Yuxarıdakı bütün açıqlamalar yəhudi ənənəsində "Allahın oğlu" ifadəsinin "Allahı özünə dost qəbul etmiş səmimi və təqva sahibi" bəndələr barədə işlədildiyini bütün aydınlığı ilə göstərir. Dolayısı ilə bu ifadə Hz.İsa üçün də eyni məqsədlə işlədilib. Bu ifadə eynilə Hz.Süleyman və Hz.Adəmlə bağlı açıqlamalarda da olduğu kimi yəhudi ənənələrindən qaynaqlanan məcazi bir söz birləşməsidir. Bu ifadə yəhudi mədəniyyəti ilə tərbiyələnib yetişən, Tövratdan xəbərdar olan və Hz.İsaya tabe olana kimi yəhudiliyin əsaslarını tətbiq edən ilk xristianlar tərəfindən də hörməti, təqvanı və Allaha yaxınlığı ifadə etmək üçün seçilmişdi.

"Allahın oğlu" ifadəsinin üçləmə etiqadına bir istinad nöqtəsi və təməl ola bilməyəcəyini göstərən başqa bir dəlil isə İncildə Allahın adının qeyd edilməsi ilə bağlıdır. Antony Buzzard (Entoni Byuzard) İncildə Allahın adının nə şəkildə işlədildiyini "Who is Yesus? Do the creeds tell the truth about him?" ("Hz.İsa kimdir? Etiqadlar bizə onunla bağlı həqiqəti söyləyirmi?") sərlövhəli məqaləsində bunları bildirir:

"Tanrı sözü Müqəddəs Kitabda minlərlə dəfə ismin tək halında olan şəxs əvəzlikləri ilə ifadə edilir: Mən, Mənə, Məni, Sən, Sənə, O, Ona, Onu... Bir nəfər bu əvəzliklərin 11.000 dəfə qeyd edildiyini hesablayıb. Bütün dillərdəki əvəzliklər üç şəxsi deyil, tək şəxsləri ifadə edir. Bizə Allahın üç deyil, bir varlıq olduğunu anladan minlərlə ayə var. Əhdi-Cədiddəki Allah adının "Allahın üç şəxsdə olduğu" mənasına gəldiyini sübut edə biləcək heç bir yer yoxdur. Buna görə də Müqəddəs Kitabdakı Allah adı heç vaxt üçləmə prinsipindəki Allah mənasına gəlmir".61
Bu fəsildə də vurğuladığımız kimi, "oğul" ifadəsi yəhudi mədəniyyətində çox geniş istifadə edilən və tanrılıq mənasına gəlməyən bir ifadədir. Dolayısı ilə yəhudi etiqadlarına görə, Hz.İsanın "Allahın oğlu" olduğunu fikirləşərək bu ifadəni işlədənlər, bu müqəddəs peyğəmbərin Allahla eyni gücə sahib olduğunu iddia edənlər (bundan Allaha sığınırıq) çox böyük səhv edirlər. İslam dinində də bu ifadədən Hz.İsaya tanrılıq nisbət edərək istifadə edənlər Qur’an ayələrində çox yerdə tənbeh olunur və onlara xəbərdarlıq edilir. Bu sözlər Allah dərgahında çox böyük günahdır. Rəbbimiz "Maidə" surəsində belə buyurur:

""Allah Məryəm oğlu Məsihdir", - deyənlər, şübhəsiz ki, kafir oldular. Onlara de: "Əgər Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, bu işdə kim ona bir şeylə mane ola bilər? Göylərin, yerlərin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir. O, istədiyini yaradar. Allah hər şeyə qadirdir!" ("Maidə" surəsi, 17).

İncildə "Ata" sözünün işlədilməsi
İncildə tez-tez işlədilən və üçləmə etiqadını müdafiə edən xristian ilahiyyatçıları tərəfindən mühüm bir dəlil kimi qəbul edilmiş ifadələrdən biri "Ata" sözüdür (xristianların yanlış etiqadlarını əks etdirmək məqsədilə işlədilən hər cür ifadədən Allaha sığınırıq). Halbuki bu ifadə də yenə "oğul" sözü kimi məcazi mənada işlədilib. İncildə bu kəlmənin təkcə Hz.İsa tərəfindən deyil, iman sahibi olan, Allahdan qorxan, Allaha dua edib Ondan kömək istəyən bütün insanlar tərəfindən də işlədilməsinin şahidi olmaq mümkündür. "Ata" ifadəsi ilə Allahın bu insanların tək sahibi, tək dostu və himayədarı olması ifadə edilir. Burada üçləmə inancını dəstəkləyən heç bir məna yoxdur.

