İslam və xrisianlıq

Hz. İsanın dövründə Fələstin

image

Hz. İsanın yaşadığı dövrdə Ağ dəniz tamamilə Roma imperatorluğunun hakimiyyəti altında idi. İmperatorluq sərhədlərini böyük hərbi fəthlərlə o qədər genişləndirmişdi ki, Ağ dəniz imperatorluğun bir daxili gölünə çevrilmişdi. İmperatorluq hərbi sahədə olduğu kimi mədəniyyət sahəsində də ən güclü dövrlərindən birini yaşayırdı. Qədim yunan mədəniyyətini öz mirası kimi mənimsəmiş və onu yeniliklərlə daha da inkişaf etdirmişdi. Ellinizm adlanan bu cərəyan din də daxil olmaqla həyatın demək olar ki, bütün sahələrində hakim idi. Memarlıq və sənət çiçəklənmə dövrünü yaşayırdı. Romalılar özlərini başqa xalqlardan üstün sayır və öz həyat tərzlərini işğal etdikləri torpaqlarda yaşayanlara da qəbul etdirməyə çalışırdılar.

Romalıların dini Ağ dəniz ətrafında yaşayan bütün xalqlar kimi çoxtanrılı bir din idi. Yunan mifologiyasının xəyal məhsulu olan tanrılar müxtəlif adlarla Roma mifologiyasında da işlədilirdi. Romalılar ən böyüyü Yupiter adlandırılan və heykəlləri rəmzləşdirilən bir çox bütə sitayiş edirdilər. Bəzi Roma imperatorları isə özlərini də bu saxta tanrılar arasına daxil edən qanunlar çıxarmışdılar. Digər tərəfdən, Romanın hakim olduğu torpaqlarda yunan dini və bu inanca məxsus tanrılar da geniş yayılmışdı. Zevs, Hermes, Venus kimi yunan bütlərinin heykəlləri böyük şəhərlərin meydanlarını bəzəyirdi. Sitayiş edilən bütlər bunlarla məhdudlaşmırdı. Hər şəhərdə, hər məhəllədə, hətta hər evdə irili-xırdalı cürbəcür bütlər və onların rəmzi kimi qəbul edilən heykəllər, rəsmlər, xüsusi sitayiş və nəzir yerləri var idi. Romalı hökmdarlar bu çoxtanrılı dinlərdən öz hakimiyyətlərini genişləndirmək məsələsində bir vasitə olaraq istifadə edirdilər. Roma imperatorları onların hakimiyyətini təhdid etməyən dinlərə qarışmır, əksinə, bu inancları təşviq edir, hər tərəfdə məbədlər, heykəllər düzəltdirərək həmin bütpərəst inancların yayılmasına çalışırdılar. Din onlar üçün kütləyə sədaqət hissi aşılamağın və onları nəzarət altında saxlamağın bir yolu, bu dünya ilə, daha doğrusu, onların hakimiyyətinə heç bir zərəri olmayan bir sahə idi.
Romalılar başqa bir mədəniyyətlə qarşılaşanda həmin cəmiyyətdə öz saxta tanrılarının oxşarını axtarar və beləliklə də öz üstünlüklərini təmin edə biləcək bir əlaqə yaratmağa çalışardılar. Buna görə də romalılar xüsusilə də IV Antiyokus Epifanes dövründə bir olan Allaha iman gətirən yəhudilərə Zevs adlı baş tanrılarını qəbul etdirməyə çalışmış, amma bu vəziyyət onların arasında böyük mübarizəyə səbəb olmuşdu. Dindar yəhudilər müqəddəs torpaqları mənəvi baxımdan ləkələyən bu Roma bütlərinə etiraz etmiş və romalıların öz bütpərəst inanclarını yaymasına şiddətlə qarşı çıxiışdılar.

Romalılar yəhudilərin dininin özlərinin batil dinindən çox fərqli olduğunu və onların öz dininə olan bağlılığını gördükləri üçün yəhudilərin işlərinə, xüsusilə də dini məsələlərinə çox qarışmamaq qərarına gəldilər və Fələstinin hakimi olduqları dövr ərzində yəhudilərin dini inancının əsaslarını yerinə yetirməsinə icazə verdilər. Yəhudi xalqının dini mərkəzi sayılan məbəd əvvəllər olduğu kimi vəzifəli rahiblər tərəfindən idarə edilirdi. Roma iqtidarı yəhudi rahiblərdən təşkil edilən və ən böyük dini məhkəmə olan Sanhedrin təşkilatının fəaliyyətini davam etdirməsinə də icazə verdi.

Sanhedrin Romanın hakimiyyəti altında da bir yəhudini məhkum edə bilər və yəhudi şəriətində olan cəzaları tətbiq edə bilərdi. Romanın həmin bölgəyə təyin etdiyi idarəçilər xalq arasında ola biləcək üsyanlara qarşı sərt tədbirlər görür, vergi yığmaq məsələsində də heç bir güzəştə getmirdilər. Onların hakim dairələri ilə əməkdaşlıq edən yəhudi iqtidarına buna görə xoş münasibət göstərir, onlara qarşı yönələn üsyanları amansızlıqla cəzalandırırdılar.

Hz. İsa dövründəki kiçik yəhudi milləti qədim dünyanın bir-biri ilə davamlı şəkildə müharibə aparan Misir, Assuriya, Babilistan, Pers və Suriya kimi böyük imperatorluqlarının təhlükəli sərhədlərində yerləşirdi. Yəhudilər buna görə də müstəqil bir dövlət kimi uzun müddət tab gətirə bilməmiş, Babil sürgünündən (b.e.ə. 586-538) etibarən əcnəbi qüvvələrin hakimiyyəti altında qalmışdılar. Onlar ellinizm dövründə əvvəlcə misirlilərin, sonra suriyalıların və sonuncu dəfə də romalıların hakimiyyəti altında qaldılar. Sadəcə qısa bir dövr davam edən bir yəhudi krallığı qurulmuşdu. Onlar rahib əsilli bir ailə olan makabilərin başladığı üsyandan sonra (b.e.ə. 167-142) bir müddət hakimiyyət qurmağa nail olmuşdular. Təxminən 80 il davam edən bu hakimiyyətləri boyunca Haşmonay ailəsi geniş bir ərazidə hakim olmuşdu. Amma öz aralarındakı dəhşətli liderlik mübarizəsi nəticəsində bu hakimiyyət süqut etdi. Əvvəlcə rəqib partiyaların dəstəyini alan romalı general Pompey b.e.ə. 63-cü ildə Qüdsü işğal edərək Fələstinə daxil oldu və yəhudilərə məxsus olan torpaqları Yəhudiyyə (Yudea) bölgəsi ilə məhdudlaşdırdı.

Haşmonay kralı II Hirkanos isə romalıların vassalına çevrilərək məhdud sərbəstliyə malik oldu. Bu tarixdən etibarən yəhudi xalqının içində bu bütpərəst hakimiyyətə qarşı narazılıqlar başlandı. Romalılar b.e.ə. 37-ci ildə bu krallığa son qoydular. II Hirkanosun kürəkəni Herod romalılar tərəfindən Yəhudiyyə kralı təyin edildi.

GERİ
image