Bu ifadələrdən bəziləri belədir:
"...Ata məndən üstündür" ("Yəhyanın İncili", 14/28).
"Siz göylərdə olan Atanızın oğulları olasınız. Çünki O Öz günəşinə əmr edir ki, pis və yaxşı adamların üzərinə doğsun və saleh olanlarla olmayanların üzərinə yağışlar göndərir" («Matta İncili», 5/45).
"...Qardaşlarımın yanına get və onlara söylə: Mənim Atamın və sizin Atanızın, mənim Allahımın və sizin Allahınızın yanına qalxıram" ("Yəhyanın İncili", 20/17).
"O zaman salehlər Atalarının səltənətində günəş kimi parlayacaqlar..." («Matta İncili», 13/43).
"Sən isə dua etdiyin zaman öz otağına gir və qapını bağlayaraq, gizlində olan Atana dua et; gizlini görən Atan sənə açıqcasına əvəzini verəcəkdir" («Matta İncili», 6/6).
"Atanız sizin nələrə ehtiyacınız olduğunu siz Ondan diləmədən əvvəl bilir" («Matta İncili», 6/8).
"...Səmavi Atanız da bütün bu şeylərə ehtiyac duyduğunuzu bilir. Lakin əvvəlcə Allahın səltənətini və Onun salehliyini axtarın və bunların hamısı sizə əlavə olaraq veriləcəkdir" («Matta İncili», 6/32-33).
"Qoy sizin nurunuz insanların qarşısında elə parlasın ki, xeyirxah işlərinizi görsünlər və Göylərdəki Atanıza həmd etsinlər" («Matta İncili», 5/16).
"Ehtayatlı olun, insanlara özünüzü göstərmək üçün yaxşılıq etməyin; yoxsa səmavi Atanızdan mükafat almazsınız" («Matta İncili», 6/1).
"Buna görə siz belə dua edin: "Ey göylərdə olan Atamız, adın müqəddəs tutulsun"" («Matta İncili», 6/1).
"Çünki insanların təqsirlərini bağışlasanız, səmavi Atanız sizi də bağışlar" («Matta İncili», 6/1).
"Atanız necə mərhəmətli isə siz də elə mərhəmətli olun" ("Lukanın İncili", 6/36).

İncildən sitat gətirilən yuxarıdakı ayələr diqqətlə tədqiq ediləndə Allahı qeyd etmək məqsədilə işlədilən "Ata" sözünün hörmət mənasına gəldiyi, bunu işlədən insana fövqəlbəşər bir status vermədiyi və onun bütün insanlar üçün qüvvədə olduğu aydın olur. Bu ifadə ilə Hz.İsa ilə Allah arasındakı xüsusi bir əlaqə ifadə edilməyib, Allaha təslim olub Onun razı olacağı şəkildə yaşayan bütün insanlara xitab edilib. Həmçinin bu gün də xristianlar öz dualarına çox vaxt "Ata" deyə başlayırlar. Hz.İsanın İncillərdə qeyd edilən buna oxşar duaları da fərqli şəkildə yozulmamalıdır. Ancaq yenidən vurğulamaq lazımdır ki, bu açıqlamalar Hz.İsanın tanrı olduğunu söyləmək məqsədilə "Ata" ifadəsini işlədən insanların səhvini aradan qaldırmır. Onların bu əməlləri Allahın yanında çox böyük xətadır və Qur’an ayələrində bu adamların vəziyyəti belə xəbər verilir:

"Şübhəsiz ki: "Allah Məryəm oğlu Məsihdir!" - deyənlər kafir oldular. Halbuki Məsih belə demişdi: "Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, cənnəti haram edər. Onun düşəcəyi yer cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!"" ("Maidə" surəsi, 72)

Müqəddəs Kitabda qeyd edilən müxtəlif ifadələrdə Rəbbimizin sonsuz güc və qüdrəti, Onun bütün nöqsan və qüsurlardan uzaq olması bütün aydınlığı ilə vurğulanır. Yohn Hick bu məsələni bir müsahibəsində belə ifadə edir:

"Klassik xristian ilahiyyatı Hz.İsanın vəfatından uzun bir müddət sonra təkmilləşdirildi. Müasir tarixi-tənqidi Əhdi-Cədid tədqiqatları bizi əlimizdə olan Əhdi-Cədid mətnlərində Hz.İsanın adına çıxılan sözlərin hansılarını həqiqətən də Hz.İsanın söyləyə biləcəyi məsələsində bilgiləndirməyə çalışır... (İncillərdə qeyd edilən) "Ata" ifadəsinin literal (sözün hərfi mənasında) şəkildə başa düşülməsi mümkün deyil. Həmçinin Hz.İsanın "Tanrının oğlu" olması ifadəsini də hərfi mənada başa düşə bilmərik. Əhdi-Ətiqdə "Tanrının ifadəsi" çox yerdə qeyd edilir. Məsələn, Adəm Tanrının oğludur, mələklər Tanrının oğlanlarıdır, İsraik hökmdarları Tanrının oğullarıdır və nəhayət, İsrail milləti bir tam halında Tanrının oğullarıdır. Açıq görünür ki, bu ifadələrdəki "Ata" və "oğul" qavramları hərfi mənanı ifadə etmir, ancaq Tanrı-insan əlaqəsinin metaforik mənasını simvolizə edir. Əlavə edək ki, bu ifadələri hərfi mənada başa düşməyə çalışmaq yəhudilikdə böyük günah sayılır. Hz.İsanın dövründə bu cür metaforik ifadələr mövcud idi. Hər hansı bir Tanrıya özünü həsr etmiş hər hansı bir adamın metaforik mənada "Tanrının oğlu" kimi ifadə edilməsi həmin dövrdəki ümumi dini mənada işlədilənlərin bir hissəsi kimi qəbul edilə bilər. Qısası, "oğul" ifadəsi Tanrıya yaxınlığın rəmzi bir ifadəsi olur. Başa düşdüyüm qədər müsəlmanları narahat edən məsələ bu ifadənin hərfi mənada başa düşülməsidir. Eynilə bir xristian olaraq mən də bu cür hərfi mənadan narahat olduğumu bildirməliyəm".

İncildə məcazi mənalarda başa düşülməsi lazım gələn çoxsaylı açıqlamalar var. "Allahın oğulları" ifadəsi də bunlardan biridir:
"...Dirilmə oğulları olduqlarından onlar Allahın oğullarıdır" ("Lukanın İncili", 20/36).

"Onu qəbul edənlərin hamısına, Onun adına iman edənlərə isə Allahın oğulları olmaq haqqını verdi" ("Yəhyanın İncili", 1/12).
"O, bu sözləri özündə demədi, lakin o il baş kahin olduğu üçün peyğəmbərlik edib, qabaqcadan xəbər verdi ki, İsa xalq uğrunda və yalnız xalq uğrunda deyil, Allahın pərən-pərən salınmış övladlarını da bir yerə toplamaq naminə öləcəklər" ("Yəhyanın İncili", 11/51-52).

"Elə həmin ruh bizdəki ruha şəhadət edir ki, biz Allahın övladlarıyıq. Və əgər övladıyıqsa, deməli, Allahın varisləriyik; və əgər Məsihlə bərabər izzət qazanmaq üçün Onunla iztirab çəkiriksə, Məsihin həmvarisləriyik" ("Pavelin romalılara məktubu", 8/16-17).
"Çünki xilqət Allahın oğullarının zühurunu böyük həsrətlə gözləyir" ("Pavelin romalılara məktubu", 8/19).
"Hər şeyi şikayətsiz və etirazsız icra edin ki, siz əyri və pozğun nəsil arasında nöqsansız və saf, Allahın qüsursuz övladları olasınız..." ("Pavelin filipililərə məktubu", 2/14-16).
"Görün Ata bizə necə bir məhəbbət göstərmişdir ki, Allahın övladları adlanaq və biz doğrudan da eləyik! Dünya bizi ona görə tanımır ki, Onu tanımamışdır. Sevimlilərim, indi biz Allahın övladlarıyıq, amma nə olacağımız hələ izhar olunmamışdır..." ("Yəhyanın birinci məktubu", 3/1-2).
"Kimin Allahın övladı, kimin də şeytanın övladı olduğu bundan bəlli olur: saleh iş görməyən, Allahdan deyildir, öz qardaşını sevməyən də həmçinin" ("Yəhyanın birinci məktubu", 3/10).
"Biz Allahın övladlarını sevdiyimizi, Allahın sevib, Onun əmrlərinə riayət edərkən bilirik" ("Yəhyanın birinci məktubu", 5/2).
Burada qeyd edilən nə "Ata", nə də "oğul" ifadəsi ilə insanlara tanrılıq keyfiyyəti verilməyib (bundan Allaha sığınırıq). Bu, aşkar bir məsələdir. Allaha itaət edən, Allaha sadiq, Allahı özünə dost seçən və ancaq Allahı razı etmək üçün yaşayan insanlar İncil açıqlamalarında "Allahın oğulları" şəklində ifadə ediliblər. İnsanlar Allaha yəhudi ənənəsindən gələn bu cür ifadələrin işlədilməsinin bir nəticəsi kimi sevgi və hörmət əlaməti olaraq "Ata" deyə yalvarıblar. Bu məcazi sözlər yəhudi dininin əsası olan "Qulaq as, ey İsrail! Rəbb bizim Allahımızdır və Rəbb təkdir" ("Təsniyə", 6/4) hökmünün gətirdiyi tövhid inamı ilə aydın olur.

"Allah bütün insanların sahibidir" mənasında işlədilə bilər
Hz.İsanın həvariləri və ilk xristianlar Hz.İsanın təlimindən keçib dərin iman, çox üstün əxlaq sahibi və Hz.İsanın Allah yolundakı köməkçiləri idilər. Buna görə də onlar başlarına gələn hər bir hadisəni, Hz.İsanın təbliğini dərin imanları ilə izah edirdilər. Onlar Allahın sonsuz güc və qüdrət sahibi olduğunu, bütün kainatın yeganə Maliki olduğunu, Allah istəməsə, heç bir şeyin var olmayacağını, heç kimin heç nəyə güc çatdıra bilməyəcəyini çox yaxşı bilirdilər. Buna görə də sahib olduqları dərin iman nəticəsində Hz.İsa üçün "Allahın oğlu" ifadəsini işlədərkən eyni cür fikirləşə bilərdilər. Onlar bütün ataların, bütün anaların və bütün oğulların Rəbbimiz tərəfindən yaradıldığını və hamısının sahibinin Allah olduğunu bildirmək istəmiş ola bilərdilər. Yaddan çıxarmaq olmaz ki, ana və ata bir övladın yaradılması üçün Allahın səbəb etdiyi vasitələrdir. Həqiqətdə isə kainatdakı bütün varlıqları yaradan yeganə güc aləmlərin Rəbbi olan Uca və Qadir Allahdır. Bu mənada bütün analar, bütün atalar, bütün oğullar Allaha məxsusdur. Hazırda üstündə oturduğumuz kreslo və ya stul əşya, içində olduğumuz bina, şəhərlər, ölkələr, millətlər yalnız Allaha aiddir. Bir çay varsa, o da Allahın çayıdır. Allahın dənizi, Allahın məscidi, Allahın kilsəsi, Allahın bulağıdır... Dolayısı ilə bütün oğullar da Allaha məxsusdur. Rəbbimiz bir insanı yaratmaq üçün bir anaya, bir ataya və ya başqa bir səbəbə ehtiyacı yoxdur. Onun bircə dəfə "Ol!" deməsi bəs edir. Bütün fiziki, bioloYi, kimyəvi qanunları yaradan yeganə güc Rəbbimizdir. Deməli, bir insanın yaradılması üçün "olmalı olduğu düşünülən" bütün qanunları və səbəbləri də Rəbbimiz yaradıb. Hz.Məryəmi də, kainatda gəlib-getmiş bütün anaları da, anaların doğuş sistemlərini yaradan da sonsuz güc və qüdrət sahibi olan Allahdır. Hər doğuş hadisəsini meydana gətirən Allahdır. Ananı da, atanı da yaradan Allahdır. Rəbbimiz hər cür qüsur, nöqsan və ehtiyacdan uzaqdır. Ayələrdə belə bildirilir:

"Sizə qulaq, göz və ürək verən Odur. Siz çox az şükr edirsiniz. Sizləri yer üzündə yaradıb törədən Odur. Siz Onun hüzuruna cəm ediləcəksiniz. Dirildən də, öldürən də Odur. Gecə və gündüzün bir-birinin ardınca gedib-gəlməsi də Onun əmrilədir. Məgər dərk etmirsiniz?" ("Muminun" surəsi, 78-80).

"Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız, daha sonra qocalasınız deyə yaşadan Odur. İçərinizdə daha əvvəl öldürülənlər də var. Bütün bunlar müəyyən bir vaxta yetişəsiniz və, bəlkə, düşünüb anlayasınız deyə edilir. Dirildən də, öldürən də Odur. O bir işi qərara aldıqda ona ancaq: "Ol!" -deyər, o da dərhal olar" ("Mumin" surəsi, 67-68).
"Güldürən də ağladan da Odur! Öldürən də, dirildən də Odur! Hər bir cifti erkək və dişi yaradan Odur - Bir qətrə nütfədən axıb tökülərkən... Yenidən diriltmək də Ona aiddir!" ("Nəcm" surəsi, 43-47).
"Şuəra" surəsində isə Hz.İbrahimin belə dua etdiyi xəbər verilir:

"Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək Odur. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!" ("Şuəra" surəsi, 78-82).
Yuxarıdakı ayələrin mahiyyətinə uyğun düşünəndə xristian məfhumları da məna qazanacaq. Hz.İsa, Hz.Musa, Hz.Salih, Hz.Nuh, Hz.Hud və Hz.Muhəmməd (s.ə.v.) Allaha məxsus olan bəndələrdir. Çünki bütün peyğəmbərlər Allahındır. Ayələrdə yəhudilərin Hz.Üzeyir haqqında "Allahın oğludur" dedikləri bildirilir. Yəhudilər də, Hz.Üzeyir də Allaha aid olan bəndələrdir. Rəbbimiz anası, atası olmadığı halda Hz.Adəmi torpaqdan yaradıb. Mələkləri yaradan da aləmlərin Rəbbi olan Allahdır. Hz.Yəhyanın möcüzəvi şəkildə dünyaya gətirən də Allahdır. Bunun əksini söyləmək çox böyük yanlışlıq olardı. Təkcə Hz.İsa deyil, hər ana, hər ata, hər övlad Allahındır. Xristianlar da əvvəllər "Allahın oğlu" ifadəsini bu mənada işlətmiş ola bilərlər. Xristianlara məxsus olan bir internet saytında buna uyğun bir açıqlama qeyd olunur:

"Hz.İsa "Allahın oğludur" deyərkən onun əsla fiziki mənada bir oğul olmasından bəhs etmirik. Biz ancaq Hz.İsanın Allahdan gəldiyini söyləyirik... "Oğul" gündəlik işlətdiyimiz sözlərdə də tez-tez işlədilir. Əksər dillərdə bu söz fiziki mənada bir əlaqəni ifadə etmək üçün istifadə olunmur. Məsələn, tələbələr üçün "elmin övladları" şəklində bir məsəl var. Vətəndaşlar "ölkələrinin övladları"dır. Misirə "Nilin oğlu" deyilir. Bir ərəb "səhranın övladı" kimi qeyd edilir. Qur’anda "Bəqərə" surəsində də "yol oğlu" ifadəsi işlədilir. Təfsirçilər bu ifadənin "səyyah" mənasına gəldiyini bildirirlər. Buradan da aydın olduğu kimi, "Allahın oğlu" sözü insanların başa düşdüyü bir mənada qohumluq əlaqələrini ifadə etməyə bilər".

Bəzi xristianlar "Allahın oğlu" ifadəsinin bir təcəlla kimi qəbul edilməli olduğunu söyləyirlər. Bu, başadüşülən bir açıqlamadır və Rəbbimizin Qur’an ayələrində bildirdiyi həqiqətlərə də uyğun gəlir.

Allah bütün kainatı yoxdan yaradan, bütün kainatda mütləq hakimiyyət sahibi olandır. Göylərin və yerin sahibidir. Allah bizə bizdən yaxındır. Rəbbimiz "Əraf" surəsində belə buyurur:
"Musaya vəd etdiyimiz vaxt kəlib çatanda Rəbbi onunla danışdı. Musa: "Ey Rəbbim! Özünü mənə göstər. Sənə baxım!" -dedi. Allah: "Sən Məni əsla görə bilməzsən. Lakin dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən", -buyurdu. Rəbbi dağa təcəlli etdikdə onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan sonra isə: "Sən pak və müqəddəssən! Sənə tövbə etdim. Mən iman gətirənlərin birincisiyəm!" - dedi" ("Əraf" surəsi, 143).

Ayədə qeyd edilən "təcəlla etdikdə" ifadəsi "zahir olmaq, ortaya çıxmaq, ifadə edilmək..." kimi mənalara gəlir. Əlmalılı Hamdi Yazır bu ayəni öz təfsirində belə açıqlayır:
"Rəbbi ona dedi ki, Məni qətiyyən görə bilməyəcəksən, lakin dağa bax. Əgər o, yerində dura bilsə, sən də Məni görə bilərsən". Rəbbi dağa təcəlla etdikdə, ki, bu, izafi təcəlladır, yəni Zatındakı bütün əzəməti və mütləq qüdrəti ilə deyil, əzəmətindən və qüdrətindən bir ləmha ortaya çıxması, əmr və iradəsindən bir hissənin dağa dəyməsi ilə onu parça-parça etdi. Həmzə, Kisai, Xələfi Aşir qiraətlərində oxunduğuna görə, "dümdüz etdi", yəni dağ getdi, yeri dümdüz oldu, sanki hürgücsüz dəvə kimi oldu... Qeyd edilən bu təcəlla ilə iki hadisə baş verdi: biri dağın parçalanıb xırdalanması, digəri də Hz.Musanın bayılıb yerə yıxılması. Demək ki, Hz.Musa dağa olan nisbi bir təcəllaya da tab gətirməyib bayıldı, tam və mütləq varlığı təcəlla etsəydi, bütün dünya və bütün kainat bir anda məhv olardı. "Sən Məni əsla görə bilməzsən" buyruğunun əsas hikməti də bu ola bilər..."

Başqa bir ayədə isə belə buyrulur:
"Biz onu Tur dağının sağ tərəfindən çağırdıq və gizli söyləmək üçün Özümüzə yaxınlaşdırdıq" ("Məryəm" surəsi, 52)

"Musa onun yanına yetişdikdə belə bir nida gəldi: "Ya Musa!" ("Taha" surəsi, 11)

"Ora gəlib çatdıqda vadinin sağ tərəfində olan mübarək yerdəki ağacdan belə bir nida gəldi: "Ya Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm!" ("Qəsəs" surəsi, 30).

Başqa bir Qur’an ayəsində Rəbbimiz belə buyurur:
"Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə vermişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!" ("Bəqərə" surəsi, 255).

İncil açıqlamalarından da gördüyümüz kimi, Hz.İsa söhbət etdiyi bütün insanları Allaha iman gətirməyə dəvət edirdi. Müşriklərin bütün suallarına çox gözəl misallarla və məntiqlə cavab verirdi. Məsələyə bu yöndən baxanda "Allahın oğlu" ifadəsinin həmin dövrün insanları arasında geniş yayılmış bütpərəst üslub qarşısında işlədilən xüsusi bir açıqlama olması da mümkündür. İnsanlara hər şeyin sahibinin, bütün insanların tək dostunun və himayədarının Allah olduğunu başa salmaq istəyən bir iman yiyəsi "Mən atamın deyil, Allahın oğluyam" şəklində bir söz demiş ola bilər. Bu ifadə qarşıdakı adamın inkarçı üslubunu, bütlərinə dəyər verib kömək istəyən üslubunu aradan qaldırmaq üçün işlədilmiş ola bilər. Ən doğrusunu əlbəttə ki, Allah bilir.

GERİ
image